Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:15

İcra hakimiyyətinin qarşısındakı fəhlələr: 'Hamballıq eləmişik, pulunu verin'


Sumqayıt şəhər İcra Hakimiyyəti binası (2012)

Sumqayıt şəhər İcra Hakimiyyəti binası (2012)

“Hələ də buradayıq – icra hakimiyyətinin qarşısında... Dağılışmamışıq... Heyf ki, bu boyda ölkədə gün ərzində gəlib bizim vəziyyətimizi çəkən, səsimizi çatdıran bir telekanal tapılmadı. Nə qədər ki özümüz deyib, özümüz eşidəcəyik, görünür, belə də davam edəcək”.

“Təkcə mənə 5 min manat borcları var...”

Oktyabrın 6-da səhər saatlarından Sumqayıt şəhər İcra Hakimiyyətinin önünə toplaşan fəhlələr axşam düşsə də, hələ oradadırlar. Təxminən 150 nəfər yaxın vaxtlaradək yeni salınmış bulvarda işləyib, ancaq işlərin yekunlaşmasına 3 ay qalmış, maaşlarını ala bilməyiblər. Yeni salınan bulvarda yerə tava (“tomet”) döşəyən Yusif Bağırov AzadlıqRadiosu-na danışır ki:

“Təkcə mənə 5 min manat borcları var. Ancaq elələri var gördüyü işinə görə, 30-40 min manat alacağı qalıb”.

Buna da bax:​ Fəhlələr: "Məktəb tikmişik, pulumuzu verin"

Kiçik dialoq

- Necə oldu ki, icra hakimiyyəti bu qədər fəhləyə borclu qaldı?

- Vallah, özümüz də bilmirik. Üç ay əvvəl “prorab” (iş icraçısı – red.) ortadan yoxa çıxandan sonra belə vəziyyət yarandı. Pullarımızı gecikdirməyə başladılar...

“Ortadan yoxa çıxan” adam

Fəhlə Asif Fərəcovun fikrincə, “ortadan yoxa çıxan prorab” elə icra hakimiyyətinin öz adamı olub:

“Hansı icra hakimiyyəti kənardan adam gətizdirib fəhlənin üstündə “prorab” qoyardı? Hər şey öz əllərindədir. Yaxşı bilirlər nə var, nə yox... O bulvarın daşından, torpağından, işıq dirəyindən tutmuş lampasınacan hamısı özlərinə məxsus şirkətlərindir”.

Buna da bax:​ “Lap belimdə də gəzdirərəm...”

“Bir azca da dözün!..”

Fəhlə deyir, 3 aydan çoxdur ki, icra hakimiyyətinin qarşısına toplaşırlar. Qulaqları da hər dəfə eyni sözü eşidir - “bir azca da dözün”:

“Gördük qabağımıza çıxan yoxdur, üz tutduq avtovağzala. Bakıya – Prezident Administrasiyasına getmək istəyirdik, polisləri töküb avtovağzaldan qaytardılar. Axşamtərəfi də icra hakimiyyətindən Elman adlı bir nəfər qəbul elədi. Dedi, sabah nəsə olmalıdır. Üç aydan çoxdur gəlib-gedirik, bunlar hələ sabahdan bizi qeydiyyata alacaqlar”.

“Gəlməyə yol pulları da yoxdur”

O, fəhlələrin çoxunun uzaq rayonlardan gəldiyini də söyləyir. Onlar yaşadıqları bölgədən maaş tələbi ilə hər dəfə Sumqayıta gəlib-getməyə də yolpulu axtarmalı olurlar:

“Vallah, bayaq biri oturub uşaq kimi ağlayırdı. Deyir, devalvasiyalardan sonra banka borcu üçqat artıb, bank işçiləri hər gün gəlib evin yuxarı başında otururlar. Siz allah, yazın, çəkin, göstərin, başçı vəziyyətimizi nəzərə alsın, artıq pul istəmirik ki... Hamballıq eləmişik, hamballığımızın pulunu versin”.

“Səhər gəlsinlər”

Sumqayıt Şəhər İcra Hakimiyyətindən AzadlıqRadiosu-na bildirilib ki, günün 2-ci yarısı fəhlələrin bir qismini qurumun ictimai siyasi və humanitar məsələlər şöbəsində qəbul edərək tezliklə pullarının ödəniləcəyini bildiriblər: “Onlara deyilib ki, səhər gəlsinlər”.

Buna da bax:​ Sumqayıt Dənizkənarı Bulvarının açılışı olub

Ötən həftə - sentyabrın 27-də prezident İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvarının açılışına qatılaraq həmin bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsib.

Xəzər sahili boyunca 4 kilometr uzanan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb. Bulvarda Bayraq Meydanı da inşa olunub.

Etirazçı fəhlələr oktyabrın 7-də səhər saatlarından yenə maaş tələbi ilə qurumun qarşısına toplaşacaqlarını bildirirlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG