Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 10:07

«Bakı-Xəbər»: «Rambuye görüşündən sonra ABŞ-ın Qarabağ münaqişəsinin həllində mövqeyi müsbət tərəfə yönəlib»


Bu gün çıxan qəzetlər Azərbaycan prezidentinin Amerikaya gözlənilən səfərinə və iki ölkə arasında münasibətlərə xüsusi diqqət yetiriblər. Məsələn, «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Aqşin Şahinoğlu ABŞ-ın Azərbaycana hərbi yardımı artırması ilə bağlı qərarını təhlil edir. Müəllif yazır ki, Amerika Azərbaycanla hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir, bu isə əbəs yerə deyil, çünki Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin olunması Birləşmiş Ştatlar üçün vacib məsələdir. Azərbaycan isə regionda təhlükəsizliyin təminatçısı kimi çıxış edə bilər.

«Bakı-Xəbər» qəzeti də Azərbaycan-Amerika münasibətlərini təhlil edir. Qəzetin əməkdaşı Rasim Bayramov yazır ki, Rambuye qəsrində keçirilən görüşdən sonra Birləşmiş Ştatların Qarabağ münaqişəsinin həllində mövqeyi müsbət tərəfə yönəlib. Rasim Bayramovun fikrincə, bunun iki əsas səbəbi var. «Əvvəla, Vaşinqton yaxşı başa düşür ki, münaqişənin həll edilməmiş qalması onun regionda, eləcə də, Azərbaycanda artmaqda olan investisiyalarının gələcək taleyi üçün təhlükədir. Digər tərəfdən, hər an hərbi əməliyyatlar fazasına keçə biləcək münaqişə regionda daha böyük müharibə ocağının yaranmasına səbəb ola bilər», -deyə müəllif yazır. Təhlilçi ikinci səbəb kimi İran faktorunu göstərir. Onun fikrincə, İranın Xəzər dənizində atdığı bəzi addımlar Azərbaycanı narahat edir və bütün bunlar Vaşinqtonda keçirilən görüşlərdə müzakirə olunub.


«525-ci qəzet» ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bir sıra yeni təkliflər hazırlaması barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun açıqlamısını təhlil edib. Lavrov bunu erməni həmkarı Vardan Oskanyanla görüşdən sonra deyib. «525-ci qəzet»in əməkdaşı Vüqar Orxan ATƏT-in rusiyalı həmsədri Yuri Merzlyakovun «yeni təkliflərə Ermənistan müsbət yanaşır» fikrinin sual doğurduğunu yazır. «Əgər erməni tərəfi ortadakı təkliflər paketinə razılıqla yanaşırsa, onda həmin təkliflərin Azərbaycan üçün nə dərəcədə əlverişli olduğu barədə düşünmək lazımdır», - deyə müəllif bildirir. Vüqar Orxan yazır ki, Ermənistan rəsmiləri indiyə qədər verdikləri bəyanatlarda münaqişənin həlli ilə bağlı tələblərindən geri çəkilməyiblər və Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına heç bir halda razı olmadıqlarını deyiblər. Təhlilçinin fikrincə, Ermənistan tərəfi həmsədrlərin təkliflərini «ümumən bəyənirsə», onda bu təkliflərin mahiyyətini də ümumən təsəvvür etmək mümkündür.


XS
SM
MD
LG