Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:09

Ölən əsgərin ailəsi araşdırma tələb edir


►"Bu uşaq hərbi xidmətini başa vurmağa 3 ay qalmış niyə özünü öldürsün?"

Xaçmazın Qaracəlli kəndində bir ev yasa batıb.

Yusifovlar ailəsinin yeganə övladı olan Elnur Yusifov hərbi xidməti başa vurmasına 3 ay qalmış xidmət göstərdiyi hərbi hissədə aldığı güllə yarasından dünyasını dəyişib.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir ki, əsgər silahla davranış qaydalarını kobud şəkildə pozub, təsadüfi açılan atəş nəticəsində ölüb.

Elnur Yusifov hərbi xidmətə yararsız olub. Ötən il könüllü şəkildə əsgərliyə yollanıb.

Qaracəllidə Elnurun başına gələnə şübhəylə yanaşırlar. Mərhum əsgərin ailəsi deyir, hadisə baş verəndən sonra onlara zəng vurub hərbi hissəyə çağıran hərbçilər gah bıçaqla vurulduğunu, gah intihar etdiyini bildiriblər.

“Biz burdan Cəlilabada gedənə kimi bir neçə variant dedilər. Gedib ora çatanda da eləcə ölüsünü gördük, bizə konkret hadisəni demədilər. Dedilər ki, araşdırılacaq”, - bunu AzadlıqRadiosuna mərhum əsgərim əmisi Ədalət Yusifov deyir. Əminin sözlərinə görə, Elnurun ölümündə şübhə yaradan məqamlardan biri də güllə izlərinin döş qəfəsində olmasıdır:

Buna da bax: Maşın bazarı çökür

Yusifovlar təəccüb qalıblar ki, axı əsgər avtomatı necə döş qəfəsinə dirəyə bilərdi...

Əsgərin atası Şövkət Yusifov deyir, oğlunun intihar etməsinə səbəb yox idi:

“Evin tək uşağı idi. Bütün diqqət onun üstündəydi. Özünü öldürmək üçün səbəb yox idi. Bizə şübhəli qalıb – bu uşaq hərbi xidmətini başa vurmağa 3 ay qalmış niyə özünü öldürsün?”

Mərhum əsgərin atası deyir, onun təsadüf nəticəsində ölməsi haqda deyilənlər inandırıcı deyil. Doğmaları əsgərin müəmmalı şəkildə öldüyünü və bunun qətlə bənzədiyini iddia edirlər. Buna görə də hüquq-mühafizə orqanlarından hadisəni obyektiv araşdırmasını tələb edirlər.

Rəşad Ələsgərov Qaracəlli sakinidir. Deyir, Elnuru kənddə “diribaş uşaq” kimi tanıyırlar. Qəfil və müəmmalı ölüm xəbəri kəndliləri də məyus edib.

Elnur Yusifovun ailə üzvlərinin deməsinə görə, heç vaxt xidmətdən narazılığı olmayıb. Atasının arzusu isə Elnuru Sərhəd xidməti üzrə ali təhsilli görmək imiş.

Elnur Yusifov Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonundakı sərhəd zastavasında xidmət edib.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu tərəfindən birgə araşdırma aparılır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG