Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:12
"Tanınmışlar"ın budəfəki qonağı «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabuldu. Azərbaycan vətəndaşı olmasa da, onu ölkədə demək olar ki, hamı tanıyır. Son vaxtlar rəhbərlik etdiyi şirkətlə bağlı səslənən fikirlər, cənab Arabulun özü haqqında kütləvi informasiya vasitələrində gedən ziddiyyətli materiallar cəmiyyətdə birmənalı qarşılanmır. Əlbəttə ki, haqqında deyilənlərə və yazılanlara şərh vermək fikrində deyilik, ancaq hesab edirik ki, Azərbaycan vətəndaşının dörd il ərzində iş adamı kimi tanıdığı Hüseyn Arabulu bir insan kimi incələməsinə də ehtiyac var.

- Hüseyn bəy, ilk növbədə bilmək istərdik: Türkiyənin harasından başlayıb sizin həyatınız və necə davam edib?


- 1940-cı ildə Türkiyənin İzmirə yaxın qərbində - Quş adası qəsəbəsində anadan olmuşam. 7 yaşında atam dünyasını dəyişdi və anamla birlikdə şəhərə oxumağa getdim. Bu, atamın anama vəsiyyəti imiş. Quş adasında o zaman orta məktəb yox idi. İzmirdə liseyi bitirdim, sonra Ankarada tanınmış Orta Doğu Texnik Universitetinin elektron bölməsinə daxil oldum, müdafiə etdim.


- Bəs işləməyə, pul qazanmağa nə vaxt başladınız?


- Atam dünyasını dəyişəndən sonra - 7 yaşında pul qazanmağa başladım. Kimsəsiz və ya normal bir uşaq Türkiyədə ancaq hər kəsin bacardığı bəsit işlərlə pul qazana bilir. Səhər sübhdən - saat 5-də çörək alıb yığardım qolumun üstünə və məhəllələri gəzib satardım, ordan əldə etdiyim pullarla məktəb xərclərimi çıxardardım. Amma böyüdükcə sinif yoldaşlarıma və aşağı siniflərə dərs deyirdim, əsasən riyaziyyat və fizikadan və bunun əvəzində ərzaq alırdım, ya yumurta, ya da toyuq, bəziləri pul da verirdi. Daha sonra yaz aylarında bir çox yerlərdə amerikalıların yanında işlədim. Sonra universitet imtahanlarına qatıldım, hamısını qazandım. Əslində, Almaniyanı da qazanmışdım, amma rəhmətlik anam qoymadı, dedi ki gedəcəksən, bir sarışın qız gətirəcəksən, mən onu başa düşə biləcəm, ya yox, o almanca danışacaq, başıma problem açma dedi, mən də onun üzündən getmədim və Ankarada oxudum.


- Yəqin təhsil xərclərinizi ödəmək o qədər də asan deyildi.


- Əlbəttə, universitetdə oxumaq asan başa gəlmirdi, onun xərci var idi - yemək, kitab almaq, qalmaq və s. Mən bunların hamısını fikirləşdim və bir gün mənə məktub gəldi...


- Kimdən gəlmişdi məktub?


- Mən də bilmirdim kimnən gəlmişdi, üstündə adı yazılmamışdı, hətta adresi də yox idi. Məktubda yazılmışdı ki, Hüseyn bəy mən səni çox yaxşı tanıyıram, ancaq sən məni tanımırsan, tanımağın da mənası yoxdur, bundan sonra sənə hər ay 250 lirə göndərəcəm, (o zaman da 250 lirə 125 dollar idi) sən axtarma ki, bunu kim göndərir. Sənnən iki şey istəyirəm - bir dərslərini yaxşı oxu, ikincisi isə universiteti bitirəndən sonra imkanın olarsa belə köməklik et. Bu, çox maraqlı idi və həqiqətən də hər ay mənim ünvanıma 250 lirə müntəzəm olaraq gəlirdi. Aradan bir il keçmədi, özüm iş görməyə başladım. Mənim o zaman görə biləcəyim yaxşı iş müəllimlik idi, dərs dediyim uşaqlar da çox qısa zamanda bacarıqlı olurdular, bu da qulaqdan-qulağa yayılırdı və mən də 2-3 saat müəllimlik edərək o zaman yüksək bir məmurun pulunu qazanmağa başladım və artıq bu 250 lirə məni narahat etməyə başladı.


- Sonralar öyrənə bildiniz, bu pulları kim göndərirmiş?


- Öyrəndim və tapdım. Bunu göndərən bir iş adamı idi. Onun bir bacarıqsız uşağı bizim universitetdə oxuyurdu, o da bir bacarıqlı uşağa köməklik etmək istəyirdi, direktordan soruşmuş və mənim adımı vermişlər. Mən də getdim həmən əfəndinin yanına, dedi nədən gəldin, dedim üzr istəyirəm, mənim artıq bu pula ehtiyacım yoxdur. Nədən - mənə sual verdi, dedim ki, mən özüm iş görürəm və bir halda ki, pul qazanıram mənim bu pulları götürməyim düzgün çıxmır, izn verin, bu pulları başqasına verim, ya da özünüz başqasına yardım edin. O, mənim iki yanağımdan öpdü və təşəkkür etdi. O zaman qatarla İngiltərəyə getməli idim, həmən əfəndi mənə təyyarə ilə getməyə bilet verdi. Bu, mənim üçün həyatımın ən önəmli nöqtələrindən biri idi.


- O zaman neçə yaşınız vardı?


- 17.


- Bəs sonralar özünüz kimlərəsə kömək etdiniz?


- Bu tip ehtiyacı olan insanların 10000-ini oxutmuşam. Mən qazandığım hər pulu köməkliyə sərf etmişəm. Mənim sərvətim, banklarda milyon dollarlarım yoxdur, mən investisiya yatırmışam, bu da müəllimlikdir. Çünki mənim fikrimcə, ən böyük investisiya insan resursudur, kadrıdır. Bütün Türkiyədə mənim təhsil fondlarında sədrliyim var. Ankarada 3-5 milyona bir məktəb açıb dövlətə təhvil verdim. Quş adasında eyni şəkildə açdığım bir fond var, təhsil fondu, o da eyni şəkildə uşaqlar yetişdirir. Orta Doğu Texniki Universitetinin təhsil inkişaf fondu var, onun da qurucusuyam. Mən belə işlərdən zövq alıram. Müəllimlik mənim ən böyük sevgimdir.


- Hüseyn bəy, ilk böyük paranı nə vaxt qazandınız? Yəni, işə başlamaq üçün yetərli puldan danışıram.


- Əsgərlikdə olarkən, bizdə hərbi iki ildir, gecələri boş durmamaq üçün zabitdən icazə alıb onun otağında 2 kitab yazmışam. Bu kitabları dövlətə satdım, daha doğrusu, verdim və onlar mənə çoxlu pul - 150 min lirə verdilər ki, bu da 150 min dollar kimi idi. 1966 və 1968-ci illərdə iş həyatımın kapitalı bu pullar idi.


- Özünüzü imkanlı, zəngin adam hesab edirsiniz?


- İndi mənim əlimdə nə varsa hamısını bölüşdürürəm, yəni, mənim üçün imkan o qədər də önəmli deyil. Məncə, imkan cibindəki pul deyil, imkan ürəkdəki və başdakı varlıqdır və mən hər zaman ürəyimdə də, başımda da insanlarla paylaşmanın son dərəcə faydalı olduğunu və insanlığın təməl dirəyi olduğunu düşünürəm. Yoxsa aman villalar, təntənəli maşınlar, şəxsi gəmilər olsun, bunu istədiyin zaman istədiyin yerdə edə bilərsən.


- Ananız Almaniyadan sarışın qız gətirməyinizdən ehtiyatlanırdı, sonra sizin seçdiyiniz qadın sarışın olmadı ki?


- Bir gün anam dedi ki, bir qız var, onun dərs problemi var kömək edərsən, dedim anacan sən dedinsə edərəm. Gənc bir qız gəldi. Mən universitetdə oxuyanda, o liseydə təhsil alırdı. Yaz tətilində evdə ona dərs verdim və tanış olduq. Yəni, hər tanış olduğumla evlənmədim, amma bu könül, hiss məsələsiydi. Belə tanış olduq, sarışın deyildi, qaraşın idi.


- Bacıdan, qardaşdan nəyiniz var?


- Bacım var, mənnən dörd yaş böyükdür, məktəbi qurtardı, daha sonra oxumadı, evləndi həyatını davam etdirdi. İndi İzmirdə qızı ilə birlikdə qalır, yoldaşından ayrıldı. Onlar da mənim himayəm altındadırlar.


- Bəs öz ailəniz neçə nəfərdən ibarətdir?



"Azadlıq" radiosunun müxbiri İlqar Rəsulun Hüseyn Arabulla müsahibəsi, 29 Mart, 2006
- Mənim sevimli yoldaşımdan başqa 3 övladım var, ikisi oğlandır, onlarla fəxr edirəm. Çünki onların hamısı son dərəcə təmiz, düz, şəffaf və təhsillərində müntəzəmdirlər. Böyük oğlum Avstriyada Vyana Texniki Universitetində, sonra Orta Doğu Texniki Universitetində oxudu. İndi Ankarada zavodların birinin başında durur. Qızım arxitektor olaraq məzun oldu. Kiçik oğlum da elektrik mühəndisidir və İngiltərənin Bat Universitetinin məzunudur. Mənim ailəm qapalı bir ailə tipidir, amma son dərəcə bir-birinə bağlı və bir-biri üçün canlarını verə biləcək bir insanlardılar.

- Hüseyn Arabulun Azərbaycana işləməyə gəlməsi necə oldu?


- 1993-cü ildə Ankarada bir toplantı oldu. Mən Türkiyənin energetika naziri olduğum üçün bu toplantıya ev sahibliyi edirdim. Orada Qara Dəniz İşbirliyi Ölkələrinin elektriklə bağlı çalışma qurğusunun prezidenti seçildim və azərilərlə söhbət edəndə dedik ki, toplantının birini də Azərbaycanda keçirək. Qəbul etdilər, gəldik burada keçirtdik. Sonra xoşuma gəldi və mən iş görən uşaqlarıma dedim gedin, Azərbaycanda iş görün, ticarət edin. Amma əsas gəlişimiz 2001-ci ildə rəhmətlik Heydər Əliyevi ziyarətimlə oldu. Heydər bəyin yanına cümhurbaşqanı Süleyman Dəmirəl göndərmişdi, dedi, get, onun sorğularına cavab ver. Cənab Dəmirəlin istəyilə Heydər bəyin yanına gəldim, o, suallar verdi, cavab verdim, daha sonra bura dəvət etdilər gəldik, söhbətləşdik, qəbul etdik və işə başladıq. Belə Azərbaycanda 4 il keçdi.


- Gəlişinizə peşman deyilsiniz ki?


- Yox, peşman deyiləm. Mən Azərbaycana çox ciddi niyyətlərlə gəldim. Bura yeni bir cümhuriyyət, sovetlərdən ayrılmış, amma enerji sistemi və texnologiyası mənə görə köhnədir və burada çox gözəl işlər görülə bilər. Mənim bir şeyi incələməm, köməklik etməm, yeni bir şeyə adımı yazmağım üçün çox gözəl idi. Mən istədiklərimi bu şərtlər altında gördüm, amma daha yaxşısını görə bilərdim. Görə bilməməyimin səbəbi şərtlərin tam uyğunlaşmamasıdı. Azərbaycan – enerji böhranını yaşamaması gərəkən bir ölkədir, çünki Allah ona bu imkanları vermiş, əlbəttə, göydən zənbilnən göndərməmiş, sadəcə, bu vətən üçün çalışanlar, savaşanlar, şəhid verən insanlar var. Bu insanlar sayəsində bu gün Azərbaycanın torpaqları meydana gəlmişdir. Bunlara sahib çıxmaq Azərbaycan üçün çox önəmli, amma enerji üçün bu torpaqlar çox münbit, çox gözəl, onları yaxşı işlətmək lazımdır. Azərbaycan xalqı bunu da işlədəcəkdir, amma bu anda inanılmaz dərəcədə düz istifadə edilmir, yanlışdır və enerji sistemi təzələnməli, düzəldilməlidir. Azərbaycan buna qabildir, amma mən də əlimdən gələni etdim. 67 milyonluq investisiya buraxdım, bu vaxt ərzində bu investisiya üçün çox şeylər deyən oldu, heç bir şey etmədi dedilər. Amma heç bir şey etmədi deyənlər özləri bu 67 milyon əvəzinə 167 milyon sərf etmiş olardı. Çünki biz bu işi birlikdə ekonomik görürük.


- Bəs niyə belə deyirlər, sizcə bu ittihamların, heç nə görmədi kimi fikirlərin söylənilməsində məqsəd nədir?


- İndi bir şey deməyəcəm, çünki hər şey göz qabağındadır. Mənə niyə bu ağ kostyumu geyirsən deyərkən, mən baxıram qara kostyuma, fikirləşirəm ki, ya bu adamın gözləri və yaxud ağlı pozulub.


- Hüseyn bəy, yaxşılıqdan danışırıq, heç haqsızlıqla qarşılaşmamısınız ki?


- Həyatım boyunca haqsızlığa qarşı mübarizə etdim. Mən haqsızlıqla əldə edilən mənfəətin nə vaxtsa Allahın alacağına inanıram. Hər halda siz bu haqda mənnən soruşursunuz, bunun səbəbi mənim gördüyüm bu mübarizələrdən dolayıdır, əgər görməsəydim Azərbaycan xalqı məni tanımazdı.


- Həyatınızın hansı mərhələsində - Türkiyədə, yoxsa Azərbaycanda haqsızlıqla qarşılaşdız?


- Türkiyədə mən çox az haqsızlığa rast gəldim, burda bir az çox.


- Bu, sizin şəxsi münasibətinizdir, yoxsa elektrik işinin özünün mahiyyəti belədir?


- Mənim nə siyasət, nə də başqasının şəxsi işi ilə heç bir işim yoxdur. Onun üçün də gördüyüm işlərdə bir çarpılıq və qeyri-səmimiyyət yoxdur. Əgər mənə haqsızlıq edilirsə, demək gördüyüm işə haqsızlıq edilir.


- Hüseyn bəy, siz özünüz necə haqsızlıq, yanlışlıq etmisiniz, ya yox?


- Əlbəttə, elə bir insan yoxdur ki, bunu etməsin, istəmiyə-istəmiyə etmişəm, şərtlər onu gərəkləndirmişdir, amma mənim etdiyim haqsızlıq heç bir zaman insanların özgünlükləri ilə bağlı olmamışdır. Mənim haqsızlıqlarım rəhbərlərimə inanaraq verdiyim qərarlarda davrandığım zamanlar olub. Çünki 1000-ə qədər insan çalışdırırsan, bunlarla bağlı verdiyim qərarlarda rəhbərlərə inanmaq məcburiyyətindəyəm. Yəni, rəhbər şəxs verdiyi qərarlarda hər zaman 100 faiz doğru etməyə bilər.


- Kimin nəyisə düz etmədiyinin bəlli olacağına əminsinizmi?


- Mən ona inanıram. 100 faiz də olmasa, 90 faiz edilən haqsızlıqlar, gün gələr ortaya çıxa bilər. Sitat var: Zülmün topu mütləq geri dəyər.


- Bundan başqa, bir qanunsuzluq da var. Olubmu belə şeylər.


- Ola bilər.


- Çünki son vaxtlar sizi ittiham edirlər.


- Bir ağac meyvə verməzsə, o zaman daşlanmaz deyərlər. İşi, onun maliyyə, vergi – hərtərəfi var, hamısını özüm görməsəm də, rəhbərlik edirəm. Bununla bağlı edilən yanlışlıqlar, xətalar ola bilər. Buna kimsə yox deyə bilməz. Amma əsas önəmli olan burada yaxşı niyyətlərdir. Bu varsa edilən maddi səhvdir, o da düzəlir.


- Biz bayaqdan danışırıq. Deyəsən, övladlarınız zəng edir. Özü də narahatdırlar.


- Buradakı xəbərlərdən onlar məmnun deyillər. Deyirlər, Türkiyədə hər şeyin var, Azərbaycanda nə edirsən, geriyə qayıt.


- Bakıdan getsəniz, nə edəcəksiz, yəni bir müddət istirahət, yoxsa yenə də iş?


- Əgər mən iş görürəmsə, öləndə də iş görərkən öləcəm.


- Ola bilər ki, yaxın vaxtlarda Azərbaycandan gedəsiz?


- Ola bilər. Artıq normal şərtlər şəklində bu işi dövlətə təslim etmək istəyirəm. Yəni, artıq daha işləmək istəmirəm.


- Belə çıxır ki, Azərbaycandan inciyib gedirsiz?


- Yox, bu bir işdir. Burada inciklik yoxdur. Burda narahat olan, işimdən məmnun olmayan insanlar vardır. Bir qrup insanlar var ki, mənim iş görməyim onların mənfəətinə və xoşlarına gəlmir. Belədirsə mən niyə davam edirəm ki, burda mənim əsas məqsədim pul deyil. İstəmirlərsə, əlbəttə ki, getmək olar.


- Əgər burda işləməyinizi istəməyən adamlar varsa, gedəcəyiniz təqdirdə, onlar öz istəklərinə çatacaqlar?


- Əlbəttə, bir tərəfdən düz deyirsiz, amma mən məmnun gedirəm. Çünki işlərimi gördüm. Oturacağıq, danışacağıq, bizim müqavilələrimiz var, bunun əsasında söhbət edib, axırda qərar çıxaracağıq. Bu qərar da yaxın zamanlarda olacaq.


- Amma siz gələndə 4 yox, 25 illik müqavilə bağlamışdınız.


- Müqaviləni mən pozmuram.


- Hər halda pozulursa, deməli, pozan var.


- Müqaviləni pozmaq istəyənlərə hörmət edirəm. Çünki istənilməyən yerdə oturmağın mənası yoxdur.


- Güman edirəm ki, getsəniz Bakıya yenə gələcəksiniz.


- Əlbəttə, ola bilər. Problemlər olsa, biz onları çözə bilərik. Bəzi məsələlər ola bilər ki, bizdən kömək istəyə bilərlər, biz də kömək edərik. O zaman nə edəriksə, professional ruhda edərik, çözərik və pulumuzu alarıq.


- Azərbaycansız, Bakısız darıxacaqsız? Axı 4 il az müddət deyil.


- Mən bütün dünyanı gəzdiyim üçün istədiyim vaxt gələ bilərəm, problem deyil. Azərbaycanı çox sevdim. Əsas da Sumqayıt və şimal rayonlarını gəzdim, insanları ilə söhbət etdim. Çox yaxşı insanlar idi. Buranı xatırlayacağam, «Azərbaycan 4 il» – belə bir kitab da yazmağı planlaşdırıram. Əsas odur ki, 10-15 adamlara görə, heç bir zaman bütün azərbaycanlı qardaşlarımdan üz döndərmərəm.


XS
SM
MD
LG