Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:08

'Şarf bağlayın, papaq qoyun, ancaq hicab qəti olmaz'


Astara, hicablı məktəbli qızlar.
Astara, hicablı məktəbli qızlar.

“Bu gün səhər Astaranın məktəblərində şagirdlərə və müəllimlərə xəbərdarlıq olunub ki, növbəti həftədən məktəbə hicabla buraxılmayacaqlar”.

Bunu AzadlıqRadiosu-na Astaranın Şivəkəran kənd məktəbində təhsil alan bir neçə şagirdin valideyni bildirib. Valideynlər məktəbdə təhsil alan övladlarına münasibətin dəyişə biləcəyindən ehtiyatlanaraq adlarının açıqlanmasını istəməyiblər. Onlar bildirirlər ki, müəllimlərə və şagirdlərə məktəb direktorları xəbərdarlıq edib:

“İndiyədək də belə xəbərdarlıq olurdu. Ancaq bu dəfə deyirlər ki, vəziyyət ciddidir. Hicabı çıxarmayan məktəbin qapısından içəri buraxılmayacaq. Biz bunu təzyiq kimi qəbul edirik. Deyirlər, ‘şarf bağlayın, papaq qoyun, ancaq hicab qəti olmaz’”.

Buna da bax:​ Hicablı qızlara qaıb verildiyi deyilir

“BİR HƏFTƏ HİCABSIZ GƏLİN”

Gün ərzində Astaranın nə icra hakimiyyətindən, nə də təhsil şöbəsindən məsələyə münasibət öyrənmək mümkün olmasa da, kənd məktəbinin müəllimləri göstəriş gəldiyini təsdiqləyiblər. Şivəkiran kənd məktəbinin biologiya müəllimi Yunus Qulamov deyir, həqiqətən də icra nümayəndələri məktəblərə xəbər göndərib ki, yaxın günlərdə komissiya gələcək, hicablar çıxarılmalıdır:

“Ancaq bildirilib ki, komissiya gələn müddətdə – tutaq ki, bir həftə hicabsız gəlin, komissiya gedər, yenə qərar özünüzdür”.

Buna da bax: Hicablı şagird Nigar: "Allaha xəyanət etmək istəmirəm"

Yunus müəllim rəsmi qurumların belə qərarlarına münasibətini də gizlətmir:

“Əlbəttə ki, hicablı müəllimələr və şagirdlərin valideynləri arasında narazılıq yaranıb. Burda heç kəs övladına zorla hicab geyindirmir. Uşağın öz seçimidir. Uşaq başını bağlamaq istəyirsə, niyə əlindən alınmalıdır, deyilməlidir ki, olmaz, get papaq qoy, yaxud şarf bağla? Soveti buna görə pisləyirdik. Qanımız bahasına müstəqillik əldə etdik, yenə həmin problem qalmaqdadır. Halbuki, Türkiyədə bu qadağa çoxdan qalxıb. Hətta Kanadada hicablılar aparıcı rolunda çıxış edə bilirlər, Fransada hicablı polisdə də işləyə bilər. Azərbaycandasa hər şeyə qadağa qoymaq vərdiş halını alıb. Kimsə başını örtürsə, digəri niyə bundan narahat olmalıdır, məntiq görmürəm”.

Buna da bax:​ Hicabla məktəbə gəlməyə icazə verilməlidirmi?

XATIRLATMA

Bir neçə gün öncə Astaranın Rüdəkənar kənd sakni Ülvi Quliyev də qızlarının məktəbdə hicaba görə təzyiqlə üzləşdiyini deyirdi. Bir neçə il Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova isə şikayətlə bağlı demişdi ki, şagirdlərin məktəb forması var və hamı bu geyimdə olmalıdır.

Bir neçə il öncə əsasən, orta məktəblərdə hicablı şagirdlərə təzyiqlər gücləndi və bu, ölkədə ciddi müzakirə doğurdu. Qeyd edək ki, hicaba qadağanı insan haqlarının pozulması kimi dəyərləndirənlər də var, Azərbaycanın dünyəvi dövlət olduğunu, dinin dövlətdən ayrı olduğunu vurğulayanlar da.

XS
SM
MD
LG