Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50

«Yeni Müsavat»: «Amerika danışıqlarda Dağlıq Qarabağın Azərbaycandan ayrılması yolunu tutub»


«Qarabağ münaqişəsinin həllində Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ələ almaq və Azərbaycan hakimiyyətinə təzyiq etmək cəhdləri hiss olunur». «Yeni Müsavat» qəzetinin müxbiri ilə söhbətində politoloq Elxan Mehdiyev belə deyib. O, bu təşəbbüskarlığın Azərbaycan üçün mənfi çalarlı olduğunu bildirib. Ekspertə görə, Amerika hökuməti danışıqlarda Dağlıq Qarabağın Azərbaycandan ayrılması yolunu tutub. Bu isə diplomatik terminlə Ermənistanın işğalına haqq qazandırmaq və münaqişənin hərbi yolla həllinə bəraət deməkdir. Elxan Mehdiyevin fikrincə, Azərbaycan rəsmilərinin müharibə bəyanatları verməsi də məhz bununla bağlıdır.

«525-ci qəzet»in əməkdaşı isə yazır ki, Amerika tərəfinin Ermənistana göstərdiyi yardımlar müqabilində tələblərindən biri də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır. Vaşinqton Yerevanla dialoqunda mütəmadi olaraq nəzərə çatdırır ki, Ermənistanın Qarabağ nizamlanmasında konstruktiv mövqe tutması və münaqişənin həll edilməsi bu ölkəyə daha artıq həcmdə yardımın ayrılması ilə müşayiət olunacaq. Müəllif qeyd edir ki, ABŞ hər il dövlət xətti ilə Ermənistana 75-80 milyon dollar maliyyə yardımı göstərir. ABŞ administrasiyasının 2007-ci il üzrə xarici yardımlar paketi layihəsində Ermənistan üçün bundan xeyli az, 50 milyon dollar vəsait nəzərdə tutulub. Bir sıra müşahidəçilərə görə, yardım məbləğinin azalması təkcə Ermənistanda demokratiya və islahatlar prosesinin deyil, həmçinin Yerevanın Qarabağ nizamlanmasındakı mövqeyinin də ABŞ-ı qane etməməsi ilə bağlıdır.


«Ayna» qəzeti xəbər verir ki, NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Bakını tərk etsə də, onu Azərbaycanda müşayiət edən ekspertlər qrupu aprelin 24-dək ölkədə qalacaqlar. Həmin ekspertlərdən birinin «Ayna»ya verdiyi məlumata görə, qrupa NATO-nun Cənubi Qafqaz üzrə əlaqə zabiti Romualdas Razuks rəhbərlik edir. Ekspertlər Azərbaycanın Xarici İşlər və Müdafiə nazirliklərinin nazir müavinləri səviyyəsində yaradılmış İşçi Qrupunun növbəti iclaslarında iştirak edəcək və ölkənin NATO standartlarına inteqrasiyası istiqamətində öz tövsiyələrini verəcəklər.


XS
SM
MD
LG