Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:36

Suriya savaşının taleyinə Hələb qərar verə bilər


«Cəbhat Fəth əş-Şam» qruplaşmasının ağır texnikası

«Cəbhat Fəth əş-Şam» qruplaşmasının ağır texnikası

Suriyadakı vətəndaş savaşı qanlı, ağrılı olduğu qədər də, qarmaqarışıq və qapalıdır. Cəbhənin bir tərəfində İran və Rusiyanın, «Hizbullah» və İraqdakı şiə silahlı birləşmələrinin dəstəklədiyi, barbarlığı ilə tanınan ölkə prezidenti - tiran Bashar al-Assad dayanıb. Onun qarşısındakılar müxtəlif qiyamçı qruplaşmalardır - ekstremist «İslam Dövləti», «Əl-Qaidə» və başqa terrorçu təşkilatların yaraqlıları. Nisbətən mötədil üsyançı fraksiyaları da var. Bu üzdən, belə döyüşlərin arxasında gizlənən məkrli planlar bir yana, çox vaxt kimin kiminlə döyüşdüyünü anlamaq da çətinləşir.

HƏR ŞEY GÜN KİMİ AYDINDIR...

...İndi hökumət qoşunlarının Hələbi mühasirəsini yarmaq üçün qiyamçıların başladığı hücum əməliyyatı bütün müharibənin taleyini dəyişdirə bilər.

Ötən həftəsonu Hələbin mərkəzini əlində saxlayan mühasirədəki üsyançılar şəhərin qərbindəki daha böyük müxalif qruplaşma ilə eyni vaxtda hücuma keçiblər. Müxalif silahlılar cəbhə xətlərini birləşdirməyə səy göstəriblər. Ancaq əksər hallarda olduğu kimi, bu dəfə də daha yaxşı silahlanmış rejim qüvvələri, Rusiyanın hava zərbələrinin köməyi ilə, hücumu dəf edə biliblər.

Hələbdə çörək növbəsi.

Hələbdə çörək növbəsi.

HƏLƏB - SİLAHLI ANA MÜXALİFƏTİN ƏLİNDƏ QALAN SONUNCU İRİ ŞƏHƏR

Henry Jackson Cəmiyyətinin tədqiqatçısı Kyle Orton bildirir ki, Hələb silahlı ana müxalifətin əlində qalan sonuncu iri şəhərdir. O deyir ki, müxaliflər rejimin tam siyasi qələbəsinə yol verməmək üçün bu şəhəri əllərində saxlamalıdırlar.

Assad, Rusiya və İranın köməyi ilə, qiyamçıların strateji təhlükəsini xeyli zəiflədə bilib. Suriya ordusu Hələbi ələ keçirməklə bu təhlükəni tam aradan qaldıra bilər. Ancaq üsyançılar şəhərin mühasirəsini yarsa, o zaman rejimi dəstəkləyən hərbi koalisiya strateji baxımdan ciddi itkiylə üzləşəcək. İdlib və Hələbin cənub-qərbindəki qiyamçılar öz nəzarətlərində olan mövqeləri genişləndirərək, buraya Hələb şəhərini də əlavə edə bilsələr, Assad-ın şimaldakı bazaları ciddi təhlükə ilə üz-üzə qalacaq. Elə Assad-ın qiyamçıları ram etmək şansı da.

Lakin bundan daha qəliz və daha qorxulu başqa bir məsələ var. Üsyançıların indiki hücum əməliyyatının əsas iştirakçıları «Cəbhat Fəth əş-Şam» («Əl-Qaidə»yə bağlı «Ən-Nusra Cəbhəsi»nin yeni adıdır), «Əhrar əş-Şam» və Azad Suriya Ordusunun bir briqadasıdır. Üsyançıların birliyi naminə Suriyadakı «Əl-Qaidə» adını dəyişdirdiyini bildirsə də, əslində, məqsəd - öz imicini təmizləməkdir.

Hələb vaxtilə Suriyanın ticarət paytaxtı sayılıb. İndi xarabalığa çevrilib.

Hələb vaxtilə Suriyanın ticarət paytaxtı sayılıb. İndi xarabalığa çevrilib.

«ƏL-QAİDƏ» MÜXALİFƏTİN APARICI QÜVVƏSİDİR?

Mötədil müxalifət danışıqlardan indiyədək bir nəticə əldə edə bilməyib. Tam tərsi, Assad qüvvələri hər dəfə atəşkəsi pozarkən, «Əl-Qaidə» bəyan edir ki, bütün bu danışıqlar, əslində, Suriya inqilabını boğmağa yönəlmiş və öncədən hazırlanmış plandır. Ümidsizlik saran sadə insanlar da bu absurd fikrə inanmalı olurlar. Üstəlik, hər dəfə atəşkəs pozulanda, rejimin hücumunu dayandırmaqda başlıca rolu məhz «Əl-Qaidə» oynayır. Elə Hələbin cənubunda da üsyançıların irəlilədən əsas qüvvə bu qruplaşmadır. Bütün bunlar «Əl-Qaidə»ni Suriyada müxalifətin aparıcı qüvvəsinə çevirməkdədir. Hələbin mühasirəsi yarılsa, elə də olacaq. Bu isə, əslində, indiki Suriya müxalifətinə, ən başlıcası, biçarə sadə suriyalılara heç bir xeyir gətirməyəcək.

Şəhərin özündə isə humanitar fəlakət yaşanır. BMT-nin məlumatına görə, mühasirədə qalan 300 min insanın zəruri ərzaq və dava-dərman ehtiyatı sürətlə tükənməkdədir.

Hələb vaxtilə Suriyanın ticarət paytaxtı sayılıb. Zəngin memarlığa və mədəniyyətə sahib olan bu şəhər 5 il sürən daxili savaş ucbatından indi xarabalığa çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG