Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:56

Türkləri 'adam saymayan' partiya parlamentə keçdi


«Vətənpərvərlər alyansı» seçkilərin birinci turunda 5.01 % səs toplayıb.

«Vətənpərvərlər alyansı» seçkilərin birinci turunda 5.01 % səs toplayıb.

Oktyabrın 30-da Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur namizədlərdən heç birinin səslərin 50%-ni toplamadığı dairələrdə olacaq. Birinci turun nəticələrinə görə, parlamentə üç partiya keçə bilib: hakim «Gürcü arzusu» və müxalifətdə olan «Vahid Milli Hərəkat» və «Vətənpərvərlər alyansı».

50 YER UĞRUNDA MÜBARİZƏ GEDƏCƏK

«Vətənpərvərlər alyansı»nı Gürcüstanda çoxları rusiyapərəst qüvvə hesab edir. Həmçinin, bu partiyanın millətçi baxışlara malik olduğu deyilir.

Gürcüstanın siyasi partiyaları yenidən güclərini toplayıb seçkiyə hazırlaşırlar: ikinci turda düz 50 deputat yeri uğrunda mübarizə aparılacaq.

Birinci turda olduğu kimi, ikinci turda da əsas mübarizə hakim «Gürcü Arzusu» Partiyası ilə müxalif «Vahid Milli Hərəkat» arasında gedəcək. Digər siyasi partiyaları təmsil edən və müstəqil namizədlər yalnız dörd dairədə yarışacaqlar.

«Seçicilərin tənbəllik etməyib öz seçimlərini təsdiqləmək üçün yenidən məntəqələrə gəlməsi lazımdır», - müstəqil namizəd Salome Zurabishvili deyir.

Nino Burjanadze

Nino Burjanadze

QARANLIQ PERSPEKTİVLƏR

«Demokratik hərəkat» isə ikinci turda iştirakdan imtina edib. Onun lideri, eks-spiker Nino Burjanadze əmindir ki, ölkəni çox qaranlıq perspektivlər gözləyir.

«Ölkədə daha məhkəmə yoxdur, ədalətə nail olmaq imkanı yoxdur. Seçkilər əhəmiyyətini itirir. Bu vəziyyətdə ölkənin iki inkişaf istiqaməti var: a) tam avtokratiya və b) inqilab. Hər ikisi pisdir», - deyə Burjanadze tərəfdarları qarşısında çıxışında bildirib.

Oliqarx Bidzina Ivanishvili-nin yaratdığı hakim «Gürcü Arzusu» Partiyası seçkilərin ikinci turunda parlamentdə konstitusion çoxluğu əldə etmək istəyini gizlətmir. Bu baş verəcəyi halda parlament müxalifəti hakim partiyanın qərarlarına təsir etmək imkanlarından məhrum olacaq.

HAKİMİYYƏTİN RUPORU

Gürcüstanlı politoloq Gela Vasadze hesab edir ki, parlamentdə yalnız bir partiya – «Vahid Milli Hərəkat» müxalif mövqe nümayiş etdirəcək. Onun fikrincə, «Vətənpərvərlər alyansı»na ümid bəsləməyə dəyməz. Politoloq deyir ki, alyansa verilən rol başqadır. O, hakimiyyətin ruporu olacaq.

«Bidzina Ivanishvili-nin Rusiyada maraqları var. Kreml və Moskva ona təsir göstərə bilir. Qərb də ona eyni dərəcədə təsir göstərə bilir. «Gürcü Arzusu»nun parlamentdə səsləndirməyə çəkindiyi, populyar olmayan, marginal fikirləri «Vətənpərvərlər alyansı» səsləndirəcək», - Gela Vasadze deyir.

Gela Vasadze

Gela Vasadze

«Vətənpərvərlər alyansı» özünü qərbpərəst qüvvə, sağçı Avropa mühafizəkarları kimi göstərən gənc partiyadır. Buna baxmayaraq, partiyanın təbliğatçısı olan «Obyektiv» telekanalı rusiyapərəst qüvvələrin çıxış meydançasına çevrilib. Bundan başqa, bu partiyanı tez-tez ksenofobiya və millətçilikdə suçlayırlar.

«AUDİTORİYANI ŞƏNLƏNDİRİRLƏR»

«Gəlin açıq danışaq: Avroatlantika kursunu dəstəkləməklə yanaşı, bütün seçki kampaniyasını ksenofob bəyanatlar, antitürk təbliğatı və hətta «türklər insandırmı, yoxsa o qədər də yox» mövzusunda düşüncələr üzərində qurmaq mümkün deyil. Onlar hətta bunu da səsləndiriblər», - deyə Gela Vasadze bildirir.

Vasadze hesab edir ki, buna bənzər bəyanatlar başqa ölkələrlə münasibətlərdə Gürcüstanın nüfuzuna xələl gətirə bilər. Ancaq o deyir ki, «Vətənpərvərlər alyansı» hərdən auditoriyanı şənləndirir. Bir neçə gün bundan əvvəl partiyanın liderlərindən biri David Tarkhan-Mouravi Amerikanın «GfK» tədqiqat şirkətini KFC restoranlar şəbəkəsi ilə səhv salıb və onun «bütün dünyada toyuq qanadları satan səriştəsiz bir təşkilat» olduğunu deyib.

Seçkilərin birinci turunda 5.01 % səs toplayan «Vətənpərvərlər alyansı» parlamentə düşməkdən ötrü minimal səddi keçib və altı mandat qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG