Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:49

Gürcüstanda ultramillətçilər də parlamentə keçib


Gürcüstanda səsvermə - 8 oktyabr 2016
Gürcüstanda səsvermə - 8 oktyabr 2016

Gürcüstanda parlament seçkilərində hakim «Gürcü Arzusu» Partiyası qələbə çaldı. Gürcüstan Mərkəzi Seçki Komissiyası səslərin 48.61%-ni «Gürcü Arzusu»nun, 27.04%-ni keçmiş prezident Mikheil Saakashvili-nin Vahid Milli Hərəkat Partiyasının topladığını bildirib.

«Reuters» agentliyinin məlumatına görə, seçki prosesi də, seçkiqabağı kampaniya kimi, çaxnaşmalarla yadda qalıb. Seçki günü bir neçə məntəqədə toqquşma olub. Gürcüstanın qərbində, Cixaşkari kəndində bir dəstə adam seçki məntəqəsini daşa basıb, yerli, həm də xarici müşahidəçilərə hücum edib.

AzadlıqRadiosu da azərbaycanlıların yaşadığı Marneuli rayonundakı seçki məntəqələrindən birində dava düşdüyünü xəbər vermişdi.

Bununla belə, beynəlxalq müşahidəçilər Gürcüstanda səsverməni müsbət qiymətləndirir. ATƏT oktyabrın 9-da yaydığı bəyanatda Gürcüstanda seçkinin rəqabətli keçdiyini, fundamental azadlıqlara sayqı göstərildiyini bildirib. Təşkilatın müşahidə missiyasının rəhbəri Ignacio Sanchez deyib ki, «Şahidi olduğumuz yolverilməz hadisələrin təsiri var, amma bu olaylar seçkinin pozitiv xarakterinə xələl gətirməyib». «Bloomberg» agentliyinin yazdığına görə, ATƏT missiyası sonuncu tura nəzarət etmək məqsədilə hələ ki, ölkədə qalacaq.

Buna da bax-Gürcüstanda seçki məntəqəsinə hücüm olub

Gürcüstanda seçki məntəqəsinə hücüm olub
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

SƏSLƏRİN 5%-İ

«Reuters»in yazdığına görə, hakimiyyət, yəqin ki, ATƏT-in bəyanatından bayraq kimi istifadə edəcək, parlamentə keçməsə, küçələrə çıxacaqlarını deyən partiyalardan bu bəyanatla qorunacaq.

Seçkinin nəticələrinə təkcə parlamentə keçməyənlər deyil, müxalifətin Vahid Milli Hərəkat Partiyası da etiraz edir. Onlar hakim partiyanın səsləri oğurladığını deyib, MSK-nın qarşısında aksiya keçiriblər. «Seçkinin nəticələrinin asanlıqla qəbul edilməyəcəyi ilə bağlı narahatlıq böyükdür». «Al Jazeera» telekanalının müxbiri Robin Forestier-Walker seçkisonrası aksiyalardan xəbər verərkən belə deyib.

Gürcüstan parlamentinə keçən partiyalardan biri də səslərin 5%-ni toplayan Gürcüstan Vətənpərvərləri Alyansıdır. Tərəfdarlarının sayı az olsa da, Qərbə inteqrasiyaya qarşı çıxan, Moskvaya yaxınlaşmağı təbliğ edən bu ultramillətçi partiyanın parlamentdə yer qazanması Qərbə meylliyi ilə seçilən hakim, eləcə də ən güclü müxalifət partiyası üçün sınaq olacaq. «The Los-Angeles Times» qəzeti Gürcüstanda seçkiylə bağlı məqaləsində belə yazır. Əslində, səslərin çoxunu qazanan hakim «Gürcü Arzusu» Partiyası da Rusiyayla münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır. Ancaq bu partiya da öz sələfi kimi, hakimiyyətə gələndən ölkənin NATO-ya, AB-yə qoşulması istiqamətində siyasət aparır.

YA QƏRB, YA RUSİYA

Amma prosesin ləngiməsi, digər tərəfdən «Gürcü Arzusu» Partiyasının iqtisadi islahatlarının zəifliyi, nəticədə xarici sərmayəçilərin geri çəkilməsi, «The Los-Angeles Times»ın yazdığına görə, xalqı narazı salıb. Qəzəbli, məyus elektoratın böyük bir hissəsi Kremlə bağlı ultramillətçilərə tərəf çevrilib. Müəllif bildirir ki, Rusiya onun üçün əhəmiyyətli strateji mövqeyi olan Gürcüstanı geriyə – Moskvanın orbitinə qaytarmağa fürsət axtarır, tez-tez keçmiş Sovet ölkələrinin Qərbdən ötrü əhəmiyyət daşımadıqlarını, ona görə də Moskvaya yaxın dayanmalı olduqlarını deyir.

İndi parlamentdə yer alacaq Gürcüstan Vətənpərvərləri Alyansı liderinin əsas məqsədlərindən biri ölkənin NATO-ya qoşulmasını əngəlləməkdir. «Vətənpərvərlər Alyansının yeni hökumətdə peyda olması ölkə üçün fəlakətdir. Şokdayam». Gürcüstanın NATO-da təmsilçisi Gutsa Gvelesiani belə deyib.

Gürcüstanın yeni parlamenti, əvvəlkindən fərqli olaraq, Qərbin dəstəyinə bel bağlaya bilməz. İndi yeni hökumətin qarşısında dayanan sual hakim «Gürcü Arzusu» və müxalif Vahid Milli Hərəkat partiyalarının narazılıqlara üstün gəlib-gəlməyəcəyi, Putin-in son qazandıqlarının üstündən xətt çəkib-çəkməyəcəyi ilə bağlıdır. «The Los-Angeles Times» belə yazır.

XS
SM
MD
LG