Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

Qarabağ döyüşçülərinə sosial imtiyazların ləğvi təklifiylə gündəmə gələn deputat Hadı Rəcəbli onun adından yazılanları “yalan” adlandırır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri AzadlıqRadiosu-nun suallarını dinləmədən dediklərinin təhrif olunduğunu söyləyib. Hətta bundan sonra müsahibə verməyəcəyini bildirib.

– Hadı müəllim, salam, AzadlıqRadiosu-ndanıq...

– AzadlıqRadiosu-na eşq olsun! Sağ olun. Yalanlara izahat vermirəm. Hamısı yalandır.

Buna da bax:​ Hadı Rəcəbli: ‘Müavinətlərin artırılması təklifi populizmdir’

– Amma sualımızı verək, sonra. Sizi Azərbaycan ordusuna qarşı...

– Yalandır, yalandır, yalandır. Telefonu götürürəm, cavab verirəm? Görürsünüz? Amma mətbuat yalançılıqla məşğuldur. Ona görə mən bundan sonra müsahibə verməyəcəm. Niyə məni müdafiə etmirsiz? Alçaq adamlar fikirlərimi təhrif ediblər. Ona görə də danışmıram. Bircə kəlmə deyirəm, yalandır!

– Hadı müəllim, sizi Azərbaycan ordusuna qarşı sabotajda günahlandırırlar. Buna cavab verməyəcəksiz? Hesab edirlər ki, son müsahibədə Qarabağ döyüşçülərinə nəqliyyatın və dərmanın pulsuz verilməməsi haqda fikriləriniz orduda pozuculuq yarada bilər.

– Qələt edirlər. Onlar bilmirlər ki, mən dövlətin adamıyam, belə şey ola bilməz.

– Yenə öz fikrinizdə qalırsız ki, Qarabağ döyüşçülərinə nəqliyyat və dərman pulsuz olmamalıdır?

– Yalandır, hamısı yalandır... Elə şey yoxdur. Yalan yazanları da, təhrif edənləri də Allah cəzalandırsın. Sağ olun...

Buna da bax:​ ‘Niyə şəhidin ailəsinə 11 min manat verilir, amma...’

XATIRLATMA

Milli Məclisin komitə sədri Hadı Rəcəbli ötən həftə Qarabağ döyüşçülərinin nəqliyyatdan və dərmanlardan pulsuz istifadəsinə etiraz edib. O buna etiraz edənləri populizmdə günahlandırıb.

“Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri olmayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu populizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?!

Görün necə də ziddiyyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu”,deputat belə deyib.

Bundan sonra media və sosial şəbəkələrdə Hadı Rəcəbli kəskin tənqid olunub.

Buna da bax: Hadı Rəcəbli: 'Azərbaycan heç kimin çaldığı musiqiyə oynamır...'

Deputat bir qədər öncə həmkarlarının daha bir təklifini də “populizm” adlandırmışdı. Millət vəkilləri Aydın Mirzəzadə və Əflatun Amaşov həyatlarını Qarabağ döyüşlərində itirən şəxslərin ailələrinə veriləcək müavinətlərin bir neçə dəfə qaldırılması haqda təkliflə çıxış etmişdilər. Hadı Rəcəbli isə ölkənin indiki vəziyyətində bunu real saymamışdı. Onun bu yanaşması da həm həmkarları, həm də ictimaiyyət tərəfindən qınaqla qarşılanmışdı.

DEPUTAT: “PULSUZ OLMAMALIDIR!”

AzadlıqRadiosu parlamentin Əmək və sosial siyasət komitəsinin digər üzvlərinin bu haqda fikirlərini öyrənmək istəyib. Deputat Aytən Mustafayeva iclasda olduğunu bildirib və danışmayıb.

Komitənin başqa üzvü Araz Əlizadə Hadı Rəcəblinin fikirlərinin kontekstdən çıxarıldığı qənaətindədir. Qaldı sədrin dediklərinə: “Nəqliyyat da, dərmanlar da pulsuz olmamalıdır. Amma bilinməlidir ki, kimə, hansı dərmanlar yazılıb və həmin dərmanların pulu ödənməlidir. İndi belədir ki, bundan sui-istifadələr var. Belədə biləcəklər, misal üçün, Həsənə nə dərman yazılıb. Bəzən olur ki, həmin əlil ailəsinin, veteranın adına dərman alınır”.

Buna da bax:​ Komitə sədrindən Qarabağ əlillərinə irad

Bununla belə, deputat hesab edir ki, ikinci dünya savaşında döyüşmüş şəxslər, Qarabağ döyüşçüləri bütün imtiyazlara sahib olmalıdırlar: “Heç bir imtiyaz kəsilməməlidir. Mənzil, dərman, istirahət, hətta övladlarının pulsuz təhsil haqqı olmalıdır”.

Araz Əlizadə döyüşdə həlak olanların yaxınlarına verilən müavinətlərin məbləğinin də az olduğunu düşünür və artırılmasını vacib sayır. O ki qaldı, Hadı Rəcəblinin söylədiklərinə, deputat şərh vermir, sadəcə, bu haqda sualları onun özünə verməyi xahiş edir.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG