Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

Oktyabrın 25-də Bakıda və bölgələrdə keçirilmiş hərraclarda 36 daşınmaz obyektin cəmi 12-si özəlləşdirilib.

Məlumatı Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yayıb.

Qalan 24 müəssisə və obyektə alıcı tapılmayıb. Bunlar, əsasən, ticarət, məişət və iaşə obyektləri, qeyri-yaşayış sahələridir.

OBYEKTLƏRİN İNVESTİSİYA CƏLBEDİCİLİYİ YOXDUR

İqtisadçı-ekspert Rəşad Əliyev «Turan»a deyib ki, hərraca çıxarılan obyektlərin investisiya cəlbediciliyi yoxdur.

«Bu tipli obyektlər əmlak bazarında da kifayət qədər çox təklif olunur. Bazarda isə belə obyekt çətin satılır. Bu azmış kimi, dövlət də bazara girir. Digər tərəfdən isə nəzərə alın ki, bunlar «qalıq mallardır». Yəni, elə əvvəldən də yönlü-başlı obyektlər olmayıb, yoxsa çoxdan özəlləşdirilərdi», - ekspert belə hesab edir.

ÖLKƏDƏKİ İNVESTİSİYA İQLİMİ PROBLEMLİDİR

Ekspert Məhəmməd Talıblı obyektlərin satılmamasını qiymətin yüksək olmasına bağlamır, onların investisiya cəlbediciliyinin aşağı olması ilə əlaqələndirir. O, həm də ölkənin ümumi investisiya iqliminə də diqqəti çəkir.

«İnvestisiya iqlimini şərtləndirən əsas 4 amilin (siyasi, iqtisadi, hüquqi və sosial) bir çoxu üzrə Azərbaycanda problemlər müşahidə olunur. Bu, xüsusilə səhmdar kapitalının iştirak etdiyi şirkətlərə aiddir».

M.Talıblı hesab edir ki, hazırda investorlar vəsaitlərini bazarın sərt dalğalanmasından qorumaq xətti tutublar. Nəticədə bu, onların bəzən əlverişli biznes layihələrində iştirakını çətinləşdirir.

Noyabrın 1-də ƏMDK növbəti hərracları keçirəcək.

Bu il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG