Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:00

«Astara gömrüyündə hətta corabların içini də yoxlayırlar»


Gömrükdə saxlanmış heroin partiyası (arxiv fotosu)
Gömrükdə saxlanmış heroin partiyası (arxiv fotosu)

-

Azərbaycan gömrüyündən keçən 178 kq heroinin sirləri

Bir müddət öncə, Gürcüstan sərhədində Azərbaycandan gələn yük maşınında aşkarlanan 178 kiloqram heroin bir çox suallar doğurur. Oxşar hadisə 2013-cü ilin iyun (116 kiloqram heroin) və 2014-cü ilin iyul ayında da (3 tona yaxın heroin) baş vermişdi. Onda da böyük həcmli heroinin Azərbaycandan keçdikdən sonra saxlandığı bildirilirdi. Azərbaycanın rəsmi orqanları bu barədə açıqlamalar verməsələr də heroinin İrandan daşındığı ehtimal edilir. İrandan isə yüklər Astara və Biləsuvar gömrük keçid məntəqələrindən keçir. İl ərzində 1 milyona yaxın Azərbaycan vətəndaşı bu keçid məntəqələrin xidmətindən istifadə edir. Yüksək səviyyədə nəzarət olunan sərhəd-buraxılış məntəqələrindən qanunsuz narkotik maddələr keçirmək olarmı?

«Astara gömrüyündə hətta corabların içini də yoxlayırlar»

Astara şəhər sakini, vaxtaşırı İrana bazarlığa gedən Asən Həşimli deyir ki, həm gömrük işçiləri, həm də sərhədçilər vətəndaşları ciddi yoxlayırlar:

«Astara gömrüyünə daxil olan vətəndaş, ilk növbədə sərhəd buraxılış qeydiyyatından keçir, onun sənədinə möhür vurulur. Sonra gömrük işçiləri gəlir. Burda həm vətəndaşın özünü, həm də apardığı yükü 3-4 gömrük işçisi yoxlayır. Gömrükdə bütün avadanlıqlar var. Yüklər monitordan keçir, rentgen göstərir. Astara gömrüyündə İrandan gələnlərin hətta corablarının içini də yoxlayırlar. Saçını, belini, kürəyini, qarnını, hər yeri yoxlayırlar. Belə yoxlamadan sonra heç kim özbaşına narkotik apara bilməz. Üst-başını yoxlayıb bir qutu siqareti belə tapırlar Belə şəraitdə gömrükdən narkotik çıxartmaq olarmı?»

TIR sürücüsü Vidadi Abbasov da gömrükdə nəqliyyat vasitələrin ciddi şəkildə yoxlandığını deyir.

«Kimsə təkbaşına bu riskə getməz»

«Nəqliyyat vasitəsini həm sərhədçi, həm də gömrük işçisi yoxlayır. Rentgen var, monitordan keçirdirlər. Xüsusi təlim görmüş itlər var. 20 ildir ki, İrandan yük daşıyıram. Çox ciddi yoxlayırlar. Buna baxmayaraq, sürücü istəsə nə isə edə bilər. Söhbət tonlarla narkotikdən getmir. O başqa məsələdir. Ola bilər 5-6 qaram narkotik çıxara bilsin. Kimsə təkbaşına bu riskə getməz. İlişəcək. Son günlər, Astara gömrüyündə yük maşınlarının sənədləşməsində çeviklik göstərirlər. Maşınların yoxlanması 15-20 dəqiqə çəkir. Elə yük maşınları var ki, onların yoxlanmasına daha çox vaxt sərf edirlər».

«Daha hiyləgər vasitələrdən istifadə edirlər»

Ancaq, sabiq gömrük işçisi Elman Hüseynovun fikrincə gömrükdən narkotik maddələrin keçirilməsi mümkündür:

«Maşına yük vurulub, sürücü də aparır. Baxmayaraq ki, açıb yükə baxırlar. İş ondadır ki, təlim görmüş it heroinə öyrəşdirilibsə heroin axtaracaq. Hansı narkotik maddəyə öyrəşdirilibsə, onu axtaracaq. Ola bilər belə itləri tiryəkə öyrəşdiriblər, belə olanda heroini tapa bilməz. Ola bilər ki, üstündə yazılsın «gibs» əslində narkotik olsun. O vaxtları beynəlxalq gömrük təşkilatlarından məlumat gəlirdi ki, şamın içərisində aparırlar. Maye halında gizlətmək daha rahatdır. Sonra onu qurudur, istədikləri hala salırlar. İş ondadır ki, transmilli dəstələr narkotikin daşınmasında daha hiyləgər vasitələrdən istifadə edirlər».

Elman Hüseynovun sözlərinə görə, narkotik maddələri gömrükdən keçirtməyin üsulları çoxdur:

«Diş pastası ilə apara bilərlər»

«Piyada keçiddə bu çətindir. Astara körpüsündən, hansı ki, iki ölkə sərhədinin tən ortasıdır, oradan yüklər birbaşa terminala daşınır. Terminalda yoxlanılır. Orda ola bilər nəsə eləsinlər. Diş pastası ilə apara bilərlər. 100 ədəd diş pastası. Hamısını yoxlamır. Xidmət itləri var. Müasir avadanlıqlar işləyir. Ola bilər ki, Gürcüstan gömrüyündə daha müasir avadanlıqlar var. Burda da var. Radiasiyanı aşkarlayan qurğular var. Tranzit yükləri yoxlamağa ixtiyarımız yoxdur. Tranzit yükü İran tərəfi göndərir, Azərbaycan ərazisindən keçir. Yüz faiz əmin olandan sonra ki, orda qanunsuz narkotik var, onda maşını nəzarət altına alırsan».

Yuxarılarda əyləşənlərin də əli...

Adının çəkilməsini istəməyən sabiq hüquq mühafizə işçisi deyir ki, Azərbaycanda transmilli dəstələr fəaliyyət göstərir «Fakt odur ki, narkotikin daşınmasında Azərbaycan ərazisindən tranzit kimi istifadə olunur. Rəsmilər də təsdiq edirlər ki, bizdə transmilli və mütəşəkkil dəstə var. Belə olmasaydı tonlarla narkotik ölkəmizin ərazisindən daşınmazdı. Narahatçılıq odur ki, son illərdə bu dəstələr çox sərbəst və arxayın hərəkət edirlər. Ola bilər ki, yuxarılarda əyləşənlərin də burda əli olsun. Kasıbın buraya əli çatmaz. 100 milyon ABŞ dolları dəyərində olan narkotikin daşınmasında riskə getməzlər»

Ancaq Azərbaycan Gömrük Komitəsindən olaya hər hansı münasibət bildirilməyib. Biz dəfələrlə komitənin mətbuat xidməti ilə əlaqə saxlasaq da suallarımıza cavab ala bilmədik.

XS
SM
MD
LG