Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 03:54

►Cəlilabadlı sahibkar ölkə başçısına müraciət edib

“Atamdan ailəmizə miras qalan bazarı əlimdən zorla almaq istəyirlər. Bu işin başında Cəlilabad rayon icra hakimiyyətinin başçısı dayanır. Havadarları isə rayonun polisinə, məhkəməsinə, prokurorluğuna rəhbərlik edənlərdir. Bazarı hədə-qorxularla, şantajla tələb edirlər”.

Dövlət Sığorta İdarəsinin Cəlilabad filialinin keçmiş rəhbəri Elşad Təhməzov AzadlıqRadiosuna danışır ki, uzun illərdir rayonda ümumi sahəsi 5 hektar olan obyekt işlədirlərmiş.

Yeri çınqıl daşlarla örtüklənmiş ərazinin bir tərəfində həftədə bir dəfə iri və xırdabuynuzlu heyvanların alqı-satqısı olurmuş.

Bir tərəfində isə ofis, çayxana, kafe, namaz otağı, istirahət otağı, iki tualet və tikintisi başa çatmayan daha bir çayxana varmış.

H.Əliyev Fondu Vatikandakı sərdabəni təmir etdirdi

“PULLAR FONDA KÖÇÜRÜLMÜR”

Bir müddət əvvəl obyektin təqribən 200 metrliyində dövlət tərəfindən uşaq bağçası tikilib. Sahibkara bildiriblər ki, bağçaya görə bazar ərazidən köçürülməlidir.

Heydər Əliyev Fondunun rəhbəri, birinci ledi Mehriban Əliyeva

Heydər Əliyev Fondunun rəhbəri, birinci ledi Mehriban Əliyeva

Həmçinin söküntüyə görə 365 min manat kompensasiya vəd olunub. Sahibkar da razılaşıb. Deyir, kompensasiya vəd olunan vaxtlar manat, necə deyərlər, hələ “üzmürdü”, dolların məzənnəsi 78 qəpik idi. Bazar üçün rayonda “zibillik dərəsi” deyilən ərazidə 5 hektar yer ayrılıb. Vəd olunmuş kompensasiya hələ sahibkara verilmədiyindən o, banklardan kredit götürərək həmin ərazidə yeni obyektin tikintisinə başlayıb. Sonra başına nələr gəlib, özündən eşidək:

“Deməli, bunlar əraziyə görə mənimlə icarə müqaviləsi bağlamırdılar, günü günə satırdılar. Ötən il iyulun 7-dən icra hakimiyyəti başçısının müavini Əziz müəllim məndən və başqa sahibkarlardan Heydər Əliyev Fonduna köçürməyə pul toplamağa başladı. Hər ayın ilk həftəsinin ilk günü Əziz müəllimə 700-800 manat verirdim. Qəbz istəyəndə isə deyirdi, “ilin sonunda hamı kimi sənə də qəbz veriləcək”. Bu yaxınlarda araşdıranda məlum oldu ki, bu pullar Fonda köçürülmür. Sahibkarları aldadırlar. Fonda pul köçürülmələrini sübut edən qəbzi və obyektimə görə kompensasiyanın ödənilməsini tələb etməyə başlayanda mənimlə “düşmən” oldular”.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

FONDPULUNDAN ŞİKAYƏT ETMƏK OLMAZ

Sahibkarın deməsinə görə, bu il iyulun 7-də sonuncu “fondpulu”nu ödəyib və bir daha pul verməyəcəyini bildirib. Onu ahıl və xəstə atasını rahat buraxmayacaqları ilə hədələyərək əvvəlcə işdən könüllü getməsinə dair ərizə yazdırıblar. Daha sonra traktor gətirərək yeni tikdirdiyi bazarın hasarını söküb aparıblar. O da Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib:

“Mənim şikayətim kənarda qaldı, özümü hədələdilər ki, “fondpulu” barədə harasa şikayət etsəm, torpağımı əlimdən alıb hərraca çıxaracaqlar və başqasına satacaqlar. Bu azmış kimi, şantaj etməyə başladılar ki, guya 5 il əvvəl hansısa qadına təcavüz etmişəm. İndi deyirlər, “ya bazarı bizə ver, ya da səni həbsə göndərəcəyik””.

“FONDA PULU KÖNÜLLÜ KEÇİRİRLƏR”

Cəlilabad rayon icra hakimiyyəti isə sahibkarın dedikləri ilə razılaşmır. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, Elşad Təhməzov öz işindən könüllü ərizə yazaraq ayrılıb. Əgər bir narazılığı varsa, bu, Dövlət Sığorta Şirkəti ilə onun arasında çözülməlidir. İcra hakimiyyətinin Dövlət Sığorta Şirkətinin işlərinə qarışacağı yoxdur. Heydər Əliyev Fonduna sahibkarlar tərəfindən pul köçürmələri isə könüllüdür. Yerli icra hakimiyyəti belə işlərə qarışmır. Obyektin taleyinə gəlincə, obyekt uşaq bağçasının fəaliyyətinə görə başqa yerə köçürülüb. Hasarın sökülməsi ilə bağlı sahibkarın şikayətini polis araşdırır. Kompensasiyaya gəlincə, qurumdan bildiriblər ki, sahibkar özü kompensasiyanın məbləği ilə razılaşmır.

Elşad Təhməzov da icra hakimiyyətinin dediklərini “yalan” adlandırır. Sahibkar deyir, müraciət etmədiyi dövlət qurumu qalmayıb. Hətta prezidentə də yazıb. Ancaq hələ də müsbət nəticə əldə etməyib.

Şərhləri göstər

XS
SM
MD
LG