Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:09

'Artıq azərbaycanlı gənclər öz perspektivlərini Gürcüstana bağlayırlar'


Borçalı kimə səs verəcək? Marneulidən reportaj
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Borçalı kimə səs verəcək? Marneulidən reportaj

Gürcüstanda ikinci tura qalmış seçki dairələrində deputatlıq mandatı uğrunda yarışan namizədlərdən biri də yerli azərbaycanlı Əhməd İmanquliyev idi. Birinci turda keçmiş prezident Mikheil Saakashvili-nin rəhbəri olduğu Vahid Milli Hərəkatı təmsil edən Əhməd İmanquliyev və əsas rəqibi, hakim partiyanın namizədi Tamaz Naveriani baryeri keçə bilməmişdi.

Əhməd İmanquliyev Marneuli rayonunda 36-cı dairədə seçkinin birinci turunda seçicilərin 48 faizinin səsini almışdı. Əsas rəqibi də təxminən o qədər səs topladığından onlar ikinci tura qalmışdılar. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, oktyabrın 30-da İmanquliyev seçicilərin 27 faizinin səsini qazanıb, rəqibi Tamaz Naveriani isə 72 faiz səslə deputat seçilib.

Əhməd İmanquliyev AzadlıqRadiosuna müsahibəsində seçkinin ədalətli keçmədiyini söyləyir:

Əhməd İmanquliyev: 'İndi bütün güc, rıçaqlar 'Gürcü arzusu'nun əlində olduğundan reaksiya vermədilər'
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

–Seçicilərə hədə-qorxu gəlindi, onları təhdid etdilər, bəziləri pulla alındılar. Bir çox seçici oktyabrın 8-də səs verdiyi məntəqədə adını tapmadı. Bir çox qanunsuzluqlar baş verdi.

– Bu necə olur? Təxminən 20 gün öncə bir məntəqədə səs verən seçici adını həmin məntəqənin siyahısında necə tapmaya bilər?

– Bizə də elə o maraqlıdır - necə olur ki, 20 gün əvvəl gəlib səs veriblər, amma adları siyahıda yoxdur? Özü də bir-iki nəfər deyil, yüzlərlə seçicidən söhbət gedir.

– Sizə səs verən bir-iki adamı müəyyənləşdirib onu bəlkə də siyahıdan çıxarmaq olardı. Yüzlərlə adamı seçici siyahısından necə çıxarmaq olar?

– Birinci turda rəqibimin 70-80 faizlə uduzduğu məntəqələrdə seçici siyahısı dəyişdirilmişdi. Mərkəzi Seçki Komissiyasının saytında, tutalım, yazılıb ki, Əli Əliyev 16-cı məntəqədə seçici kimi qeydiyyatdadır, üstəlik, oktyabrın 8-də də burda səs verib. Əli Əliyev gedir məntəqəyə və məlum olur ki, adı seçici siyahısında yoxdur.

– Ancaq hər məntəqənin müəyyən sayda seçicisi var, o zaman adı çıxarılmış adamların yerini kim doldurub?

– Başqa adamların adını yazıblar.

– Əlinizdə bunu sübut edəcək faktlar var?

– Var və biz artıq Mərkəzi Seçki Komissiyasına müraciət etmişik. Ancaq indi bütün güc, rıçaqlar «Gürcü arzusu»nun əlində olduğundan reaksiya vermədilər.

– Təzyiq hər yerdə də vardı, ya təkcə azərbaycanlılar yaşayan kəndlərdə?

– Bütün məntəqələrdə.

– Bəs gürcü ilə azərbaycanlı seçicilərə təzyiqdə fərq var idimi?

– Əlbəttə, var idi, azərbaycanlılar ayrı, gürcülər bir ayrı təhdid olunurdu. Hərəsinin öz təhdid metodu var. Onu da əlavə edim ki, biz bütün qanuni-hüquqi yollardan yararlanıb həmin dairənin nəticələrini ləğv etdirəcəyik.

– Müşahidəçilər və AzadlıqRadiosunun müsahibə götürdüyü keçmiş deputatlığa namizədlər vurğulayırdılar ki, ilk dəfədir Azərbaycan icması arasında ölkə hakimiyyətini dəstəkləyənlərlə yanaşı, müxalifətə də böyük dəstək yarandı. Hətta namizədlərin çoxu müxalif düşərgədən idi. Bunun səbəbini nə ilə izah edirsiniz?

– Gürcüstan Avropa yolunda irəliləyən, üzünü Qərbə çevirən bir dövlətdir. Bizim gənclər də artıq anlayırlar ki, demokratiya bu yoldan keçir, etnik azərbaycanlılar da artıq Gürcüstanın gələcəyinin qurulmasında iştirak etməlidirlər. Onu da dərk edirik ki, Gürcüstanın gələcəyini bir partiya qura bilməz, gərək müxalifət də güclü olsun ki, hər ikisi arasında balans yaransın. Düşünürəm ki, bu addımımız doğrudur və ayrı-ayrı partiyaların fəaliyyətində iştirak etməyimiz bölgəmizə, xalqımıza daha çox diqqət yetirilməsiylə sonuclanacaq.

– Bir vaxtlar Gürcüstanda yaşayan azərbaycanlılar təhsil, karyeradan ötrü neft gəlirləri ilə zənginləşmiş Azərbaycana üz tuturdular. Bu gün Azərbaycan yenə cəlbediciliyini saxlayırmı?

– Gürcüstan dövlətində artıq azərbaycanlılar ictimai-siyasi addımlarını atdılar və öz siyasi karyeralarını, perspektivlərini daha çox Gürcüstanda görürlər. Çünki Azərbaycan milli vətəndirsə, Gürcüstan da bizim ana vətənimizdir. Artıq «Gürcüstan dövlətinin sahibi yalnız gürcülərdir» baxışı dəyişib, biz etnik azərbaycanlılar da, digərləri kimi, bu ölkənin vətəndaşıyıq və dövlətin gələcəyinin qurulmasında addımımızı atacağıq. Öz perspektivimizi də artıq öz dövlətimizdə görürük.

– Bu seçkidə gürcüdilli azərbaycanlı siyasətçilər gördük. Sizcə, azərbaycanlı siyasətçilər gürcü siyasətində etnik olaraq qalacaqlar, ya artıq ölkəboyu tanınan bir siyasətçiyə çevriləcəklər?

– Mən öz adımdan danışıram, heç bir vaxt milliyətimizi önə çəkmədik, Gürcüstanın ümumi maraqlarından çıxış etdik. Bundan sonra da təbii ki, Gürcüstan dövlətçiliyinin üzərindən siyasətimizi aparacağıq və eyni zamanda, milli azlıqların hüquqlarının qorunmasını da gözardına almayacağıq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG