Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:09

Hökm yumşaldıldı- İcra başçısının oğlunun törətdiyi qəza


İllüstrasiya
İllüstrasiya

►Vəkil: “Bu adamın idarə etdiyi yük maşınını arxadan gəlib vurublar. O, arxadan gələnin niyyətini, hərəkətini qabaqcadan necə bilə bilərdi?”

Nəsimi rayonunun icra başçısı Asif Əsgərovun oğlunun törətdiyi yol qəzasına görə həbs olunmuş Əhliman Süleymanovun barəsindəki hökm dəyişdirilib.

İlham Əsgərlinin idarə etdiyi avtomobillə toqquşmuş yük maşınının sürücüsü Əhliman Süleymanovun cəzası 6 ildən 4 il 6 aya endirilib.

İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində Qail Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

“ARXADAN GƏLƏNİN NİYYƏTİNİ NECƏ BİLƏ BİLƏRDİ?”

Hərçənd, qərardan əvvəl dövlət ittihamçısı çıxış edərək, Əhliman Süleymanov barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.

Apellyasiya məhkəməsinin qərarına əsasən, Əhliman Süleymanov 4 il 6 aylıq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. O, CM-nin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsilə təqsirli bilinir. Azərbaycan qanunvericiliyinə görə, ehtiyatsızlıqdan törədilən cinayətlərə görə verilmiş cəza beş ilə qədər olduqda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidi.

Əhliman Süleymanov hazırda Kürdəxanıdakı 1 saylı Bakı İstintaq təcridxanasında saxlanılır.

Ə.Süleymanovun vəkili Ramil Qocayev bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək:

"Çünki apellyasiya məhkəməsi, faktiki, hökmün əmələ aid hissəsinə qiymət vermədi, cəzaya aid hissəyə qiymət verdi. Əhliman Süleymanov heç bir cinayət törətməyib, 1 il 2 aydır ki, günahsız həbsdədir. Bu adamın idarə etdiyi yük maşınını arxadan gəlib vurublar. O, arxadan gələnin niyyətini, hərəkətini qabaqcadan necə bilə bilərdi?"

“BƏRAƏT VERİLMƏLİDİR”

Vəkil deyir ki, Əhliman Süleymanova bəraət verilməlidi. Əks halda, Avropa Məhkəməsinə müraciət edəcək.

Qəhrəman Süleymanov
Qəhrəman Süleymanov

Əhliman Süleymanovun atası Qəhrəman Süleymanov da oğlunun günahsız olduğunu deyir.

Yol qəzası 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. İlham Əsgərlinin atasının xidməti avtomobili olan "Mercedes S500" markalı maşın arxadan Əhliman Süleymanovun idarə etdiyi "Howo" markalı yük maşınına çırpılıb. Həmin vaxt "Mercedes"də olmuş Sənan Mirzəyev (İlham Əsgərli ilə sinif yoldaşı olublar-red.) dünyasını dəyişib.

Ötən il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əhliman Süleymanov 6 il, İlham Əsgərli isə 5 il 6 ay azadlıqdan məhrum edilib. Onların hər ikisi məhkəmə zalında həbs olunub.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

İlham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulov ötən ilin iyulunda Əhliman Süleymanovun cəzasını olduğu kimi saxlasa da, İlham Əsgərlinin cəzasını üç ilə endirib.

Ali Məhkəmə bu qərarı İlham Əsgərli hissəsində qüvvədə saxlayıb, Əhliman Süleymanova aid hissədə isə ləğv edərək apellyasiya məhkəməsinə qaytarıb. Ali Məhkəmənin həmin qərarı əsasında Bakı Apellyasiya Məhkəməsi yenidən həmin işə baxıb.

İlham Əsgərli isə ötən ilin noyabrında xəstəliyi səbəbilə məhkəmə qərarı əsasında həbsdən buraxılıb.

Onu da qeyd edək ki, iş üzrə zərərçəkmiş Maqsud Mirzəyev İlham Əsgərlinin cəzasının azaldılması və onun həbsdən buraxılmasından narazıdır. Bununla əlaqədar o, müxtəlif instansiyalara, o cümlədən prezidentə müraciət edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG