Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:38

İcazəsiz mitinqdə iştiraka görə cəza yenə sərtləşdirilə bilər


Bakıda icazəsiz aksiya, 2013

Bakıda icazəsiz aksiya, 2013

-

Azərbaycanda icazəsiz mitinq və yürüşlərdə iştiraka görə cəzaların yenidən ağırlaşdırılacağı gözlənilir. Bu barədə ölkənin bir sıra mətbu orqanları Milli Məclisə istinadən xəbər yayıblar.

Yada salaq ki, İnzibati Xətalar Məcəlləsinə oxşar ağırlaşdırıcı dəyişikliklər 2 il əvvəl edilmişdi. Hazırda icazəsiz mitinq və nümayişlərdə iştirak edənlər 1500 manatdan 3 min manata qədər cərimələnə və yaxud 2 aya qədər həbs edilə bilərlər.

"Qanunlara mürtəce maddələr əlavə edilir"

Belə məlumatları dəyərləndirən Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı Azadlıq Radiosuna deyib ki, onsuz da Azərbaycanda son illər bütün qanunlara mürtəce əlavələr edilir:

“Görünür hakimiyyət xalqda narazılığın artdığını açıqca görür. Belə mürtəce addımlarla xalqın narazılıqlarının genişlənməsinin qarşısını almaq istəyirlər. Məqsəd aydındır…”

Müsavat Partiyasının funksioneri siyasi vəziyyət baxımından Azərbaycanla Ermənistan arasında paralellər aparır:

“Hər gün AzTV Ermənistandakı kütləvi aksiyalarla bağlı reportajlar verir. Məgər Azərbaycanda problemlər yoxdur? Xalq narazı deyil? Sadəcə, Azərbaycanda sərbəst toplaşmaq azadlığı daha çox boğulur.”

Buna da bax: ​Heydərovlarla bağlı holdinq şişir​

"Xalqın gözünü qorxutmaq istəyirlər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı isə yada salır ki, bundan əvvəl icazəsiz aksiyalarda iştirakına görə, 2 min 500 manata qədər cərimə edilib. O, hər necə olursa-olsun mübarizələrini bundan sonra da davam etdirəcəklərini bildirir:

"Bununla xalqın gözünü qorxutmaq istəyirlər. Ancaq biz bundan sonra da demokratiyanın boğulmasına və korrupsiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

Bundan əvvəl İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilərkən hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri bildirmişdilər ki, zaman keçdikcə cərimələrin sərtləşdirilməsinə baxılmalıdır. Azərbaycanda kütləvi aksiyalarda iştirak “Sərbəst toplaşmaq azadlığı haqqında» qanunla tənzimlənir. Onlar hesab edirlər ki, əgər müxalifət kütləvi aksiyalar keçirmək istəyirsə, qanun tələblərindən kənara çıxmamalıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG