Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:52

Nə qədər cəza aldığını bilməyən məhkumlar


Arxiv fotosu
Arxiv fotosu

Yasamal rayon Məhkəməsində bir ay əvvəl çıxarılan hökm nə məhkum olunanlara verilir, nə də onların vəkillərinə...

CƏZA ÇƏKİRLƏR, AMMA HÖKMÜ GÖRDÜM DEYƏN YOXDUR

Nurçu təriqətini yaymaqda təqsirləndirilən 5 nəfər oktyabrın 7-də Yasamal rayon Məhkəməsində elə zalda həbs olunub. Onlar Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənov Rəvan Fərzəliyevdir.

Artıq bir ay keçsə də, adları çəkilən şəxslər və onların vəkilləri məhkəmənin hökmünü əldə edə bilməyiblər. Bu barədə AzadlıqRadiosuna məlumat verən vəkil Əsabəli Mustafayevin sözlərinə görə, təqsirləndirilən şəxslərdən kimə nə qədər cəza verildiyi, bu cəzanın hansı rejimli müəssisədə çəkilməsi və s. məsələlər indiyədək qeyri-müəyyən qalıb.

Adıçəkilən şəxslər həbs olunan gün məhkəmə zalında onların yaxınları və vəkillərindən kimsə olmayıb. Əsabəli Mustafayev deyir ki, məhkəmənin vaxtı barədə işdə iştirak edən 4 vəkildən heç birinə məlumat verilməyib, yalnız təqsirləndirilən şəxslər çağrılıb. Onlarla birlikdə məhkəməyə gələn yaxınları isə zala buraxılmayıb.

Qeyd edək ki, Yasamal rayon Məhkəməsində hökmü hakim Aqşin Əfəndiyev çıxarıb. Təqsirləndirilən şəxslərin hökm elan olunan zaman eşitdiklərinə əsaslanaraq vəkillərinə verdikləri məlumata görə, Rəvan Fərzəliyev 2 il, qalan 4 nəfər isə 5 il azadlıqdan məhrum edilib.

Amma bu günə qədər nə məhkumların özlərinin, nə də vəkillərinin bu məlumatı dəqiqləşdirmək imkanı yoxdur. Çünki hökmü əldə edib oxuya bilmirlər.

Vəkil Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev


Buna da bax: Türkiyə vətəndaşları Azərbaycandan çıxarıldı

HÖKM AXTARIŞI NƏTİCƏ VERMİR

Vəkil Əsabəli Mustafayev qeyd edir ki, hökmü əldə etmək üçün dəfələrlə məhkəməyə müraciətləri nəticəsiz qaldığından, sonda hökm olmadan apellyasiya şikayəti veriblər:

"Cinayət prosesində hökmdən sonra 20 gün müddətində apellyasiya şikayəti vermək olar. Müddət ötməsin deyə, şikayəti hökm olmadan tərtib edib göndərdik. Bütün bu pozuntular barədə Məhkəmə-Hüquq Şurasına və bir sıra dövlət orqanlarına məlumat verilsə də, hələ ki, heç bir dəyişiklik yoxdur".

Təqsirləndirilən şəxslərdən İsmayıl Məmmədov və Eldəniz Hacıyevin vəkili olan Əsabəli Mustafayev əlavə edir ki, hüquqlarını müdafiə etdiyi şəxslərin heç bir günahı yoxdur:

"Bu 5 nəfər iş materiallarında "klassik nurçular" kimi təqdim olunur. Bu, tamamilə yalandır. Onlar Fətullah Gülən tərəfdarlarından köklü surətdə fərqlənir. Sadəcə, "nurçularla mübarizə" görüntüsü yaratmaq üçün heç bir siyasi və ictimai fəaliyyəti olmayan bu şəxslər barəsində MTN-də "iş" quraşdırılıb.

Təsəvvür edin, guya, 2014-cü ilin aprelində eyni gündə 3 nəfər MTN-ə və polisə ərizə yazıb ki, təqsirləndirilən şəxslərin yaşadığı evin qapısında saxlanılan avtomobillər onların hərəkətinə mane olub.

Elə həmin gün MTN bu evdə genişmiqyaslı əməliyyat keçirərək, onları həbs edib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsisilə ittiham irəli sürülüb. Onlar 5 ay həbsdə saxlanılır. Gözlənilmədən istintaqın təşəbbüsü ilə onların barəsində həbs-qətimkan tədbiri dəyişdirilir və ev dustaqlığı ilə əvəz olunur. Bir ildən artıq idi ki, onlar azadlıqda idilər.

Oktyabrın 7-də məhkəmə zalında həbs olundular. İşdə təqsirləndirilən şəxslərə qarşı heç bir sübut olmadığından, istər-istəməz adamda belə təəssürat yaranır ki, yəqin hakim hökmü əsaslandıra bilmədiyi üçün hələ də tərtib eləməyib".

Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov

Buna da bax: Məhkəmə nurçulara "yox" dedi

HEÇ PROTOKOL DA TAPILMIR...

Bu iş üzrə təqsirləndirilən şəxslərdən Rəvan Fərzəliyevin vəkili Yalçın İmanov da bir aydır ki, hökmü ala bilmədiklərini təsdiqləyir. Hökmü görmədiklərinə görə Rəvan Fərzəliyevə nə qədər cəza verildiyi də indiyədək dəqiq bilinmir.

Digər təqsirləndirilən şəxslər vəkillərilə söhbətdə Rəvanın iki il azadlıqdan məhrum edildiyini deyib, onun özü isə müdafiəçisinə bu müddətin 1 il 6 ay olduğunu bildirib. Yalçın İmanov isə bu məsələni dəqiqləşdirmək imkanı olmadığını bildirir:

"Bu iş üzrə məhkəmə prosesi təxminən bir il davam etdi. Hökm bir yana, bir təxminən bir il əvvəl olmuş məhkəmənin hazırlıq iclasının qərarını da bu günə qədər əldə edə bilməmişik."

Müdafiəçinin sözlərinə görə, hökmlə yanaşı, məhkəmə iclas protokolları ilə tanış olmaq üçün də Yasamal rayon Məhkəməsinə yazılı müraciət ediblər. Amma heç bir cavab gəlməyib və nəticədə indiyədək məhkəmə iclas protokolları də tanış ola bilməyiblər:

"Məcburiyyət qarşısında hökmü oxumadan, protokollarla tanış olmadan apellyasiya şikayəti yazıb verdik. Amma apellyasiya şikayətində qeyd yazdım ki, hökmlə tanış olmadan tərtib edilib".

Buna da bax: Azərbaycanda 52 dini fəal həbsdədi - ABŞ-ın hesabatı

Yalçın İmanov onu da qeyd edir ki, məhkəmənin hökmünü almaq üçün dəfələrlə müraciət edib:

"Gah deyirlər hazır deyil, gah deyirlər ki, sabah göndəriləcək, gah deyirlər ki, 2i gün sonra. Beləcə, müxtəlif bəhanələrlə yola verirlər. Protokollarda nə yazıldığı indiyə qədər bizə bəlli deyil. Bir il ərzində hazırlıq iclasının qərarının təqdim olunmaması nə deməkdir? Prosesin gedişində dəfələrlə bu məsələni qaldırmışam, nəticəsi olmayıb.

Vəkillik fəaliyyətimdə ilk dəfədir ki, belə əcaib qanunsuzluqla rastlaşıram. Ağlasığmaz haldır. Bu qədər əcaib qanunsuzluğu ilk dəfədir görürəm. Təsəvvür edin, kimə konkret nə qədər cəza verildiyi, hansı rejimdə saxlanılacaqları, maddi sübutların taleyi bəlli deyil".

Yasamal rayon Məhkəməsinin dəftərxanasından bildirildi ki, onlarda bu barədə hər hansı məlumat yoxdur. Hakim Aqşin Əfəndiyevin iş otağının xidməti telefonu isə çoxsaylı zənglərə cavab vermədi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG