Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

“Dedilər ki, bizim də sənə qarşı fikirlərimizi bildirmək hüququmuz var”

Noyabrın 28-də Bakı Baş Polis İdarəsinə çağrılan jurnalist Zamin Hacı AzadlıqRadiosu-na müsahibə verib.

– Zamin bəy, sizi niyə dəvət etmişdilər?

– Noyabrın 23-də - yazıçı Rafiq Tağının ölüm günündə “Facebook”da bir status yazmışdım ki, son 26 ildə Azərbaycanda törədilən qətl və terror hadisələrinə görə, demək olar, heç kim cəza almayıb. 20 yanvar, Xocalı, 20 noyabrdakı vertolyot terroru, Ziya Bünyadovun, hərbi hava qüvvələrinin komandanı Rail Rzayevin, jurnalist Elmar Hüseynovun, yazıçı-publisist Rafiq Tağının qətlinin üstü açılmayıbsa, cəzalananlar yoxdursa, biz hansı ictimai-siyasi sabitlikdən, dövlət quruculuğundan danışa bilərik? Mənə bildirdilər ki, bu cür söhbətlər ölkəmizdəki siyasi sabitliyə kölgə salmaq cəhdidir. Yəni yazdıqlarımı bu cür qiymətləndiriblər və buna etirazlarını bildirmək üçün çağırmışdılar.

Buna da bax:​ Zamin Hacının polisə nə səbəbə çağrıldığı məlum oldu [yenilənib]

– Yəni bir də belə statuslar yazmayasınız deyə dəvət etmişdilər?

– Demədilər ki, bir də belə şey yazma. İnsafən belə söhbət olmadı, “Axırıncı dəfə olsun - filan” tərzində, ya da sırf xəbərdarlıq tonunda söhbət olmadı. Sivil söhbət keçdi. Hətta bunu bir jurnalist üçün brifinq də adlandırmaq olardı. Söhbətdə iştirak edən Daxili İşlər Nazirliyi istintaq idarəsinin əməkdaşı özü ilə bir çox rəqəmlər gətirmişdi.

– Söhbət hansı rəqəmlərdən gedir?

– Məsələn, Azərbaycanda cinayətlərin üstünün açılması ilə bağlı statistikanı, həmin rəqəmlərin MDB respublikaları ilə müqayisəsini. Düzdür, o sənədi şəxsən mənə vermədi, ancaq bir neçə vərəqi uzaqdan göstərib dedi ki, bu da Rafiq Tağının ölümü ilə bağlı aparılan əməliyyat işlərinə dair məlumatlardır. Amma onların məxfi olduğunu, açıqlaya bilməyəcəyini dedi. Mən statusda Ziya Bünyadovun da adını çəkmişdim. Bildirdi ki, akademikin qətlinə görə 8 ya 9 nəfər hazırda cəzasını çəkir, yəni bu qətlin üstünün açılmadığını demək olmaz. Mən onda etirazımı bildirdim ki, həmin cinayət işi ilə bağlı əvvəla axtarışda olanlar var, ikincisi müəmmalı məqamlar da çoxdur. Ziya Bünyadovun guya hansısa müsəlman fanatikləri tərəfindən öldürülməsi haqda deyilənlər yetərincə şübhəlidir. Bununla bağlı mənim şübhələrimi bildirmək hüququm var. Prezidentin də bildirdiyi kimi, ölkədə internet azadlığı var və insanlar da orda öz fikirlərini yaza bilərlər. Mən də öz fikirlərimi orda ifadə etmişəm. Onlar da dedilər ki, bizim də sənə qarşı fikirlərimizi bildirmək hüququmuz var. Burda, açığı, ciddi problem görmürəm. Bir ciddi problem odur ki, fikirlərimə, yazdığım statuslara görə, DİN-ə çağrılmağım ardıcıl, periodik hal alır. Bu, məni narahat edir. Ona görə narahat etmir ki, mən ora tez-tez gedib-gəlirəm, yoruluram, yox. Onların özünə də dedim, bu, məni ona görə narahat edir ki, həmin o məsuliyyətli və ağır işinizdən ayrılırsınız. Cinayətkarların yaxalanması, tutalım, Akif Çovdarov, MTN tipli cinayətlərlə bağlı ciddi iş görə bilərsiniz. Amma bunları atıb Zamin Hacıyla məşğulsunuz. Bu da sizi ciddi işlərdən ayıra bilər. Mən bunu istəmirəm.

Buna da bax: Zamin Hacı. Azərbaycanın biabırçı oyuncaq statistikası

– Zamin bəy, son ilyarımda artıq neçənci dəfədir sizi polisə dəvət edirlər?

– Üçüncü dəfədir. Bu, məni narahat edir. Ümid edirəm, bir də çağırmazlar.

– Daha əvvəl dəvət edəndə nə demişdilər?

– Birinci dəfə çağıranda... Yadınızdadır, Bakı şəhərində bina üzlüklərinə görə insanlar öldü? Mən onda sakinləri həmin üzlükləri söküb atmağa çağırmışdım. Yazmışdım ki, bu üzlükləri özünüz sökün, hökumət sizi yandırmaq istəyir və s. Elə mən ora çağrılan zaman məlum oldu ki, hökumət özü həmin üzlüklərin sökülməsinə qərar verib. Birinci görüşdə ciddi narazılıq olmamışdı, qarşılıqlı anlaşma şəraitində keçmişdi. Mən onda da demişdim ki, bu gün 16 nəfərin ölümü ilə nəticələnən cinayət baş verib, siz gedib cinayətkarları tutmaq əvəzinə bu haqda gec çağırış etmiş jurnalisti polisə dəvət edirsiniz. Onlara da dedim, mənim məsuliyyətim odur ki, bu çağırışı gec etmişəm, gərək bunu bir qədər əvvəl edəydim, o adamlar da ölməzdi.

– Bəs ikinci dəfə?

– İkinci dəfə iki ay əvvəl idi, deyəsən, onda da istintaq idarəsinin rəisi çağırmışdı. O da yaradıcılığımla bağlı söhbətə dəvət etmişdi. Amma o söhbəti açıqlamamaq üçün aramızda centlmen razılaşması olmuşdu, ona görə, həmin səbəbi indi də açıqlamıram. Mən istəməzdim polis bu işlə məşğul olsun. Bunu polisə, açığı, yaraşdırmıram. Bizim polisdən gözləntimiz, umduğumuz başqa şeydir. Onlar hüququn mühafizəsi ilə məşğul olsunlar. “Kimdənsə xoşumuz gəlmir, kiminsə yazdığını bəyənmirik”, - bu, onların vəzifəsi deyil.

Buna da bax:​ Rafiq Tağının xanımı: Bu hakimiyyətin dövründə qətlin açılmasına inanmıram

– Vəkiliniz Elçin Sadıqov deyib ki, Zamin Hacıya məsləhət verdilər...

– Təbii, məsləhət verdilər ki, ölkəmizdə gedən dinc quruculuq işlərini, sabitliyi və sairəni görmək, qiymətləndimək lazımdır. Mən də dedim, hansı sabitlikdən danışırsınız ki, 23 ildir işğal altında olan kəndimizə gedə bilmirəm. Yəni Azərbaycan təkcə Bakı aeroport yolundan və ya dənizkənarı parkdan ibarət deyil ki, onu işıqlandırasan? Ölkənin 20 faizi işğal altındadır. Nə qədər ki torpaqlar işğaldan azad edilməyib, nə qədər ki əsgərlərimiz orda ölür, nə qədər ki ora xarabalıq şəklindədir, hansı sabitlikdən danışmaq olar?

Hələ başqa məsələləri qırağa qoydum. Yəni dinc və səmimi söhbət etdik (gülür). Məsləhətləri təbii ki, nəzərə alıram. Həmişə də yazmışam ki, DİN-in, hüquq-mühafizə orqanlarının, o cümlədən Azərbaycan dövlətini təmsil edən bütün orqanların məsləhətləri, təklifləri mənim üçün çox dəyərlidir. “Başına gələn başmaqçı olar”, ya da “ilan vuran ala çatıdan qorxar” məsəlində olduğu kimi... Biz Almaniyada-filan yaşamırıq. Reallıqları həmişə qiymətləndiririk. Sağ olsunlar. Məsləhət verməyə də bilərlər. Onda neyləyərəm? Onu da fikirləşirəm.

– Evdəkilər narahatlığına dəyməzdi?

– Onların işi narahat olmaqdan ibarətdir. Amma onlar da əminiydilər ki, mən əmin əllərdəyəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG