Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Kürdəxanı İstintaq Təcridxanasında qiyam olması ilə bağlı məlumatları təkzib edib.
Açıqlamada qeyd edilir ki, son günlər bəzi KİV-də Penitensiar Xidmətinin tabeçiliyində olan 13, 6 saylı cəzaçəkmə müəssisələrində və Bakı İstintaq Təcridxanasında iğtişaşların baş verməsi haqda həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Xidmət yada salır ki, həmin məlumatlarda məhkumlara qarşı qanunazidd hərəkətlərin törədilməsi, onlardan və qohumlarından pul tələb edilməsi kimi iddialar yer alıb: «Penitensiar Xidmətin kollektivi bu kimi böhtan xarakterli və qərəzli məlumatların son zamanlar xidmətdə aparılan müsbət işlərə kölgə salmaq cəhdi kimi dəyərləndirir. Bunu əhalidə çaşqınlıq, cəzaçəkənlər və onların yaxın qohumları arasında əsassız narahatçılıq yaratmaq məqsədi daşıdığını bildirir».
Penitensiar Xidmət qeyd edir ki, Bakı Istintaq Təcridxanasında əməliyyat şəraiti sabitdir, tam nəzarət altındadır. Cəzaların icrası və çəkilməsi qaydalarına, mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə riayət olunur.
Bu gün, oktyabrın 21-i Virtual.org və bəzi saytlar bir gün əvvəl
Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında dustaqların qiyam qaldırdığı haqda xəbər yaymışdı.
Saytda yazılana görə, təcridxananın vəzifəli şəxslərinə hücum edən dustaqlar onlardan iki nəfərə ağır xəsarət yetiriblər. Xəsarət alanlar təcridxananın rəisi və rəis müavinidir.
Həmçinin qeyd edilirdi ki, dustaqların deməsinə görə, qiyama səbəb onlara verilən «payok»un (yeməyin) satılması və yetərincə verilməməsidir. Digər səbəb kimi dustaqlara yaxınlarının gətirdikləri «peredaça»ya (ərzağa) görə 100 manat rüşvət tələb olunması göstərilirdi.