Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

Qazaxıstan məktəblərində hicab qadağan edilib


Qazaxıstan, Çimkənddə hicablı məktəbli qızlar

Qazaxıstan, Çimkənddə hicablı məktəbli qızlar

Qazaxıstan hökuməti məktəblərdə dini geyimləri qadağan etməyə çalışır. Aparılan "izahedici" söhbətlərdən sonra bəzi valideynlər hələ də məktəb rəhbərliyinin tələbləri ilə razılaşmırlar. Mütəxəssislər deyirlər ki, bu məsələ ictimai müzakirə ilə həll olunmalıdır.

Çimkənd şəhərinin sakini Sabit Musaliyev deyir ki, bir qızı səkkizinci, digəri isə doqquzuncu sinifdə oxuyur. Qızlar bir ildir ki, hicab taxırlar. Sabit Musaliyev hesab edir ki, cinsi yetişkənliyə çatmış qızlar başlarını örtməlidirlər. Onun sözlərinə görə, təhsil və elm nazirliyinin dini geyimləri məhdudlaşdıran əmri Konstitusiyaya ziddir.

"Təhsil nazirliyində müzakirəsi istənilən həll edilməmiş məsələlər yetərincədir. Nazirliyin dərsliklərin keyfiyyəti və erkən hamiləliklər kimi məsələlərə diqqət ayırması daha yaxşı olardı", – Sabit Musaliyev deyir.

Buna da bax:​ Avropa ölkələrində hicab

8 ŞAGİRD BAŞ ÖRTÜYÜNÜ ÇIXARMIR

Sabitin qızları Çimkənddə ümumtəhsil orta məktəbində oxuyurlar. Məktəb direktorunun müavini Orynkul Alshynbekova deyir ki, qızların valideynləri ilə aparılmış iş nəticə verməyib. Sabit Musaliyev qızlarının başının açılmasına icazə verməyəcəyini söyləyib.

"Qızlar yaxşı oxuyurlar. Onlar məktəb formasına da diqqətlə yanaşırlar, onu geyinirlər. Ancaq başlarını da örtürlər", direktor müavini bildirir.

Çimkənddə Uluqbəy adına orta məktəbin direktorunun təlim-tərbiyə işləri üzrə müavini Baglan Umetbayevsə deyir ki, məktəbin səkkiz şagirdi hicab taxır və onu çıxarmaqdan imtina edir.

Onun sözlərinə görə, hələ ki, təhsil şöbəsindən yeni tələblər barədə bilgi gəlmədiyindən məktəb bununla bağlı heç bir tədbir görmür.

Buna da bax:​ Hicabla məktəbə gəlməyə icazə verilməlidirmi?

MƏKTƏBDƏ ÖRTÜYÜ AÇIB BANT TAXIR

Bəzi məktəblərdə aparılmış söhbətlərdən sonra valideynlər qızların məktəbə hicabsız gəlməsinə razılaşıblar. Çimkənddəki Pushkin adına gimnaziyanın müdir müavini Ramiya Iskandirova-nın sözlərinə görə, dərs ilinin başlanğıcında məktəbə başıörtülü gələn dördüncü sinif şagirdinin valideynləri ilə aparılan söhbət nəticəsində uşaq başını bağlamağı dayandırıb.

Almatı sakini Zarina isə dördüncü sinifdə oxuyan qızının başını açmağa məcbur edildiyini söyləyir. "Bu ilin əvvəlində qızım baş örtüyü və uzun ətək geyinməyə başladı. Məktəbin direktoru əvvəl buna anlayışla yanaşdı və etiraz etmədi. Ötən həftə məktəblərdə vahid formanın tətbiqindən sonra məktəb direktoru məni və daha iki valideyni çağırıb dedi ki, qızlar məktəbdə başlarını açmalıdırlar. Biz rəhbərliyə etiraz etmədik. Qızım məktəbə qədər baş örtüsündə gedir, məktəbdə onu açıb saçına bant taxır", Zarina deyir.

Oktyabrın 19-da Təhsil və elm, Ədliyyə, Dini işlər və vətəndaş cəmiyyəti nazirlikləri bəyan ediblər ki, Qazaxıstan qanunvericiliyi dini atributlu paltarları yasaqlayır.

Buna da bax:​ Hicablı şagird Nigar: "Allaha xəyanət etmək istəmirəm"

5 MİNDƏN ÇOX MÜRACİƏT GƏLİB

Təhsil və elm nazirinin müavini Elmira Suhanberdiyeva deyir ki, valideyn komitələrindən nazirliyə bu məsələ ilə bağlı 5 mindən çox müraciət gəlib.

Onun sözlərinə görə, dini geyimlərin və hicabın geyilməsinə icazə verilmir və əvvəllər də icazə verilməyib. "Qanunun normaları bütün millətlər üçün eynidir. Dini paltarı yalnız tədris ocağı daxilində geyinmək olmaz. Uşaq məktəbdən çıxandan sonra onu geyinə bilər. Dini baxışlara məhdudiyyət qoyulmur. Heç kim uşağı paltarını çıxarmağa məcbur edə bilməz. Hələlik uşaqların dərslərə buraxılmaması barədə şikayətlər almamışıq. Ancaq onların qaydaları pozmasına da imkan verməyəcəyik", deyə nazir müavini vurğulayıb.

Qazaxıstan müsəlmanlarının ruhani idarəsi oktyabrın 24-də Qazaxıstan valideynlərini məktəb rəhbərləri ilə "kompromisə gəlməyə" çağırıb.

«Valideynlər yetkinlik yaşına çatmamış qızlarını baş örtüyü ilə yükləməməli və onların icbari təhsil almasını qadağan etməməlidirlər", deyə idarə bildirir. Bəyanatda həmçinin vurğulanır ki, şagirdlərin valideynləri Qazaxıstan təhsil sisteminin təkcə tədrisə yox, həm də şagirdlərin "incəsənət, idman və intellektual inkişafa cəlb edilməsinə" yönəldiyini anlamalıdırlar.

Buna da bax:​ Elşad İskəndərov: «Azərbaycanda hicaba heç bir qadağa yoxdur»

“DÜNYƏVİ TƏHSİLƏ FİKİR VERİN”

Ruhani idarəsinin sözçüsü Agabek Konarbayuly-nın sözlərinə görə, idarə hicab barədə bu fətvanı hələ 2013-cü ildə verib.

Ruhani idarəsi valideynlərə daha çox uşaqlarının dünyəvi təhsilinə fikir verməyi tövsiyə edir.

Sosioloq Serik Beysenbayev deyir ki, məktəblərdə müsəlman baş örtüyü məsələsi hərtərəfli ictimai müzakirə tələb edir. Onun sözlərinə görə, dindarların da fikirləri dinlənilməlidir. Ekspert hesab edir ki, əks halda bu, sosial münaqişəyə yol aça bilər.

Hüquq müdafiəçisi Yevgeniy Zhovtis isə deyir ki, məktəbdə müəyyən növ geyimin yasaqlanması dini inanc azadlığını "bir qədər məhdudlaşdırır"

Günün bütün mövzuları

XS
SM
MD
LG