Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:25

Hillary Clinton hələ seçicilərin könlünü ala bilər


Donald Trump və Hillary Clinton
Donald Trump və Hillary Clinton

«Bu il Amerika respublika tarixində ən qeyri-populyar namizədlər arasında seçim edəcək» - ABŞ-ın «The Washington Post» qəzeti yazır.

Yazı müəllifinin fikrincə, Hillary Clinton bu süjet xəttini dəyişmək iqtidarındadır: «Çox da uzaq olmayan məğlubiyyətdən sonra onun qələbə üçün mübarizə aparmaq şansı var. Siyasətdə mübahisəli şablon yanaşmalardan biri budur ki, sevilməyən namizədin - əgər rəqibi daha pisdirsə - seçilmək şansı artır, üstəlik, siyasətçinin aşağı reytinqi bir çox hallarda daimi olur. Buna görə də seçicilər öz rəylərinə yenidən baxa, bir vaxt rədd etdikləri namizədi sevməyə başlaya bilərlər».

«The Washington Post» yazır ki, bu şablonu müdafiə edənlərin arqumenti Bill Clinton nümunəsinə söykənə bilər:

Dərs 1. 1992-ci ildə namizəd Bill Clinton-un şəxsi həyatı ucbatından «The New York Times»ın iyunda keçirdiyi sorğuda reytinqi 16 faiz idi. Ancaq Bill Clinton-un demokratlardan böyük dəstəyi vardı, müstəqil Ross Perot yarışı uduzdu və Clinton-un reytinqi qalxmağa başladı. Seçkilərdən qabaq onun reytinqi 42 faiz idi, elə də gözəçarpan reytinq olmasa da, qələbəyə gedən yol üçün uğurlu sayıla bilərdi.

Dərs 2. Növbəti arqument 1988-ci ildə George H.W.Bush nümunəsidir. O, Ronald Reagan-ın vitse prezidentliyindən sonra ölkə prezidenti olmaq istəyirdi. Yayda Bush daha çox uduzacaq namizədə oxşayırdı, onun reytinqi 26 faiz idi. Ancaq George H.W.Bush-un da qurultaydan yaxşı dəstəyi vardı. Noyabrda onun reytinq əmsalı 46 faizə qalxmışdı.

Bunu da oxu: Trump müsəlmanlarla bağlı təklifini 'redaktə' etdi

«BU TƏNQİD ONUN İMİCİNƏ ZƏRBƏ VURDU»

«RealClearPolitic» siyasi təhlil mərkəzinin rəyinə görə, Hillary Clinton-un orta reytinqi hazırda 39.7 faizdir. Ancaq burda vacib məqam var: Bill Clinton namizədliyini elan edəndə, tanınmış biri deyildi və seçicilərin onun barəsində pis və yaxşı fikir formalaşdırması üçün vaxt tələb edilirdi. Bush-un möhkəm ictimai həyatına baxmayaraq, seçici elektoratının böyük hissəsinin də onun barəsində fikir formalaşdırması üçün vaxtı vardı. Şübhə yoxdur ki, Hillary Clinton-un şəxsi elektron poçtundan istifadə etməsi ilə bağlı Federal Tədqiqatlar Bürosunun rəhbəri James B.Comey-nin sərt tənqidi onun imicini zərbə altına qoyub. Əgər namizədlər yaxşılığa doğru dəyişə bilərlərsə, demək ki, pisliyə doğru da dəyişə bilərlər. Ancaq hələ də ümidlər var ki, Clinton Bush və əri kimi, yeni rəğbət qazana bilər. Xüsusilə ona görə ki, seçicilərin onun barəsində müsbət fikirləri əvvəldən var idi.

REKLAMINDA APARICI XƏTLƏR

«Gallup»un sorğusunda onun reytinqi 1998-ci ildə 67, 2012-ci ilin mayında 66 faiz olub. Əlbəttə, Donald Trump da öz reytinqini yüksəldə bilər. Hərçənd, Clinton-un öz imicini daha da yüksəltmək üçün imkanı Trump-kından genişdir. Üstəlik, Clinton-un Trump-a qarşı dəqiq hücumları geniş diqqət cəlb edir. Onun imicini bərpa etmək üçün kampaniyasının təşkilatçıları dəridən-qabıqdan çıxırlar.

Clinton-un Birinci xanım olarkən uşaqlarla bağlı, səhiyyə sahəsindəki təşəbbüsləri onun reklamında aparıcı xətlərdən biridir.

Trump-ın çətinlik çəkdiyi orta-qərb ştatlarında Clinton anti-Trump-çıların səsini itirməyi və bu səslərin Libertarian və Yaşıllar Partiyasının namizədlərinə getməsini özünə rəva görməsə də, onun səsləri itirmək təhlükəsi realdır.

Hillary Clinton «Vox»a verdiyi müsahibəsində deyir ki, o, dövlət işində daha bacarıqlıdır, nəinki kampaniya aparmaqda. Clinton müsahibəsində qeyd edir ki, o, çalışanda, reytinqi daha yüksək olur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG