Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:08

Masazır torpaqları kimlərə, necə satılıb?


İllüstrasiya
İllüstrasiya

►Sakinlər haray çəkir: Həsən Əliyev küçəsindəki evlərin sökülmək təhlükəsi var

“Torpağı bir neçəsinə satıb adamları üz-üzə qoyublar. Məhkəmələrdə qalmışıq. Sabah məhkəmə qərar çıxarsa, evimiz sökülsə, hara gedəcəyimizi bilmirik”.

Abşeron rayonunun Masazır qəsəbəsi, Akademik Həsən Əliyev küçəsinin sakinlərinin “Qaynar xətt”ə danışdıqlarından bəlli olur ki, bu ərazidə torpaq alıb ev tikənlərin çoxu yaxın vaxtlarda evsiz qala bilər.

Evsiz qalacağının həyəcanını indidən keçirənlərdən biri də 13 ildir ki, burada ev tikib yaşayan İsa İmamverdiyevdir.

Onun sözlərinə görə, torpağı aldığı gündən başı bəladadır. Əvvəl tikdiyi ev sökülüb, o, evi növbəti dəfə tikməli olub. Bu dəfə də kənardan biri peyda olaraq torpağın ona məxsus olduğunu bildirib:

“SATANDA SƏNƏD SÖZ VERDİ, ANCAQ…”

“Torpağı Akif adlı bir nəfərdən almışam. O adam burda çox adama fırıldaqla torpaq satıbmış. Tək mən deyiləm. Burdakı torpaqların çoxu belə mübahisəlidir. Akif söz verdi ki, sənəd verəcək, sonra məsələni uzatdı. Mən də ona arxayın olub tikintiyə başladım. İcra hakimiyyəti gəlib söküb qoydu yerə, qurumun işçiləri tələb etdilər ki, sənəd düzəldim. Sonra da özləri məndən 2 min alıb sənəd verdilər. Mən təzədən tikintiyə başladım. Tikinti başa çatdı, ailəmlə neçə ildir ki, evdə yaşayırdım, bir nəfər peyda oldu ki, “bu torpaq səndən əvvəl mənə satılıb”. Mən neçə illərdir bu evə görə kommunal xərclər ödəyirəm, özüm də Masazırda İcra nümayəndəliyində qeydiyyatdayam. Gedirəm icra hakimiyyətinə, vaxtilə özlərinin verdikləri sənədə indi yaxın durmurlar”.

____________________________________________________________

Bunlara da bax:
Corc Sorosdan İlham Əliyevə sərt tənqid
Manat niyə dəyərdən düşür?- Ekspert izah edir

____________________________________________________________

“TALEYİMİZ MƏHKƏMƏDƏN ASILIDIR”

Neçə ildir ki, ərazidə yaşayan Qələndər İmanov da eyni vəziyyətdədir. O, əziyyətlə tikdiyi evin içərisinə yığışdıqdan bir neçə il sonra bir nəfərin torpağa iddia etdiyini deyir:

“Eyni torpağı neçəsinə satıblar, adamları da üz-üzə qoyublar. Hamı bir-birini məhkəməyə verib. Taleyimiz məhkəmədən asılıdır. Sabah o biri tərəfin xeyrinə qərar çıxarsa, evimizi başıma uçurdacaqlar. Tək məni yox, bu ərazidə çoxunu belə aldadıblar. Heç nəyin təminatı yoxdur. Gedib yeni tikilidən ev alırsan, təmir eləyib içərisinə yığışırsan, qapını döyürlər ki, “ev mənimdir”. Baxırsan ki, eyni mənzilə 5-6 adama sənəd veriblər. Gəlirsən, torpaq alıb ev tikirsən, neçə ildən sonra məhkəmədən bildiriş gəlir ki, “başqasının torpağını zəbt etmisən, dur gəl məhkəməyə””.

“SƏNƏDSİZ TORPAQ SATMAMIŞAM”

Ərazidə yüzə yaxın ev var. Sakinlər deyirlər, uzun illərdir ki, tikdikləri evlərdə yaşayıb kommunal xərclərini ödəyiblər, torpağa görə bələdiyyəyə vergi ödəyiblər. İndi hər an evlərinin söküləcəyi həyəcanı ilə yaşayırlar.

Məsələdə adı hallanan Akif Qəmbərov “Qaynar xətt”ə bildirib ki, həmin ərazidə torpaq satışı ilə məşğul olmayıb:

“Satmışamsa da, heç kəsə sənədsiz, yaxud saxta sənədlə torpaq satmamışam”.

Abşeron rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, həmin ərazidəki evlərin çoxu bir neçə il əvvəl qanunsuz tikilib. Vətəndaşların torpaq dəllallarından ucuz və sənədsiz aldıqları torpaq sahələri indi özlərinə başağrısı olub. Qurumdan vətəndaşlara məsələni hüquq müstəvisində çözməyi məsləhət görürlər.

XS
SM
MD
LG