Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:54

Minlərlə Hələb sakini yenə şəhəri gülləbaran altında tərk etməkdədir. Suriyanın hökumət qüvvələri şəhərin şərq hissəsini ələ keçirir, qiyamçılara qalib gəldiklərini elan edirlər. Suriyanın dövlət televiziyası əsgərlərin Hələbin şərqində əsas rayonları tutduğunu, qiyamçıların mövqelərini parçaladığını xəbər verir.

HƏLƏB NİYƏ BU QƏDƏR VACİBDİR?

Suriyanın Hələb şəhəri 4 ildir ki, blokadadadır. Şəhər ölkə lideri Bashar al-Assad tərəfdarlarıyla qiyamçıların döyüş meydanına çevrilib. Nəticədə minlərlə adam yeməksiz, susuz, dava-dərmansız qalıb, indi də şəhərə girən əsgərlərdən qaçırlar. Britaniyada yerləşən «Suriyanı müşahidə şurası» qiyamçıların son 6 ildə ən böyük məğlubiyyətə uğradığını xəbər verir.

BBC radiosu Hələb şəhərinin Qərbin yardım etdiyi qiyamçılar, eləcə də Assad tərəfdarları üçün əhəmiyyətindən yazır.

Əhalisi əvvəllər 2.3 milyona yaxın olan Hələb Suriyanın ən iri sənaye şəhəri, maliyyə mərkəzi sayılırdı. Turistləri qədim qalası, məscidi, böyük bazarlarıyla cəlb edən Hələb UNESCO-nun Dünya İrsi Nümunələri siyahısına düşmüşdü.

Hələb şəhəri müharibədən əvvəl.

Hələb şəhəri müharibədən əvvəl.

2011-ci ildə prezident Assad-a qarşı qiyam qalxanda, Hələbdə heç nə baş vermirdi, yəni başqa şəhərlərdəki geniş aksiyalar və zorakılıqdan Hələbdə əsər-əlamət yox idi. Amma 2012-ci ilin iyulunda şəhər birdən-birə əsl döyüş meydanına çevrildi. Qiyamçılar Hələbə hücum edib hökumət qüvvələrini çıxararaq, Suriyanın şimalına nəzarəti ələ keçirməyə çalışırdılar. Nəticədə Hələb iki hissəyə bölündü, şəhərin şərqinə qiyamçılar, qərbinə isə hökumət qüvvələri nəzarət etməyə başladı. Sonrakı 4 ildə Hələb ölkədəki münaqişənin dəhşətli ocağına çevrildi. BBC yazır ki, Hələb müharibəsi hər iki tərəfin zəifliyini, eyni zamanda beynəlxalq ictimaiyyətin sakinləri qorumaq və sülhə nail olmaqda acizliyini göstərdi.

NECƏ OLDU KI, VƏZİYYƏT DƏYİŞDİ?

İlin əvvəlində Hələbin şərqindəki qiyamçılar Türkiyəylə bağlantı yaratsalar da, fevralda hökumət qüvvələri şəhərə gedən yardımın qarşısını aldılar. BMT-nin göndərdiyi ərzaq və dərman maşınları şəhərə daxil ola bilmədi və 275 minə qədər adam mühasirədə ac-susuz qaldı. Hava hücumları onsuz da yaşayış binalarını da, məktəb və xəstəxanaları da dağıtmışdı. Noyabrda isə Suriya və Rusiyanın hərbi hava qüvvələri şəhəri yenidən bombalamağa başladılar, eyni zamanda quru əməliyyatları həyata keçirildi. Bu ayın axırı əməliyyatlar nəticə verdi, hökumət şəhərin şimal-şərq hissəsində bir neçə rayonu tutdu.

BMT Hələbdə yenə də yüzlərlə adamın öldüyünü deyir, amma Suriya və Rusiya qüvvələri ittihamı rədd edir, sakinləri vurmadıqlarını bildirirlər. Televiziyalar isə şəhəri tərk edən minlərlə insanın başına gələnlərdən danışırlar.

Hökumət qüvvələri Hələbdə

Hökumət qüvvələri Hələbdə

HƏLƏB ÇÖKSƏ, NƏ OLAR?

BMT-nin Suriya elçisi Staffan de Mistura hələ oktyabrda prezident Assad-ın çox qəddar yol tutduğunu deyərək xəbərdarlıq etmişdi. Hökumət qüvvələrinin Yeni ilə qədər Hələbi tutacağından, şəhərin şərqini yerlə-yeksan edəcəyindən, minlərlə adamın öləcəyindən narahatlığını dilə gətirmişdi.

BBC yazır ki, Hələbin ələ keçirilməsi hökumətin ölkənin 4 böyük şəhərinə nəzarəti ələ alması deməkdir. Bu isə prezident Assad-ı ruhlandıra, onu vətəndaş müharibəsinə son qoyacağına ümidləndirə bilər. Halbuki ölkənin böyük hissəsinə nəzarət edən qiyamçıların, cihadçılar və kürdlərin varlığı Suriyanın hələ çox uzun yol getməli olduğunu göstərir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG