Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

16 yaşlı Amaiya Zafar ötən bazar günü Floridada boks yarışına qatılmalı idi. Ancaq düz yarış ərəfəsində rəsmilər döyüşü təxirə salıblar.

Əslən Minnesotadan olan Zafar dindar müsəlmandır. O, boks papağının altından hicab, şortunun altından isə dar şalvar (losina) geyinir. Onun bu geyimi Beynəlxalq Boks Assosiasiyasının forma standartlarının pozulması hesab edilib. ABŞ-ın Boks federasiyasının icraçı direktoru Michael Martino bunun "tamamilə təhlükəsizlik məsələsi" olduğunu deyib.

Buna da bax:​ Hicablı Amerika idmançısı tarix yazır

“SƏN ƏSL QALİBSƏN”

Nəticədə, Zafar diskvalifikasiya edilib, rəqibi Aliyah Charbonier qalib sayılıb. Ancaq Charbonier bundan rahatlıq tapmayıb və Zafar-a yaxınlaşıb.

“O qız mənə yaxınlaşdı və kəmərini mənim qucağıma qoyub dedi: ‘Bu, sənindir. Onlar səni diskvalifikasiya etdilər. Sən əsl qalibsən. Bu, ədalətsizdir’. Sonra biz qucaqlaşdıq və tədbirin təşkilatçısı gəlib əmin olmaq istədi ki, mən kəməri taxmışam",Zafar olanları danışır.

Charbonier-nin sözlərinə görə, o, nəsə etməli olduğunu anlayıb:

“Bu, sadəcə, düzgün deyil. Onun geyimi mənim diqqətimi yayındırmır. Onun əlcəyi və boks papağı var idi. Onun yerinə özümü çox pis hiss etdim, ona vuruşmaq imkanı vermədilər. Biz onlara deməyə çalışdıq ki, hər şey qaydasındadır. Ancaq onlar deyirlər ki, təhlükəsizlik məqsədilə idmançının qollarını görməlidirlər. Amma bununla yanaşı, 18 yaşlılar 20 yaşdan yuxarı idmançılarla döyüşür. Bu, düzgün deyildi",15 yaşlı floridalı deyir.

Buna da bax: "İdmançılar ümumiyyətlə oruc tutmamalıdırlar"

“ONU YAVAŞ YUMRUQLA”

Zafar-ın bu döyüşə aparan yolu heç də asan olmayıb. O, iki ildir ki, Minnesotada boksla məşğul olur. Atası Mohammad əvvəlcə ona qılıncoynatmanı seçməyi təklif edib. O isə belə deyib: "Qılınc oynatmazdan əvvəl boksla məşğul olacağam". Əvvəlcə Mohammad Zafar qızına həvəskar boksun incəliklərini öyrədib. Sonra Amaiya məşq edəcəyi boks qrupu ilə tanış olub.

O, rinqdə bir oğlan idmançı ilə qarşılaşandan sonra oğlan komanda üzvlərinin rəğbətini qazanıb.

“Bütün oğlanlar ona deyirdilər ki, ‘o, sadəcə qızdır. Onu yavaş yumruqla. Qıza imkan vermə səni udsun’”, – deyə Amaiya Zafar oğlan komanda yoldaşlarının öz həmcinslərinə dediklərini yada salır.

Buna da bax:​ Bolqarıstanda niqab qadağası sual doğurur

O, rinqdə davranışı mənimsəyəndən sonra özünə rəqiblər tapmaqda bir xeyli əziyyət çəkib. Boyu 152 santimetr, çəkisi isə geyimlə birlikdə 51,7 kiloqramdır. Üstəlik, özünə rəqib tapa bilsə belə, dini inancı idman geyim kodeksinə qarşıdır. “Əgər sən qollarını və ayaqlarını bağlasan, biz haradan bilək ki, əvvəldən zədə almamısan? Üstəlik, döyüş zamanı kimsə zədə alsa, referi bunu görə bilməyəcək”, – Martino ötən il "MPR News"a verdiyi müsahibədə deyib.

“BİRİNƏ GÜZƏŞT ETSƏK, O BİRİ GƏLİB DEYƏCƏK Kİ...”

“ABŞ-da 30 min həvəskar boksçu var. Ona görə, bir dini qrupa güzəşt etsək, digəri də gəlib deyə bilər ki, bizim də başqa uniformamız var, onu geyinmək istəyirik. Bir nöqtədə sərhəd qoymağa məcbursan", – Martino bildirib.

FIFA baş örtüyü qadağasını aradan qaldırsa da, ABŞ boks federasiyası hələ də Beynəlxalq Həvəskar Boks Assosiasiyasının İsveçrənin Lozanna şəhərində verəcəyi qərarı gözləyir.

Buna da bax: İşadamı burkini geyinənlərin cərimələrini ödəyir

“Bilirəm ki, ona rəqiblər tapmaq çox çətin olub. Qadınlara döyüşmək onsuz da çətindir və bilmirəm o, gələn dəfə nə vaxt vuruşmağa imkan tapacaq", – Charbonier söyləyir.

Elə buna görə də, Charbonier bir idmançı kimi təşəbbüsü əlinə alıb.

“Mən kəməri verməyə məsul şəxslərin yanına gedib dedim ki, o buna layiqdir", – o deyir. İndi qızların hər ikisi evlərinə kəmərlə gedəcək. Bunu yarışın təşkilatçıları da təsdiqləyirlər.

“DİNİ GÜZƏŞTLƏR EDİLSİN”

Amerika-İslam Münasibətləri Şurası (CAIR) Zafar-ı dəstəkləyərək dini güzəştlərə çağırıb: "Bütün idmançılar seçdikləri idman növlərində maneəsiz mübarizə apara bilməlidirlər. Köhnəlmiş və ayrıseçkilik yaradan əngəllər olmamalıdır. Biz xanım Zafar-ın potensial rəqibinə, göstərdiyi prinsipial həmrəyliyə görə təşəkkür edirik", – deyə CAIR-in milli kommunikasiya direktoru Ibrahim Hooper bildirib.

Buna da bax:​ Bakı İslam Oyunlarında qadınların iştirakını müzakirə edir

Yarışın təşkilatçısı "Sugar Belt Boxing Promotions"un prezidenti və baş icraçı direktoru Bert Wells deyib ki, qurum Zafar-ın qayıdaraq döyüşməsinə icazə veriləcəyinə ümid edir. “Boksda müxtəliflik var. O, bütün ölkələrdən və mədəniyyətlərdən idmançılara açıqdır. Biz onu yenidən salamlamağa sevinərik",o vurğulayıb.

Zafarsa qaydaların dəyişməsini gözləməkdədir. “Düşünürəm ki, bu qaydalar köhnəlib. Məncə onları dəyişmək pis olmazdı", – o, ötən il verdiyi müsahibəsində bildirib.

Charbonier deyir ki, onlar rinqdə qarşılaşa bilsəydilər, “bu, çox yaxşı bir döyüş olardı".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG