Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:19

►Avstriyada prezident seçkiləri yenidən keçiriləcək

"Biz müsəlmanların Avropanı qəsb etməsinə imlan verməməliyik"

Bunu deyən Norbert Hofer Avstriyanın prezidenti olmağa çox yaxın idi.

Amma maydakı seçkilərdə onun cüzi fərqlə uduzduğu elan edilmişdi.

Amma Avstriyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin yenidən keçirilməsi barədə qərar çıxarıb. Mayın 22-də keçirilmiş seçkilərdə millətçi Azadlıq Partiyasının namizədi məğlub elan edilmişdi.

İmmiqrasiyaya qarşı olan Azadlıq Partiyasının namizədi Norbert Hofer 30 min səs fərqi ilə uduzmasından sonra məhkəməyə müraciət edərək sayma prosesində pozuntulara yol verildiyi barədə şikayət edib. Səslərin ümumi sayı isə 4,5 milyondur.

Baş hakim Gerhart Holzinger iyulun 1-də Vyanada bildirib ki, şikayət təmin edilib. “Loru dildə bu o deməkdir ki, bütün Avstriyada bütün seçki prosesi yenidən təkrarlanmalıdır," hakim deyib.

Ümummilli seçkinin nəticələrinin ləğv edilməsi ölkədəki parçalanmanı artıra bilər. Artıq 22 may seçkilərində tərəflərdən birinin cüzi fərqlə məğlub olması bu parçalanmanı ortaya qoymuşdu. Yaşıllar Partiyasının dəstəklədiyi Van der Bellen Hoferə qalib gəlməsəydi, sonuncu II Dünya müharibəsindən bəri Avropada ilk populist dövlət başçısı olacaqdı. Konstitusiya Məhkəməsinin çıxardığı bu qərar Azadlıq Partiyasının siyasi istəblişmentin Hoferin qələbəsini tanımaq istəmədiyini iddia etməsinə şərait yarada bilər.

Daxili İşlər Nazirliyi bildirib ki, seçkilər böyük ehtimalla payızda baş tutacaq. Bundan əvvəlki seçki iki raundda baş tutmuşdu. Bu seçkilərdə miqrasiya və Avropa Birliyi ilə münasibətlər kontekstində siyasi parçalanma özünü göstərmişdi. Çox güman ki, təkrar seçkilər də eyni mənzərəni ortaya qoyacaq.

____________________________________________________________

Bunlara da bax:
Britaniyanın ardınca Zeman da referendum istəyir
Əfv gözlənilir

____________________________________________________________

Məhkəmə bir çox dairələrdə seçkidə qiyabi iştirak etmiş şəxslərin seçki bülletenlərinin hesablanması ilə bağlı qaydaların pozulduğunu bildirib. Şikayətçi Azadlıq Partiyasından bunun sübutu tələb olunmayıb, çünki partiyanın belə bir iddiası yox idi.

Gallup-ın keçirdiyi eksit-polun nəticələrinə görə, Van der Bellen Hoferi yalnız 1 faizdən də az fərqlə qabaqlayıb. Məlumat gündəlik "Österreich" qəzetində dərc edilib.

Ötən ilin qaçqın böhranı gedişində Azadlıq Partiyasına dəstək 30%-i keçmişdi. Bu nəticənin prezident seçkiləri zamanı da dəyişmədiyi bildirilir. Sorğunun nəticələrinə görə, bütün ölkə boyu bu partiyaya seçicilərin 33%-i səs verəcəkdi. Hazırda hakimiyyətdə olan Sosial-Demokratlar 25% səs toplayacaqdı. Heinz-Christian Strachenin rəhbərlik etdiyi Azadlıq Partiyası şikayətini seçkilərdə qiyabi iştirak etmiş vətəndaşların bülletenləri üzərində qurub. Təxminən 760 min seçici öz bülletenlərini poçtla göndərib, yaxud da onları seçkidən bir gün əvvəl öz seçki dairələrində qutuya atıb.

Şahidlər bildiriblər ki, həmin bülletenlərin sayılması zamanı qayda pozuntularına rast gəlinib.

Bundan başqa bir neçə ərazidə seçki rəsmiləri məhkəməyə bildiriblər ki, onlar illərlə, səslərin sayılması prosesini sürətləndirmək üçün qaydaları qəsdən "yumşadıblar". Digər tərəfdən əksər ərazilərdə səslər qaydalar pozulmadan sayılıb.

Ötən həftə daxili işlər naziri Wolfgang Sobotka deyib ki, bu hallar "dözülməz dərəcədə səhlənkarlığın" olduğunu nümayiş etdirib.

Son illər Avropaya Suriya, İraq, Əfqanıstan və digər müsəlman ölkələrindən 1 milyondan çox qaçqın gəlib.

Bu təkcə Avstriyada yox, Fransa, Belçika, Hollandiya kimi ölkələrdə də ifrat millətçilərin seçkilərdə qazandığı dəstəyi artırıb.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 1 iyul

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 1 iyul

11 nəfər 1 otaqda yatırıq - Qəzalı binanın sakinləri danışır

Günün bütün mövzuları

XS
SM
MD
LG