Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:10

«Hakimiyyət ənənəvi bədxərclik siyasətini davam etdirir»


Milli Şuranın yığlncağı (arxiv fotosu)

Milli Şuranın yığlncağı (arxiv fotosu)

Milli Şuranın Koordinasiya Mərkəzinin iyunun 25-də keçirilən toplantısında bir sıra məsələlərlə bağlı hakimiyyətin ünvanına ciddi tənqidi fikirlər söylənib.

Toplantıda Qarabağ problemi ilə bağlı iyunun 20-də Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidentinin iştirakı ilə Sankt-Peterburqda keçirilən görüşü də dəyərləndirilib.

Milli Şuranın qəbul etdiyi bəyanatda qeyd edilir ki, aprel döyüşlərinin nəticəsi heç bir halda Rusiya planlarının regionda həyata keçməsinə və bu ölkənin mövqeyinin gücləndirilməsinə xidmət etməli deyil.

Şura son illər beynəlxalq idman yarışlarına sponsorluq edən, SOCAR-ın küllü miqdarda borclanması ilə də bağlı narahatlığını ifadə edib.

«Azərbaycan hakimiyyəti özünün ənənəvi bədxərclik siyasətini davam etdirir. Ölkənin hansı sosial-iqtisadi böhranın içində olmasının məsuliyyətini dərk etmir və böhrandan çıxmaq üçün təcili tədbirlər görmək əvəzinə, dövlət vəsaitlərini məsuliyyətsizcəsinə dağıtmaqla məşğuldur» - deyə qurumun bəyanatında qeyd edilir.

Toplantıda son günlər ölkənin səhiyyə sistemində baş vermiş bir sıra faciəli hadisələri də müzakirə edib.

«Milli Şura təəssüf edir ki, Azərbaycanın səhiyyə sistemi çox sayda vətəndaşın qatilinə çevrilməklə məşhurlaşıb. Yenicə doğulmuş körpələrdən tutmuş yaşlı insanlara qədər Azərbaycanın natamam səhiyyəsinin qurbanları olur. Bütün bu səhvlər təsadüfi deyil və ölkənin səhiyyə sisteminin panlı şəkildə iflas etdirilməsi siyasətinin nəticəsidir. Milli Şura Azərbaycan hökumətindən səhiyyədəki acınacaqlı durumla bağlı izahat verməyi, insan həyatına son qoyan, cinayətkarcasına baş verən səhlənkarlıqları təcili şəkildə durdurmağı tələb edir» - bəyanatda burğulanır.

Koordinasiya Şurasının toplantısında ölkədəki siyasi proseslər və fəalların həbsi məsələsinə də toxunulub. Müzakirələrdə qeyd edilib ki, siyasi motivlərlə həbs edilən bütün insanlar azad olunmalıdır.

Azərbaycan hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Hakimiyyət rəsmilər bildirirlər ki, həmin şəxslər cinayət əməllərinə görə, məsuliyyətə alınıblar.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılıb. Bu qurumun Koordinasiya Şurasında bəzi müxalifət partiyalarının nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri yer alır. Milli Şuraya daxil olan Azərbaycan xalq Cəbhəsi partiyasının 10-dan çox fəalı hazırda həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG