Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:35

HRW Bakı Oyunları və repressiyalardan yazır


«Sərhədsiz Reportyorlar» təşkilatının İlham Əliyevin Almaniyaya səfərinə qarşı etiraz aksiyası – 21 yanvar 2015.
«Sərhədsiz Reportyorlar» təşkilatının İlham Əliyevin Almaniyaya səfərinə qarşı etiraz aksiyası – 21 yanvar 2015.

-

İyunun 12-də Azərbaycanda başlanan ilk Avropa Oyunları postsovet erasında misli görünməmiş repressiya mühitində baş verir. Belə bir bəyanatla iyunun 11-də «Human Rights Watch» hüquq-müdafiə təşkilatı çıxış edib.

Bəyanatda deyilir ki, hakimiyyət hökumətin onlarla tənqidçisini saxlayıb, bir neçə avropalı jurnalist ölkəyə buraxılmayıb. Həmçinin «Amnesty International» insan haqları təşkilatının Bakıda hesabat açıqlamasının qarşısı alınıb.

OYUNLAR TARİXƏ NECƏ DÜŞÜR

«Hökumətin repressiyası nəticəsində Avropa Oyunları hər cür yanlış hərəkətlərlə tarixə düşür», - bunu «Human Rights Watch»un Avropa və Orta Asiya üzrə direktoru Rachel Denber deyir. «Avropa Olimpiya Komitəsinin (AOK) hələ də şansı var ki, bu Oyunların hökumətin yol verdiyi pozuntularla ləkələnməsini əngəlləsin, vaxt gedir».

İyunun 12-dən 28-dək keçiriləcək oyunlarda 50 ölkədən 6 mindən çox atlet iştirak edir. HRW yazır ki, Avropa media qurumlarından azı 3 xarici jurnalistə akkreditasiya və viza verilməyib. Onlardan biri «Radio France Internationale»in Cənubi Qafqaz üzrə müxbiri Regis Gente-dir.

İyunun 10-da britaniyalı jurnalist Emma Hughes Bakı aeroportunda saxlanıb, ölkəyə buraxılmayıb. «Amnesty International» təşkilatına isə son anda bildirilib ki, Bakıya planlaşdırılan səfər təxirə salınsın. Denber deyir ki, media azadlığı Olimpiya hərəkatının məhək daşıdır və jurnalistlərə viza verməməklə Azərbaycan əsas qaydalardan birini pozur.

«Human Rights Watch» iyunun 5-də və 9-da AOK rəsmilərinə yazaraq onları bu məsələləri Azərbaycan hakimiyyəti ilə qaldırmağa çağırıb, ancaq əsaslı cavab almayıb. AOK-un akkreditasiya məsələlərinin həlli üçün hansısa addım atması bəlli deyil.

AOK GÜDAZA VERDİ

HRW öncə də AOK rəsmilərini Azərbaycan hökumətinə təzyiq göstərməyə çağırıb. AOK rəsmiləri media müsahibələrində deyiblər ki, «suveren dövlətə diktə edə bilməzlər».

«AOK və üzvləri Olimpiya Hərəkatının bir hissəsidir və Olimpiya Xartiyası ilə idarə olunur. Bu xartiyada media azadlığı üçün konkret təminatlar var», - bəyanatda deyilir.

Qurum daha sonra hökumətin xarici nəzarətin qarşısını almaq istəməsindən, ATƏT-in Layihə Koordinatoluğunu bağlamaq niyyətindən yazır.

«AOK Olimpiya Xartiyası öhdəliklərini yerinə yetirməməklə yanaşı, Azərbaycan hökumətinin dəyişməsi üçün ona təzyiq göstərmək kimi nadir fürsəti də qaçırıb», - Denber söyləyib. «Ən vacibi, AOK barmaqlıqlar arxasındakı jurnalistləri və fəalları güdaza verdi. Onlar AOK-un Olimpiya dəyərlərini müdafiə edəcəyinə bel bağlayırdı».

Hakimiyyət təmsilçiləri ölkədə media azadlığı da daxil olmaqla fundamental hüquq və azadlıqların tam təmin olunduğunu deyir. «Human Rights Watch», «Amnesty International» hüquq-müdafiə təşkilatları isə ölkəyə qarşı «gözdənsalma kampaniyası» aparmaqda ittiham olunur.

XS
SM
MD
LG