Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:01

Siyasi təhlilçi Toğrul Cuvarlı son bir ayda Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlərdən danışır. Onun sözlərinə görə, bir neçə günlük «hərbi toqquşma»da Azərbaycanın, üzdə olmasa da, arxada yetərincə beynəlxalq dəstəyi vardı. Təhlilçi onu da deyir ki, Qafqazda münaqişənin alovlanmasını istəməyən Rusiya çıxılmaz durumdadır, Moskva Yerevanı əvvəlki kimi açıq-aşkar müdafiə edə bilmir, ona görə də belə bir siyasət aparır: «nə şiş yansın, nə də kabab».

Onun dediklərindən seçmələri təqdim edirik:

– Şübhəsiz ki, qeyri-müəyyənlik davam edir. Son zamanlar Rusiyanın sülhü bərqərar etmək məqsədilə gələn yüksək çinli məmurları Lavrov da, Medvedev də artıq susublar. Görünür, arxa planda razılıq əldə edilməyib. Ən maraqlısı odur ki, bu dördgünlük hadisələrin əks-sədası çox böyük oldu. Birincisi, aydınlaşdı ki, status-kvo deyilən o şey əbədi deyilmiş. İkincisi, Azərbaycan ordusunun gücü artıq heç kimdə şübhə doğurmur. Üçüncüsü, Azərbaycan cəmiyyətinin bu məsələdə kifayət qədər həmrəy olduğu üzə çıxdı. Azərbaycandan fərqli olaraq, Ermənistanda toqquşmalar baş verir, fikir ayrılığı var, yüksək rütbəli zabitlər işdən çıxarılır. Və bir də, ilk dəfədir ki, Dağlıq Qarabağda baş verənlər Rusiyanı həqiqətən qorxudur. Rusiya liderləri vəziyyətin gərginləşdiyini görəndə hərəkətə gəldilər, zənglər, müraciətlər, Bakıya, Yerevana səfərlər başladı. Artıq Rusiya qorxurdu ki, bu, böyük müharibəyə çevrilə bilər. Bu məsələdə səbəbkarı axtarmaq çox çətindir, kim başlayıb, necə başlayıb. Aydındır ki, nə vaxtsa başlamalı idi. O da indi baş verdi.

– Rusiya sülhməramlılarının gəlişi haqqında çox danışıldı. Sizcə, bu reallaşacaqmı?

– Moskva sülhməramlıları gətirməyi boynuna götürür. Ancaq həm də çalışır ki, bölgədə öz maraqlarını reallaşdırsın. Bu maraqlar Azərbaycanın rusiyayönümlü təşkilatlara, məsələn, Avrasiya İttifaqına üzv olmasından başlanır. Moskva üçün Azərbaycanın federallaşması da sərfəli olardı. Bəli, Rusiya sülhməramlılarını Qarabağa yerləşdirmək istərdi. Amma bu ehtimal çox azdır. Çünki nə Azərbaycan, nə də Ermənistan bəzi şeylərə hazırdır. Buna görə razılaşma mümkün deyil. Üçüncüsü, bu gün Rusiyanın tərəflərə təpinmək imkanı yoxdur. 1990-cı illərdə bu mümkün idi. Düzdür, deyə bilərsiz ki, cəbhə xəttində əməliyyatlar başladıqdan az sonra Kreml Azərbaycan və Ermənistan hərbi qərargah rəhbərlərini çağırdı və atəşkəs haqqında razılığa gəlmələrini istədi. Ancaq Moskvanın əvvəlki imkanı, gücü yoxdur. Bu gün Ermənistan Rusiyadan nə tələb edir? O, status-kvonun bərpasını istəyir. Amma Rusiya bu dəfə bunu edə bilmir, Azərbaycanla münasibətlərini korlamaq istəmir. Bu gün ermənilər həqiqətən psixoloji gərginlik içindədirlər. Aprelin 2-də cəbhə xəttində döyüşlər başlananda bu, bütün dünyaya təəccüblü gəldi və bütün dünya mediasının diqqətini çəkdi. İkinci dəfə buna bənzər bir şey baş versə, heç kəs təəccüblənməyəcək. Bu o deməkdir ki, bütün yollar tükənib. Burda artıq çox şey həqiqətən də Azərbaycandan və Ermənistandan asılı olacaq.

– Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən həftə dedi ki, Rusiyanın planı aysberqin görünən hissəsidir. Sizcə, aysberqin arxasında nələr gizlənir?

– «Aysberq» deyəndə mən nəyin nəzərdə tutulduğunu bilirəm. İlk baxışdan bizə elə gəlir ki, hər şey Rusiyadan asılıdır. Elə deyil! Fərz edək ki, Rusiya sülhməramlıları Qarabağa gətirmək istəyir, amma buna təkbaşına qərar verə bilməz. Minsk Qrupunun həmsədr dövlətləri var, başqa ölkələr var. İyirmi ildən çoxdur danışıqlar gedir. Ona görə də çox şey danışıqlarla həll ediləcək.

– Danışıqların aqibətini həm də diplomatların işi müəyyən edəcək. Siz deyirsiz ki, Ermənistan bu dəfə Rusiyanin dəstəyini ala bilmədi, bəs Azərbaycan aprel ayındakı hadisələr zamanı beynəlxalq dəstək ala bildimi, sizcə?

– Bizə dəstək gözləmək lazım da deyildi. Bu gün mətbuatda İsrail mediasına istinadla yazı çıxıb ki, bu ölkə Qarabağdakı döyüşlərdə yaxından iştirak edib. Baxmayaraq ki, bu, üzdə görünməyib. Bizə dəstək lazım deyil. Dəstək arxa planda var. Ən əsası, bu dəfə ermənilər deyə bilmədilər ki, «Azərbaycan ermənilərə qarşı qırğın hazırlayır, erməniləri məhv etmək istəyir» və bizə tanış başqa söhbətlər. Bu dəfə bu alınmadı...

Günün bütün mövzuları

XS
SM
MD
LG