Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxması nə deməkdir?


Beynəlxalq Cinayət Məhkəməsi

Beynəlxalq Cinayət Məhkəməsi

Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvlüyündən çıxması qurumun çətin dövrünə düşdü və ona əlavə zərbə oldu. ABŞ-ın «The Huffington Post» qəzeti belə yazır.

Rusiya insanlığa qarşı cinayətlərə baxan ən yuxarı instansiyadan – Haaqa məhkəməsi üzvlüyündən çıxdığını bu həftə elan edib. Bu il bir neçə Afrika ölkəsi də məhkəmənin yurisdiksiyasından imtina edib. Dünən, noyabrın 17-də Filippin prezidenti Rodrigo Duterte qurumun «lazımsız» olduğunu bəyan edərək, Rusiyanın ardınca gedə biləcəklərini deyib.

HƏR ŞEY KRIMIN İLHAQINDAN BAŞLANDI

ICC-ni tərk edən ölkələrin hərəsinin öz səbəbi var. Moskvanın addımını Krım məsələsiylə bağlayırlar. ICC Krımın Rusiyaya ilhaqını Ukrayna ərazisinin işğalı kimi dəyərləndirib. Məhz bu qiymətləndirmədən sonra Rusiya prezidenti Vladimir Putin ölkəsinin təşkilatdan çıxdığını təsdiqləyən sənədə imza atıb.

Ekspertlər Rusiyanın çıxışının məhkəməyə yanaşmaya mənfi təsirindən narahatdırlar. «Yalnız xüsusi şəxslərin işinə baxa bilən məhkəmədən ötrü simvolizm çox vacib amildir», - Kembric Universitetində hüquq dərsi keçən Dr. Sarah Nouwen «The WorldPost»a müsahibəsində belə deyib.

Rusiya ICC ilə müqavilənin qaydalarına təhkim deyildi, amma onun məqsəd və məramlarına fəal şəkildə qarşı çıxa bilməzdi. Amma indi – üzvlükdən çıxandan sonra Kreml bu məhkəmənin qərarlarına və ümumiyyətlə, onun mövcudluğuna açıq etiraz edə bilər. Bundan başqa, ICC bundan sonra Rusiyayla bağlı məsələlərə baxmaq iqtidarını itirir.

2002-ci ildə ABŞ da belə bir addım atıb. Onun ardınca Sudan və İsrail də beynəlxalq məhkəmənin təsisatı olan Roma Hüquq Aktına imzasından imtina edib, bununla da məhkəmənin əhatə dairəsini xeyli azaldıblar.

ÜZVLƏR AZALIR, YURİSDİKSİYA ZƏİFLƏYİR

Bu il isə Cənubi Afrika Respublikası, Burundi və Qambiya ICC-ni qərəzli yanaşmada günahlandıraraq, təşkilata üzvlükdən imtina edib. Bu isə universal üzvlüyə can atan məhkəmənin vəkillərini çətin duruma salıb. Axı yalnız dairəsi geniş olan məhkəmə çoxlu sayda münaqişələrin həllinə təsir edə, yaşadığı ölkədən asılı olmayaraq, hər kəsin məsuliyyətə cəlb olunmasına təsir göstərə bilər.

S.Nouwen indi geriyə tendensiyanın müşahidə olunduğunu, beynəlxalq məhkəmə üzvlərinin getdikcə azaldığını təəssüflə qeyd edir. Çünki üzvlərinin azalması məhkəmənin həm yurisdiksiya, həm də qanuni baxımdan zəifləməsi deməkdir.

Onun fikrincə, Beynəlxalq Cinayət Məhkəməsi və onun vəkilləri duruma yenidən baxmalı, beynəlxalq qanunların aliliyini təmin etməkdən ötrü vacib vasitəyə çevrilməyin yeni yollarını tapmalıdırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG