Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:40

Həbsdə olan İslam Partiyası sədrindən xəbər var


Mövsüm Səmədov
Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov sentyabrın 26-na planlaşdırılan referenduma etiraz olaraq, aclıq aksiyası keçirir. Bu barədə AzadlıqRadiosu-na onun vəkili Yalçın İmanov məlumat verib.

Vəkil avqustun 30-da M. Səmədovun saxlanıldığı Qobustandakı qapalı həbsxanada onunla görüşüb. Partiya sədrinin avqustun 29-dan aclıq etdiyini deyən müdafiəçinin sözlərinə görə, M.Səmədov aksiyanın tələbləri barədə həbsxana rəhbərliyini yazılı şəkildə məlumatlandırıb.

M. Səmədov aclıq aksiyası keçirməklə, referendumla yanaşı, ilahiyyatçı Tale Bağırzadə və digər şəxslərə verilmiş işgəncələrə etiraz edir...

Səmədov vəkili ilə görüşdə onu bu addımı atmağa vadar edən səbəbləri də açıqlayıb. Bildirib ki, referendum aktında Konstitusiyaya yetərincə mürtəce dəyişikliklər nəzərdə tutulur, həmin dəyişikliklərin qəbulu ölkədə monarxiya üsulunun rəsmiləşdirilməsi anlamına gəlir. Buna başqa cür etiraz imkanı olmadığından aclıq aksiyası keçirmək qərarına gəlib.

Buna da bax: Parlament partiyaları Konstitusiya düzəlişlərinə 'hə' deyir

“EYNİ HƏYATDAN YORULMAMISIZ?”

"Bu ölkədə baş verənlərə görə hər birimiz məsuliyyətliyik – həm Allah, həm də tarix qarşısında. Bu gün referenduma etiraz etməyə görə tutulmasaq, sabah bizi başqa ittihamlarla tutacaqlar",Səmədov bildirib.

Vəkilin sözlərinə görə, M.Səmədov hakimiyyətin onsuz da referendumu keçirəcəyini anlayır, sadəcə, cəmiyyətin bu cür siyasi hadisələrə münasibətdə süst olmamasını istəyir.

Buna da bax: «Konstitusiyaya bəzi təkliflər Konstitusiyanın özünə ziddir»

Vəkil: «O mütəmadi oruc tutduğundan aclıq aksiyası onu o qədər də narahat etmir...»

"Referenduma, mürtəce dəyişikliklərə cəmiyyətin etirazsız qalması məni çox narahat edir. Referendumun sakit keçməsi, etirazsız qarşılanması Azərbaycan xalqının axırıncı qürurunu əlindən almaqdır. Hər bir azərbaycanlını qanunun verdiyi imkanlar çərçivəsində bu dəyişikliklərə etiraza çağırıram. Biz ədalətli dövlət istəyirik, bu gün Azərbaycan xalqının milli vəhdətə ehtiyacı var. Xalqıma üzümü tutub deyirəm: Eyni həyatdan yorulmamısız? Gəlin, birlikdə yaşayaq. Zalımın zülmündə ilk növbədə məzlum günahkardır", - M. Səmədov qeyd edib.

Buna da bax: Rüstəm İbrahimbəyov referendumdan yazdı: «Monqol-tatar...»

“HƏKİM NƏZARƏTİ YOXDUR”

Y. İmanov deyir ki, M. Səmədov aclıq aksiyası keçirməklə, referendumla yanaşı, ilahiyyatçı Tale Bağırzadə və Nardaran hadisələrinə görə tutulan digər şəxslərə verilmiş işgəncələrə, qanunsuzluğa da etiraz etdiyini bildirib.

Müdafiəçi onu da qeyd edib ki, M. Səmədovda ümumi halsızlıq yaranıb: "Ancaq özü deyir ki, həbs ediləndən bu yana mütəmadi oruc tutduğundan aclıq aksiyası onu o qədər də narahat etmir. Mövsüm Səmədov müəssisə rəhbərliyinə aksiyanın qeydiyyata alınması və aksiyaya həkim nəzarəti ilə bağlı müraciət edib. Amma hələlik, onun səhhətinə həkim nəzarəti yoxdur".

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

Bu aclıq aksiyası, eləcə də həkim nəzarətinin olmamasıyla bağlı, hələlik, Penitensiar Xidmətdən açıqlama verilməyib.

M. Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdində və başqa ağır cinayətlərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

O, 2014-cü ilin sonlarında saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində qaydaları pozmaqda ittiham olunub və məhkəmənin qərarı ilə 2 illiyə Qobustandakı qapalı tipli həbsxanaya göndərilib.

Buna da bax: «Əli və Nino» bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

Sentyabrın 26-da Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Dəyişikliklər arasında ən çox müzakirə edilənləri prezident seçilməkdən ötrü yaş məhdudiyyətinin götürülməsi, dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, eləcə də ona növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilməsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG