Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:23

«Azərbaycanda həbslər kəskin artıb. Hökumət tənqidçilərin və müstəqil qrupların sərt şəkildə susdurulması və təqibini davam etdirir». «Human Rights Watch» (HRW) beynəlxalq insan haqları təşkilatının Azərbaycan haqda oktyabrın 20-də açıqladığı yeni hesabatda belə deyilir.

HƏBSLƏRİN SƏBƏBİ

«Təqib, həbs, sürgün: Azərbaycan hökumətinin tənqidçilərinə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyətinə davamlı basqısı» başlıqlı 75-səhifəlik hesabatda qurum hökumətin vətəndaş cəmiyyətinin dağıdılması istiqamətində göstərdiyi cəhdlərdən bəhs edir.

HRW Azərbaycanda həbslərin artmasını ölkədəki iqtisadi böhran, devalvasiya, inflyasiya, eləcə də prezidentin səlahiyyətlərini artıran konstitusiya dəyişiklikləriylə bağlı narazılığın güclənməsiylə izah edir.

HRW araşdırmalar nəticəsində üzə çıxarıb ki, 2016-cı ildə Azərbaycan hökuməti, ən azı, 20 siyasi fəalı, o cümlədən, gəncləri həbs edib. Siyasi fəalları, eləcə də jurnalistləri məhkəməyə çəkmək üçün qondarma, siyasi motivli inzibati və cinayət ittihamlarından yararlanıb. Fikirlərinə görə tutulanlar qanunsuz narkotik maddə saxlamaqda, ya da qanunsuz biznes fəaliyyətində günahlandırılıblar. Bəzi fəallar isə Türkiyədə çevrilişə cəhddə ittiham olunan ilahiyyatçı Fethullah Gülen-lə əlaqədə təqsirləndirilərək həbs edilib.

Buna da bax-Gənclər bir günün içində necə 'narkoman' oldu?

XARİCDƏKİLƏR DƏ TƏQİB OLUNUR

HRW Azərbaycan hökumətinin bəzi məhbuslarla pis rəftar etdiyini, məhbusların döyüldüyünü, zorlanma, ya da yaxınlarına qarşı zorakılıqla təhdid olunduğunu, təkadamlıq kameralara salındığını, bununla onların törətmədikləri cinayəti etiraf etməsinə və cəzalanmasına nail olduğunu bildirir. Məsələn, keçmiş prezident Heydər Əliyevin heykəlinə şüarlar yazan gənclərin soyundurularaq döyüldüyünü və zorlanacaqları ilə hədələndiyini qeyd edir:

«Mühafizəkar şiələrin məskunlaşdığı və hökumətə qarşı tənqidi mövqeyinə görə tanınan Nardaranda isə təhlükəsizlik qüvvələri 68 nəfəri həbs edib… «Müsəlman Birliyi» Hərəkatının lideri Taleh Bağırov da tutulanlar arasındadır. Bağırov və daha 17 nəfər terrorçuluqda, çevriliş cəhdində, qanunsuz silah saxlamaqda və qətllərdə günahlandırılır. Onların hamısı məhkəmədə ifadə verməyə döyülərək məcbur edildiklərini bildiriblər».

Hesabatda bildirilir ki, 2015-ci ilin sonu və 2016-cı ilin əvvəlində Azərbaycan hökuməti bəzi insan haqları müdafiəçilərini azad etsə də, çoxları hələ də həbsdədir, ya da ölkədən qaçmalı olub. Amma hakimiyyət xarici ölkələrdən fəaliyyətə cəhd edənlərə də mane olur, onların yaxınlarını təqib edir, bəzilərinin yaxınlarına qarşı cinayət işi qaldırılır.

Buna da bax-Pоlislər mitinqçiləri bеlə sаxlаdı

SƏRBƏST BİRLƏŞMƏ AZADLIĞI

HRW hələ nə qədər siyasi fəalın, o cümlədən hökuməti tənqid etdiyinə görə həbsə atılmış müxalifət lideri İlqar Məmmədovun bütün çağırışlara rəğmən buraxılmadığını xatırladır. Azad edilənlərin də məhdudiyyətlərlə üzləşdiyini, bəzilərinin ölkədən çıxmasına qadağa qoyulduğunu bildirir. Məhbuslara yardım göstərməyə cəhd edən hüquq müdafiəçilərinin də hücumlara məruz qaldığı, hədələndiyi, bəzən hətta vəkillik adından məhrum olunduğu deyilir.

HRW bildirir ki, dövlətin qoyduğu qanuni məhdudiyyətlər, yeni qaydalar, QHT rəhbərlərinin təqibi Azərbaycanda müstəqil qrupların da işini iflic edib: «Tənqidçi QHT-lər, xüsusilə şəffaflıq, dövlət məsuliyyəti və insan haqlarıyla bağlı fəaliyyət göstərən QHT-lərin iş görməsinə şərait yoxdur».

Təşkilat Azərbaycan hökumətini təcili ölçü götürməyə, siyasi məhbusları, ictimai fəalları, jurnalistləri və hüquq müdafiəçilərini azad etməyə, hökuməti tənqid edənlərin və onların yaxınlarının təqibinə, vətəndaş cəmiyyətinin susdurulmasına, Azərbaycan xalqının sərbəst birləşmək azadlığına müdaxiləyə son qoymağa, QHT-lərlə bağlı qanunlara düzəliş etməyə çağırır.

BEYNƏLXALQ QURUMLARA TÖVSİYƏLƏR

Beynəlxalq aləmə gəlincə, HRW bəzi ölkələrin Azərbaycanın strateji mövqeyi və resurslarına üstünlük verdiyini, ona görə də hökumətin insan haqları öhdəliklərinə əməl etməməsinə göz yumduğunu vurğulayır. HRW Avropa Birliyi və Birləşmiş Ştatları Azərbaycan hökumətinə qarşı ciddi tədbirlər görməyə, Azərbaycan rəsmilərinə viza qadağası qoymağa, maliyyə institutları da daxil olmaqla, müxtəlif vasitələrdən istifadə edərək hökumətin vətəndaş cəmiyyətinə hücumunu dayandırmağa səsləyir.

Təşkilat neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına zərbə vurduğunu, hökumətin beynəlxalq maliyyə təşkilatlarından vəsait almağa çalışdığını qeyd edir və bu təşkilatları da durumdan yararlanmağa, hökumət vətəndaş cəmiyyəti və fəallara hücumlarını dayandırmayanadək ona birbaşa yardım etməməyə çağırır.

«Human Rights Watch» Azərbaycan haqda hesabatını 90-dan çox hüquq müdafiəçisi, müstəqil təşkilatların rəhbərləri, jurnalistlər, vəkillər, siyasi partiya fəallarıyla danışıqları əsasında hazırladığını bildirir.

Hələlik, hakimiyyət təmsilçiləri bu hesabatı şərh etməyiblər. Amma indiyədək beynəlxalq insan haqları qurumlarının oxşar bəyanatları, hesabatları hakimiyyətin sərt təpkisiylə üzləşib. Rəsmilər bu qurumları ölkəyə qarşı qərəzli mövqe tutmaqda suçlayır, Azərbaycanda bütün təməl insan hüquq və azadlıqlarının tam təmin olunduğunu bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG