Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Hillary Clinton seçkini uduzandan sonra ilk dəfə kütlə qarşısında çıxış edib. «The Washington Post» qəzeti H.Clinton-un Vaşinqtonda Uşaqları Müdafiə Fondunun konfransına qatıldığını bildirir.

«BURA GƏLMƏK ASAN OLMADI…»

«Boynuma alım ki, bura gəlmək asan olmadı. Ötən həftə boyunca dəfələrlə əlimə kitab alıb bir küncə çəkilmək, itlərimlə oynamaq, evdə qalmaq istəmişəm», - deyən H.Clinton seçki sonuclarının ona ağır təsir etdiyini boynuna alıb. Amma o, tərəfdarlarını fəaliyyətlərini davam etdirməyə, ümumi dəyərləri qorumağa çağırıb: «Bilirəm ki, bu həftə çoxlarını bir sual maraqlandırıb: Təsəvvürümüzdəki Amerika budurmu? Bu seçki zamanı yaranan fikir ayrılığı - uçurum xeyli dərinləşdi. Amma xahiş edirəm, dediklərimi diqqətlə dinləyin: Ölkəmizə inanın, dəyərlərimiz uğrunda mübarizəyə ara verməyin və heç vaxt təslim olmayın. Amerika buna dəyər,uşaqlarımız buna dəyər!».

Köməkçisinin dediyinə görə, H.Clinton tədbirə qatılmağa seçkidən əvvəl söz veribmiş. Uşaqları Müdafiə Fonduna toplaşanlar onun tribunaya doğru addımladığını görüncə, «Hillary!» deyə qışqırmağa, onu alqışlamağa başlayıblar.

«HEÇ BİR UŞAQ BELƏ QORXUYLA YAŞAMAMALIDIR»

Təşkilatın təsisçisi Marian Wright Edelman H.Clinton-un birinci xanım, Nyu-York senatoru və dövlət katibi kimi qazandığı nailiyyətlərdən söz açıb. Onun qadın kimi iki böyük uğura imza atdığını - demokratların prezidentliyə namizədi olduğunu və səslərin çoxunu Trump toplasa da, qələbə qazandığını bildirib. «O, xalqın prezidentidir», - deyən M. Edelman H.Clinton-u alqışlayıb.

Donald Trump haqqında birbaşa fikir söyləməyən H.Clinton onu dolayı yolla tənqidə tutub və bu günlərdə Nevada ştatında valideynlərinin ölkədən çıxarılacağından qorxan bir qızla söhbətini xatırladıb (Donald Trump istər seçki kampaniyasında, istərsə seçkisonrası çıxışında sənədsiz milyonlarla miqrantı ölkədən qovacağını söyləyib): «Heç bir uşaq belə qorxuyla yaşamamalıdır. Heç bir uşaq - latınamerikalı, afroamerikalı, müsəlman olsun, ya da fiziki qüsurlu, - məktəbə getməkdən çəkinməməlidir».

«AMERIKA HƏLƏ DƏ DÜNYANIN ƏN BÖYÜK ÖLKƏSİDİR»

Uşaqlarla bağlı təşəbbüslərdən danışan H.Clinton bu sahədə respublikaçıların da çox böyük işlər gördüyünü, Uşaqların Tibbi Sığortası Proqramının respublikaçı konqresmenlərin köməyi sayəsində qəbul edildiyini vurğulayıb: «İndi inandırıcı görünməsə də, birgə fəaliyyətə başlaya biləcəyimiz məqamlar var».

H.Clinton çıxışını Trump-ın «Amerikanı yenidən böyük ölkəyə çevirək» şüarına cavab verirmişcəsinə - «Amerika hələ də dünyanın ən böyük ölkəsidir. Mən buna heç nəyə əmin olmadığım qədər əminəm!» - deyərək bitirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG