Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:20

HRW hesabatına deputatların reaksiyası


Hakimiyyət. Rəşid Şerif. Karikatura
Hakimiyyət. Rəşid Şerif. Karikatura

Hikmət Məmmədov: “Yerində olmayan çağırışdır”

“Azərbaycanda siyasi məhbus yoxdur. Ona görə “Human Rights Watch”un çağırışı da yerində deyil”. Parlamentin İnsan haqları komitəsinin üzvü, YAP-çı deputat Hikmət Məmmədov “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının Azərbaycanla bağlı çağırışını şərh edərkən belə eyib. Qurum Avropa Birliyi və Birləşmiş Ştatları Azərbaycan hökumətinə qarşı ciddi tədbirlər görməyə, Azərbaycan rəsmilərinə viza qadağası qoymağa, maliyyə institutları da daxil olmaqla, müxtəlif vasitələrdən istifadə edərək hökumətin vətəndaş cəmiyyətinə hücumunu dayandırmağa səsləyir.

Hikmət Məmmədov: 'Qeyri-ciddi” qeyri-hökumət təşkilatının çağırışını şərh etməyə dəyməz'
Gözlə

No media source currently available

0:00 0:00:19 0:00
Direct-ə keçid

Bundan başqa, “HRW” neftin qiymətinin düşdüyü bir vaxtda beynəlxalq maliyyə təşkilatlarından vəsait almağa çalışan hökumətə, vətəndaş cəmiyyəti və fəallara hücumlarını dayandırmayanadək yardım etməməyə çağırır.

Buna da bax:​ HRW: 'Azərbaycanda həbslər kəskin artıb'

Hikmət Məmmədov bunları “yerində olmayan çağırış” sayır. Onun qənaətincə, “qeyri-ciddi” qeyri-hökumət təşkilatının çağırışını şərh etməyə dəyməz və media da buna diqqət yetirməməlidir.

Rövşən Rzayev: “Ən böyük prioritet... ərazi bütövlüyüdür”

“Bunu erməni lobbisinin təzyiqi altında verilmiş çağırış kimi qiymətləndirirəm. Təəssüf ki, beynəlxalq təşkilatlar birtərəfli mövqe tuturlar”. Bitərəf deputat Rövşən Rzayev belə deyir.

Rövşən Rzayev: 'Bunu erməni lobbisinin təzyiqi altında verilmiş çağırış kimi qiymətləndirirəm'
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid

O, adıçəkilən qurumun, ümumiyyətlə, ölkədə insan haqlarının durumu ilə bağlı dediklərinə qəti etiraz edir. Və “HRW”-nın Azərbaycana qarşı “ədalətdən çox-çox kənar mövqedə dayanması” qənaətindədir.

“Azərbaycanda siyasi məhbus yoxdur və bununla bağlı ciddi qurumlarda, o cümlədən AŞPA-da müzakirələr gedib. Sübut olunub ki, ölkədə siyasi məhbus yoxdur... “Human Rights Watch”a sizin vasitənizlə demək istəyirəm ki, onlar Dağlıq Qarabağdakı separatçı rejimi daha demokratik rejim kimi qələmə verir. Bu cür təşkilatların heç bir hesabatına önəm verilməməlidir. Onları ədalətli mövqeyə dəvət etmək lazımdır. Azərbaycan inkişaf edən dövlətdir, özünün inkişafına uyğun siyasət həyata keçirir və onun ən böyük prioriteti ərazi bütövlüyüdür”, Rövşən Rzayev deyir.

Buna da bax:​ HRW: 'Hökumət hər iki yola əl atıb'

Deputat təşkilatı Azərbaycana qarşı “qarayaxma kampaniyalarından, ikili standartlardan” əl çəkməyə dəvət edir.

Fazil Mustafa
Fazil Mustafa

Fazil Mustafa: “Sanksiyalar effektli yol deyil”

“HRW-nın bəyanatı Azərbaycan mövzusunda hər il təkrarlanan bir hesabatdır. Son illərdə, xüsusən referendum dövründə xüsusi ajiotaj doğuran həbslər olmayıb. Yəni jurnalist və ya siyasi fəaliyyətinə görə həbs edilənlər yoxdur”. Deputat Fazil Mustafa belə deyir.

– Həbsdə yatanlar içərisində ən çox mübahisə doğuran İlqar Məmmədovla bağlı məsələdir. Avropa Şurasında da gündəmə gətirilən bu məsələdir. Çox güman, hökumət özü yaxın zamanlarda bu istiqamətdə addım atacaq.

Fazil Mustafa: 'Xüsusən referendum dövründə xüsusi ajiotaj doğuran həbslər olmayıb'
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00
Direct-ə keçid

– Bəs Əli İnsanovun məsələsi haqda nə demək olar?

– Əli İnsanovun işini hakimiyyət siyasi motivli məsələ kimi təqdim etmir. Onun siyasi fəaliyyətinə görə həbs edildiyi bildirilmir. Ola bilsin, məhkəmə prosesində qanun pozuntuları ilə bağlı iddialar var, bu da başqa məsələdir. Ancaq konkret olaraq, siyasi və ya jurnalist fəaliyyətinə görə həbsdən söhbət gedirsə, narahatlıq doğuran Xədicə İsmayılovanin həbsiydi, o da azad edildi. Bir çox şəxslər var ki, onlarla bağlı da müsbət addımlar atılacağına ümid edirəm.

– Qurumun sanksiya çağırışları haqda nə düşünürsüz?

– Bütövlükdə sanksiyalar yolu ilə nəyisə dəyişmək siyasəti effektli deyil. Həmin qurum Rusiyaya da sanksiya məsələsini qaldırıb. Rusiyanın Avropa Şurasında fəaliyyəti dondurulub. Amma buna rəğmən bir təsiri yoxdur. ABŞ burdan sanksiya tətbiq edir, ordan Suriya məsələsində əməkdaşlıq edir. Bu, bir az da anlaşılmayan siyasətdir. Bizim kimi kiçik ölkələrə sanksiya tətbiqi haqda çağırışların da məqsədi Azərbaycanı təhdid altında saxlamaqdır... Doğrudan da, ABŞ Yaxın Şərqdə, Liviyada, Suriyada, İraqda tənqid etdiyi məsələlərlə bağlı bu gün özü yeni nəsə tətbiq edirmi? Əksinə, bu ölkələri xaosa sürüklədi. Azərbaycana qarşı bu cür çağırışlar da dövlətin müəyyən dərəcədə zəiflədilməsinə xidmət edir. Əgər hakimiyyətə təsir göstərmək istəyirsənsə, özün Yaxın Şərq siyasətində demokratiyanı ali prinsip elan et. Bunu etmədən, hər yanda özünün enerji və təhlükəsizlik maraqlarını önə çəkirsənsə, Azərbaycan da öz təhlükəsizliyinə hardan narahatlıq hiss edirsə, onun qarşısını almağa çalışır. Hər kəs özünə görə addımlarını əsaslandıra bilər. Ona görə, açığı, bu hesabatı xoşniyyətli hesab etmirəm və inanmıram ki, insan haqlarının vəziyyətinə təsir edəcək. Əksinə, belə çağırışlar hakimiyyəti daha da aqressivləşdirir və atacağı addımlardan çəkindirir.

Buna da bax: 'Human Rights Watch'dan İlqar Məmmədov kampaniyası

– Deyirsiz ki, hər kəs təhlükəni hardan hiss edirsə, ordan özünü müdafiə etməyə çalışır. O zaman Azərbaycan hakimiyyəti də siyasi fəalları özünə təhlükə gördüyü üçün müxtəlif cinayət işləri adı altında həbs edirsə, buna haqq qazandırmaq olarmı?

– Yox, buna haqq qazandırmaq olmaz. Amma Azərbaycan hakimiyyəti iddia edir ki, həbs etdiyi insanlar xaricdən müəyyən proqramları reallaşdırmağa çalışırlar. Bu nə dərəcədə səhvdir, doğrudur, üzərində durmuram. İddia budur. Bütün siyasi fəalları həbs etmirlər ki, bütün qəzetləri bağlamırlar ki. Söhbət ondan gedir ki, hakimiyyət xaricdən yönləndirilən siyasi hərəkətlərə daha həssas davranır. Bu hakimiyyəti saxlamağın metodudur. Bir də könül istər ki, ölkədə insan haqlarının vəziyyəti ideal olsun. Bəzilərinin həbsdə yatmasının nə mənası var? Məsələn, İlqar Məmmədovun nə təhlükəsi var? Hakimiyyətin arqumenti fərqlidir. O da budur ki, ölkənin təhlükəsizliyi demokratiyadan daha öncə gəlir. Ona görə bəzi şəxslərin azadlıqlarının məhdudlaşdırılmasını bu kontekstdə qiymətləndirmək doğrudur.

– Mayda Heydər Əliyevin heykəli üzərinə şüarlar yazdıqları üçün həbs olunduqlarını, amma işgəncə və təhdid altında narkotik ittihamına qol çəkdiklərini iddia edən Qiyas İbrahimovla Bayram Məmmədov ya da “Müsəlman Birliyi” Hərəkatı liderinin və üzvləri də hakimiyyətə təhlükə mənbəyidirmi?

– Nardaranda həbs edilənlərin motivi ayrıdır. Onlar başqa ölkənin yönləndirməsi ilə ekstremizmin yayılmasına şərait yaradırlar. Onu digər məsələyə qatmaq düz deyil. Amma digər gənclərlə bağlı iddia varsa, bunun məhkəmədə sübutları ortaya qoyulmalıdır. Siyasi motivli həbs olduğu sübut edilərsə, bu iddiaları qaldırmaq olar. Amma indi formal da olsa, rəsmi versiyanı qəbul etmək zorundayıq. Məhkəmə qərarı yoxdursa, bu məsələnin üstündə bu qədər dayanmağa dəymir.

Buna da bax:​ 'Azərbaycanda yeni repressiyalar başlayıb' - HRW

– Siz Azərbaycanda məhkəmələrin ədalətli olduğuna inanırsızmı?

– Mən ümumiyyətlə, dünyada məhkəmələrin tam ədalətli olduğuna inanmıram. Qismən ədalətli var, orta ədalətli və ədalətsiz məhkəmə var. Azərbaycanda təkcə siyasi yox, lap mülki məsələlərlə bağlı da elə ədalətsiz qərarlar çıxarılır ki, adam dəhşətə gəlir. Amma müəyyən sahələrdə ədalətli qərarlara da şahid oluruq.

– Məhkəməyə dəlil-sübut qoyulmasının zərurətindən danışırsız. Adını bir neçə dəfə çəkdiyiniz İlqar Məmmədovla bağlı da məhkəmədə ortaya onun iğtişaşların iştirakçısı olması yönündə ciddi sübutlar qoyulmadı. Halbuki o, İsmayıllıya hadisələrdən sonra getmişdi. Amma məhkəmədən fərqli qərar görmədik.

– Hər halda, onun fəaliyyəti siyasi motivli fəaliyyətdir. Ona görə də məhkəmə qərar veribsə, dartışmanın mənası yoxdur. Avropa İnsan Haqları Məhkəməsi onun günahsızlığı haqda qərar veribsə, hakimiyyət də bu yöndə addımlar atmalıdır. Ümid edirəm ki, atılacaq da.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG