Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Gürcüstanda ultramillətçilərin yüksəlişi. 'Azərbaycan Marneulini tutacaq'


«Vətənpərvərlər Alyansı»nın etiraz aksiyası - 2015

«Vətənpərvərlər Alyansı»nın etiraz aksiyası - 2015

Qərbə meylli hakimiyyətin xalqın həyat səviyyəsini yaxşılaşdırmaması gürcülərin getdikcə daha çox ümidsizliyə qapılmasıyla sonuclanır. Son seçkilərdə parlamentə keçməyə müvəffəq olan ultramillətçilərin tərəfdarlarının artması məhz cəmiyyətin narahatlığının göstəricisidir. «EurasiaNet» portalında Joshua Kucera belə yazır.

Ultramillətçi «Vətənpərvərlər Alyansı» yerlərin 5%-dən çoxunu tutmaqla parlamentə keçən 3 əsas partiyadan biri oldu, yəni daha yaxşı təşkilatlanmış partiyalardan daha artıq nəticə əldə etdi.

«XALQI ALDATMAQ İSTƏMİRİK»

Partiyanın liderlərindən biri George Maghlakelidze deyir ki, «Vətənpərvərlər Alyansı» dünyadakı digər ultramillətçilərlə müqayisə olunacaq dərəcədə güclənməyə başlayıb. «Multikulturalizm indi qırılıb, gedib. İndi yeni baxışların, ölkəyə yeni aspektdən, tarixi perspektivdən, eyni zamanda dünya iqtisadiyyatına inteqrasiya perspektivindən baxmağın zamanıdır. İndi Gürcüstanda fərqli hərəkat var».

Oktyabrın 8-də keçirilən seçkidə Gürcüstan parlamentinə daxil olan iki əsas partiyanın ikisi də Qərbə meyllidir.

Parlamentdəki rəqiblərindən fərqli olaraq, Rusiyaya meylli partiya kimi tanınan «Vətənpərvərlər Alyansı» da AB və NATO-ya üzvlüyə etiraz etmədiyini bildirir. Ancaq bu təşkilatların Gürcüstanı qəbul etməyə hazır olmadığını inkar etməyin mənasız olduğunu deyirlər. «NATO və AB indi bizim üçün bağlıdır. Top onların tərəfindədir və Gürcüstan bu halda heç nə edə bilməz. Biz xalqı aldatmaq istəmirik». G.Maghlakelidze «EurasiaNet»ə müsahibəsində belə deyib. Onun sözlərinə görə, partiyanın NATO və AB ilə bağlı tənqidi çıxışlarında məqsəd hakimiyyətdəkilərin Qərbə hədsiz hörmətinin səmtini dəyişməkdir. Maghlakelidze-nin fikrincə, hakimiyyətdə olanlar Qərbə o qədər bağlanıblar ki, ABŞ-ın və Avropa ölkələrinin Gürcüstana təklif etdiyi hər şeyə gözüyumulu razılıq verirlər.

ƏSL VƏTƏNPƏRVƏRLİK

«Vətənpərvərlər Alyansı»nın internet səhifəsində dərc olunan platforması Gürcüstanın mühafizəkar və mömin təbəqələrinə yönəlib. Partiya sosial proqramların, tibbi xidmətin gücləndirilməsinin tərəfdarı olduğunu bildirir, gürcü xalq mahnıları və rəqsləri ifaçılarını dəstəkləyəcəyini vəd edir: «Əsl vətənpərvərlik milli ruhda, yəni gürcü ruhunda düşünmək, danışmaq və müzakirə etmək, gürcü ruhuyla davranmaqdır. Gürcü ruhu vətənə bağlılıq, Allaha inam, Gürcüstana aid hər şeyə sevgi, gürcü dilinə hörmətlə yanaşmaqdır».

«Vətənpərvərlər alyansı» seçkilərin birinci turunda 5.01 % səs toplayıb.

«Vətənpərvərlər alyansı» seçkilərin birinci turunda 5.01 % səs toplayıb.

Ultramillətçilərin bu çağırışlarına gününü bazarda keçirən, pensiyaların azlığından şikayət edən 67 yaşlı Goderzdi Sheshelidze kimi seçicilər cavab verirlər. Sheshelidze hökumətin inkişafla bağlı vədlərə əməl etmədiyinə, gürcülərdən çox qərbdəkilərin maraqlarına xidmət göstərdiyinə inanır. Əlindəki qəzetdə rəsmilərin şəklini göstərib, «bax, bu, Türkiyənin adamıdır, bu, Birləşmiş Ştatların, bu biri də Britaniyanınkıdır. Onların heç biri Gürcüstanı sevmir», - deyir.

«GÜRCÜSTANA NƏ QALACAQ?»

Sheshelidze hesab edir ki, ultramillətçilər fərqli olacaqlar. Əvvəla ona görə ki, onların lideri David Tarkhan-Mouravi Gürcüstanın son kralının törəmələrindəndir. Onun sözlərinə görə, hakimiyyətdəkilərin yumşaqlığı Gürcüstanın bir az parçalanmasına səbəb olacaq: «Ruslar Abxaziyanı, Cənubi Osetiyanı tutduqları kimi, Azərbaycan da Marneulini, ermənilər Cavaxetiyanı, türklər Acarıstanı alacaqlar. Gürcüstana nə qalacaq?».

Gürcüstanda seçkilərin ikinci turuna bir neçə gün qalır. Gürcüstan Siyasət İnstitutunun direktoru Kornely Kakachia-nın fikrincə, indi sosial şəbəkələrin də əsas mövzusu, daha doğrusu, hər iki zarafatdan birinin mövzusu ultramillətçilərdir. Ultramillətçilərin bütün təəccüblərə rəğmən qalib gəlməsinin səbəbi elə bu lağlağılardır. Kornely Kakachia da təqaüdçünün fikirlərinə şərikdir və ultramillətçilərin Rusiyaya meyllənmədiyini düşünür: «Mən onları Rusiyayla bağlı neytral, türklərə qarşı sərt, sosial mühafizəkar düşüncəli millətçilər adlandırardım».

Ultramillətçilər Türkiyənin də Gürcüstan hakimiyyəti üzərində böyük nüfuza malik olduğunu, Saakashvili-nin Acarıstanı Türkiyəyə satdığını deyirlər. «Türkiyə heç vaxt bizim dostumuz olmayıb, deyil və olmayacaq da, bunu intellekti sıfır olan da bilir».

Ultramillətçilərin liderlərindən Tarkhan-Mouravi hələ 2014-cü ildə belə deyirdi.

«RUSİYA BAZARINI NİYƏ ƏLDƏN VERMƏLİYİK?»

«EurasiaNet» bu ilin sentyabrında bir neçə millətçinin Tbilisidəki türk restoranlarına hücumlarını xatırladır. Liderlərindən biri G.Maghlakelidze hadisədən xəbəri olmadığını desə də, indiki hakimiyyətin türklərə rəğbətinin həddən artıq olduğunu təsdiqləyir. Rusiyaya gəldikdə, Maghlakelidze belə deyir: «Biz Rusiyayla dərin ticarət əlaqələrinin tərəfdarıyıq. Çünki istehsal etdiyimiz məhsullar hazırda Avropa və ABŞ standartlarına uyğun gəlmir, amma ruslar üçün qəbuldur. Biz bu bazarı niyə əldən verməliyik?».

Onun fikrincə, indiki hakimiyyət Rusiyanın niyyətini anlamır. «Rusların burda marağı iqtisadi xarakter daşıyır—neft kəmərləri, limanlar və s.». Onun sözlərinə görə, ultramillətçilər Rusiya ilə sövdələşər, rus kəmərlərinin Gürcüstandan keçməsinə icazə verər, Abxaziya və Cənubi Osetiyanın qaytarılması naminə bütün qeyri-rus kəmərlərinin, o cümlədən Transxəzər kəmərinin qarşısını alardılar.

«Vətənpərvərlər Alyansı»nın Gürcüstan parlamentində rolunun nədən ibarət olacağı hələ bəlli deyil. Oktyabrın 30-na təyin olunmuş ikinci turda yenə iki əsas partiya—Vahid Milli Hərəkat və hakim «Gürcü Arzusu» yarışacaq. Ultramillətçilər Vahid MilliHərəkatla deyil, «Gürcü arzusu» ilə koalisiya məsələsinə baxacaqlarını deyirlər.

Amma «Gürcü arzusu» parlamentdəki yerlərin əksəriyyətini tutarsa, koalisiya yaratmadan fəaliyyət göstərə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG