Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:17

Hutilər Məkkəyə uzunmənzilli raket atmaqda suçlanırlar


Yəmən, huti döyüşçüsü

Yəmən, huti döyüşçüsü

Səudiyyə Ərəbistanı Məkkəni hədəf alan ballistik raketin qarşısını aldığını iddia edir. Yəmənli üsyançılar bu ittihamı rədd edirlər.

Səudiyyə Ərəbistanı huti üsyançıları sərhədin 500 kilometrliyindən Məkkə şəhərini hədəfə alan uzunmənzilli ballistik raket atmaqda ittiham edir.

Üsyançılar və onların müttəfiqi İran bu ittihamları qətiyyətlə rədd edirlər.

Şiə döyüşçülərlə mübarizədə Yəmən hökumətini dəstəkləyən hərbi koalisiya raketin Məkkədən 65 kilometr uzaqda "saxlanıb məhv edildiyini" bildirib.

Buna da bax:​ İrana casusluq edən iki Yəmənliyə ölüm hökmü kəsilib

Raket Məkkəni vursaydı...

Səudiyyə Ərəbistanı 2014-cü ildə Yəməndə hakimiyyəti devirərək, paytaxt Səna da daxil, ölkənin xeyli hissəsini ələ keçirən hutilərlə bir sıra sərhəd toqquşması yaşayıb. Raket Məkkəni vursaydı, bu, münaqişə dövründə Səudiyyə Ərəbistanına dəyən ən böyük zərbə olardı.

Huti lideri Mohammed al-Bekheity raketin Məkkəni hədəfə aldığını inkar edib:

"Biz mülki əhalini hədəfə almırıq. Müqəddəs əraziləri də hədəfə almırıq".

Al-Bekheity-nin sözlərinə görə, koalisiya belə ittihamlarla müsəlman və dünya ictimaiyyətinin dəstəyini qazanmaq məqsədi güdür.

Hutilərə bağlı "SABA" xəbər agentliyi bildirib ki, raket Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki hava limanını vurub. Ancaq hava limanının rəsmisi Abdulmalak Alsham "Al Jazeera"ya deyib ki, hava limanına raket zərbəsi dəyməyib.

Buna da bax: İran ballistik raketlərin sınağını keçirib

Raket Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Saada əyalətindən atılıb. Səudiyyə ordusu üsyançıların raketin atıldığı ərazidəki mövqelərinə hava zərbələri endirib.

Bu, oktyabr ayı boyunca üsyançıların buraxdığı ikinci belə raketdir.

Oktyabrın 9-da koalisiya qüvvələri Səudiyyədəki Taif hava bazası yaxınlığında bir raketi saxladığını bildirmişdi. Taif Məkkənin 70 kilometrliyində yerləşir.

Birində “Skad”, o birində “Patriot”

Hutilər və müttəfiqlərinin, o cümlədən Yəmənin keçmiş prezidenti Ali Abdullah Saleh-ə sadiq qüvvələrin əlində sovet vaxtından qalma “Skad” raketlərinin olması barədə şübhələr var. Onların sərəncamında Yəməndə düzəldilmiş raketlərin olduğu da deyilir.

Buna da bax:​ Yəmənə silah aparan İran gəmisi tutulub

Səudiyyə ordusu isə ABŞ istehsalı olan yer-hava tipli "Patriot" raket sistemlərindən yararlanır.

Hutilərin iddia olunan raket hücumundan sonra Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Sheikh Abdullah bin Zayed al-Nahyan İranı tənqid edib. Müttəfiqlər Tehranı üsyançıları silahlandırmaqda suçlayırlar.

“Həqiqətənmi İslam rejimidir?”

"İran rejimi Məkkəyə raket atan terrorçu qrupu dəstəkləyir... Bu, həqiqətənmi, iddia etdiyi kimi, İslam rejimidir?" - Nahyan “Twitter”də belə yazıb.

Buna da bax:​ Şimali Koreya 3 ballistik raketin sınağını keçirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Ghasemi bu ittihamları rədd edib və hutilərin Məkkəni hədəfə alması barədə iddiaları "gülünc" adlandırıb.

"Biz Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəsmilərinə tövsiyə edərdik ki, İslamın müqəddəs yerlərindən öz çirkin siyasi niyyətləri üçün istifadə etməsinlər". İranın ISNA agentliyi Ghasemidən bu sitata diqqət çəkib.

Günün bütün mövzuları

XS
SM
MD
LG