Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:43

«Bakı xəbər»: «Amerikanın hakimiyyətə xəbərdarlıqları konkret tədbirlərlə əvəzlənə bilər»


«Yeni Azərbaycan» qəzeti ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Metyu Brayzanın Bakıya son səfərini təhlil edir. «Metyu Brayzanın Bakı bəyanatlarından çıxarışlar» başlıqlı məqaləsində Aqşin Şahinoğlu yazır ki, onun səfər çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlar balanslı deyildi. Müxbir fikrini cənab Brayzanın ABŞ-da "Dağlıq Qarabağ Respublikası"nın nümayəndəliyinin fəaliyyəti ilə bağlı bəyanatı ilə əsaslandırır: «M.Brayza hesab edir ki, Qarabağ regionundan olan təşkilatın ABŞ-da fəaliyyətində qeyri-qanuni heç nə yoxdur. ABŞ yalnız hər hansı bir təşkilatın fəaliyyəti Amerika qanunlarının əleyhinə yönəldikdə, ona qadağalar qoyur». A.Şahinoğlunun fikrincə, amerikalı diplomatın bu bəyanatı təəssüf doğurmaya bilməz. «ABŞ Dağlıq Qarabağ Respublikası adında qurum tanımır. Bəs, necə olur ki, tanımadığı bir qurumun nümayəndəliyinin fəaliyyətini yerli qanunlar tənzimləyir», –deyə müəllif sual edir.

«Bakı xəbər» qəzetində isə Rasim Bayramovun «Amerikanın hakimiyyətə xəbərdarlıqları konkret tədbirlərlə əvəzlənə bilər» başlıqlı təhlili dərc olunub. Müəllif yazır ki, Amerika ilə Azərbaycan arasında qarşılıqlı səfərlərin çoxalmasının əsas səbəbi Dağlıq Qarabağ konfliktinin həlli və İran ətrafında mövcud vəziyyətlə bağlıdır. Müəllifin fikrincə, ABŞ son vaxtlar Azərbaycanla İranın münasibətlərinin genişlənməsindən narahat olmağa başlayıb: «Bildirilir ki, ABŞ-ın dövlət katibinin müavini Daniel Fridin Azərbaycana səfəri zamanı da bu məsələyə toxunulub. Ancaq bir məqam da dəqiqdir ki, əgər İrana qarşı BMT Təhlükəsizlik Şurasının irəli sürdüyü şərtlər yerinə yetirilməsə, tətbiq edilən sanksiyaları Azərbaycanın da yerinə yetirməsi ABŞ-ın diqqət mərkəzində olacaq. Həmçinin, o da aydındır ki, İran nüvə proqramından əl çəkməsə, ABŞ artıq bir neçə dəfə bəyan etdiyi kimi, başlayacağı hərbi əməliyyatlarda Azərbaycanı da yanında görmək istəyəcək». Amma təhlilçinin müşahidələrinə görə, hələ ki, Vaşinqton İranla əməkdaşlığını genişləndirməmək üçün Azərbaycana xəbərdarlıqlar etməklə kifayətlənir. Məqalədə deyilir ki, İran ətrafında yaranmış gərginlik bir qədər də dərinləşdikdən sonra bu xəbərdarlığın konkret təsir və təzyiqlə yekunlaşacağı istisna deyil.

«Azərbaycan» qəzeti isə «Molla Nəsrəddin» jurnalının işıq üzü görməsinin 100 illiyi münasibətilə filologiya elmləri namizədi Allahverdi Məmmədovun «Böyük ədəbi abidə tədqiqatlarda» başlıqlı məqaləsini dərc edib.


Müəllif yazır ki, «Molla Nəsrəddin»in ilk və ən obyektiv tədqiqatçısı elə Cəlil Məmmədquluzadənin özüdür. Ədib özünün «Xatiratım» əsərində jurnalın necə meydana gəldiyini aydın şəkildə göstərib. «C.Məmmədquluzadə və onun «Molla Nəsrəddin» jurnalı əsrin başlanğıcında Azərbaycan dilinin yad təsirlərdən qorunması işini özünün birinci dərəcəli vəzifəsi, borcu hesab edib. Dil məsələsinin jurnalda bu tərzdə ciddiliklə qoyulması tədqiqatçıların nəzərindən qaça bilməzdi. Azərbaycan dilçilik elminin çox istedadlı tədqiqatçılarından biri - Tofiq Hacıyev özünün doktorluq işini «Molla Nəsrəddin»in dili və üslubuna həsr edib və sonralar bu dissertasiyanı monoqrafiya kimi çap etdirib» - deyə müəllif yazır. Allahverdi Məmmədov «Mola Nəsrəddin»jurnalını müxtəlif dövrlərdə tədqiq edən alimlərin fikirlərindən sitatlar gətirir, jurnal haqqında deyilənlərin təhlil edir.


XS
SM
MD
LG