Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 21:22

Gürcüstan-NATO: 8 ilin vədi


Son rəy sorğuları ictimaiyyətin Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı illərdir verilən vədlərdən müəyyən məyusluğunu göstərir.

Son rəy sorğuları ictimaiyyətin Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı illərdir verilən vədlərdən müəyyən məyusluğunu göstərir.

Gürcüstan NATO-nun Varşava sammitindən özünün Avro-Atlantik perspektivinin təsdiqini gözləyir. Tbilisi ümid edir ki, NATO ilə əməkdaşlığın dərinləşməsi ölkənin üzləşdiyi təhlükəni azaldacaq, təhlükəsizlik imkanlarını artıracaq.

Gürcüstan daha yaxşısına ümid bəsləyir, amma mümkün olmayanları da gözləmir. NATO sammitinin başladığı gün Tbilisi 2008-ci ildəki Buxarest forumunun qərarının qüvvədə saxlanması və ölkənin Alyansa üzv olmasının vacibliyini vurğuladı. Bunu baş nazir Georgi Kvirikashvili bildirdi. Hökumət başçısı əmindir ki, Varşava görüşündən sonra Gürcüstan daha çox müdafiə ediləcək.

G.Kvirikashvili deyir ki, Gürcüstan hərbi islahatlarda və NATO ilə birgə hərbi əməkdaşlıqda, o cümlədən ölkə demokratiyasında əldə olunan nailiyyətlərin təsdiqini gözləyir. Onun sözlərinə görə, Varşava sammiti Gürcüstan üçün çox vacib hadisədir. «Düşünürük ki, sammit nəticəsində mövcud yardım paketi genişlənəcək, Gürcüstanın təhlükəsizliyi daha yüksək səviyyəyə çatdırılacaq və ölkə daha çox müdafiə olunacaq», - G.Kvirikashvili vurğulayıb.

Hökumətin ehtiyatlı nikbinlik üçün deyəsən, səbəbi var: Bu günlərdə ABŞ və Gürcüstan arasında təhlükəsizlik və müdafiə sahəsində imzalanan memorandum Tbilisiyə müdafiə silahları əldə etməyə və NATO ölkələri ilə daha çox hərbi təlimlər keçməyə imkan yaradır. Üstəlik, gözləndiyi kimi, Varşava görüşlərində Alyans rəsmi şəkildə bildirib ki, Şərq qanadında müttəfiqlərini müdafiə etməyə hazırdır. Ancaq Varşava sammitindən dəqiq nəyi gözləməyə dəyməz? Bu, Rusiya təhlükəsidir, ekspertlər deyirlər.

NATO STRATEGİYANI DƏYİŞİR

Moskvanın aqressiyasının qarşısını almaq üçün Alyansın addımları kifayətdirmi? «Atlantik məsləhət- Gürcüstan»təşkilatının direktoru, hərbi ekspert Giorgi Muchaidze deyir: «Bəzi NATO tənqidçiləri ironiya ilə bildirirdilər ki, Alyans yalnız narahatlığını ifadə edir və təlaşını söyləyir, ancaq real bir addım atmır. Ancaq budur, NATO bu addımları ilə tənqidçilərinə ciddi cavab verir. Demək olar ki, bütün strategiya dəyişib. Artıq söhbət siyasi bəyanatlardan yox, konkret, o cümlədən hərbi xarakterli qərarlardan gedir. Əminəm ki, Rusiya da bunun fərqindədir və yaxşı anlayır ki, NATO yalnız bəyanatlarla kifayətlənməyəcək. Rusiyanın aqressiyasından sonra Alyansın fəaliyyət və strategiyasında çox ciddi dəyişikliklər baş verib. Gürcüstana gəlincə, sammitdən sonra biz NATO-ya daxil olma yolunda bir az da irəli getmiş olacağıq».

2008-ci ilin aprelində Buxarestdə Gürcüstana mütləq ən güclü hərbi-siyasi blokun üzvü olacağı ilə bağlı vəd verilmişdi. Ancaq bir neçə ay sonra Rusiya ilə 3-günlük müharibə başladı. Nəticədə Abxaziya və Cənubi Osetiyada Rusiya hərbi bazaları peyda oldu, Gürcüstan ərazisinin bir hissəsinə nəzarəti itirdi. Brüssel və Vaşinqtondan isə Gürcüstana Alyansa üzvlük vədləri davam etdi və beləcə, bu vəd 8 il ildən-ilə keçdi. Budur, indi də ABŞ dövlət katibi John Kerry Tbilisiyə səfəri zamanı bu vədi yenidən səsləndirib: «Gürcüstan mütləq NATO-nun üzvü olmalıdır».

RUSİYANI QICIQLANDIRMAQ İSTƏMİRLƏR

Ancaq yerli ekspertlərin çoxu ABŞ-n yüksək rəsmisinin bu sözlərinə yenə də şübhə ilə baxır, bunun yenə də vəd olduğunu düşünür. Politoloq Solomon Lebanidze deyir ki, Çernoqoriya Gürcüstandan sonra NATO üzvlüyünə iddiasını ortaya qoymuşdu. «Artıq bu dövlət NATO üzvüdür, biz yox», - Lebanidze vurğulayır. Onun fikrincə, NATO namizədliyi üçün ölkə bütün parametrlərə cavab versə də, məhz siyasi səbəblərə görə Tbilisinin qarşısına sədd qoyulub: «Bəzi Mərkəzi Avropa ölkələri Rusiyanı qıcıqlandırmaq istəmir. Ortada Rusiya faktoru var. Rusiya Gürcüstanın NATO üzvü olmasının qəti şəkildə əleyhinədir».

S.Lebanidze deyir ki, Rusiyanı buna razı salmaq üçün resurslar olmalıdır: «Avropa Birliyindəki böhran fonunda onlar buna nə qədər hazırdırlar, bilmirəm».

Ekspert hesab edir ki, NATO ilə Rusiya arasındakı münaqişə açıq qaldıqca, Gürcüstanın təhlükəsizliyinə risklər də o qədər yüksək qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG