Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:26

Azərbaycanda baş alıb gedən hədə-qorxu və həbslər referendumla bağlı debatları önləmək niyyəti güdür. «Human Rights Watch» insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktor müavini Rachel Denber sentyabrın 16-da dərc olunmuş məqaləsində belə yazır.

Müəllifi diqqəti 26 yaşlı bloqqer Mehman Hüseynovun həbsi zamanı baş verənlərə çəkir. Bloqqer sentyabrın 10-da evindən polis məntəqəsinə aparılıb, onu dindirib, işgəncə ilə hədələyiblər. Buraxılanda isə polis rəisi ona, «get və nə baş verdiyini yaz» deyib, onu mitinqdə gözləyəcəklərini bildirib.

«HÖKUMƏT HƏR İKİ YOLA ƏL ATIB»

Rachel Denber yazır ki, avtoritar dövlətlər tənqidçini susdurmaq istəyəndə, bunu «ya sakitcə, ya da həyasızca edirlər. Azərbaycan hökuməti bu gün hər iki yola əl atıb».

Polisin Hüseynovla «dostyana» söhbəti referenduma etiraz mitinqindən bir gün əvvəl olub. Müəllif güman edir ki, polis bununla bloqqerin oxucularına təsir etmək, mitinqə getməzdən əvvəl bir daha düşünməyə vadar etmək istəyib. Amma Hüseynov bloqunda nə həbsi, nə də ona hədələr barədə heç nə yazmayıb və müxalifətin ilk mitinqi planlandığı kimi keçib, sakitlik olub, kimsəni tutmayıblar.

Buna da bax-Pоlislər mitinqçiləri bеlə sаxlаdı

Ancaq müxalifətin sentyabrın 17-si və 18-nə planlanan mitinqinə qədər 9 şəhərdə 38 siyasi fəal ya həbs olunub, ya da məhkəməyə çağırılıb. «Mesaj aydındır: Mitinqə qatılmayın», - müəllif yazır.

Araşdırmaçı-jurnalist, insan haqları müdafiəçisi Xədicə İsmayılova siyasi fəalların vəkilləri və qohumlarından gələn telefon zəngləri əsasında siyahı hazırlayıb. Polis mitinqə qədər 27 fəalı həbs edib, 7 nəfər azad buraxılıb. İçəridə qalanların qohumları yaxında qeyri-müəyyən ittihamlar üzrə məhkəmələr olacağını gözləyirlər.

«DÖVLƏT XALQI NARAHAT ETMƏSİN»

Tutulanların çoxu Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri, bəziləri gənclərin NİDA Vətəndaş Hərəkatındandır.

Azərbaycanda sentyabrın 26-da konstitusiyaya düzəlişlər məqsədiylə referendum keçiriləcək. Düzəlişlər prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasını, prezidentliyə və deputatlığa namizədlərin yaş həddinin azaldılmasını, prezidentə parlamenti buraxmaq, bir neçə vitse- prezident təyin etmək səlahiyyətinin verilməsini nəzərdə tutur.

«Bu düzəlişlər Azərbaycanda siyasi sistemə böyük dəyişiklik edə, demokratik idarəçiliyə əngəl ola bilər. Ona görə də düzəlişlərin geniş müzakirəsinə ehtiyac var. Dövlət xalqı narahat etməməli, xalqın öz sözünü demək imkanının qarşısını almamalıdır», - «Human Rights Watch» belə yazır.

Bu il sentyabrın 26-da Konstitusiyaya 30-dək dəyişiklik ümumxalq səsverməsinə çıxarılacaq. Müxalifət bununla vətəndaşların hüquq və azadlıqlarının bir az da məhdudlaşdırılıcağını düşünür, hakimiyyətsə əksini iddia edir.

XS
SM
MD
LG