Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:57

Biz necə, Avropaya vizasız gediş-gəliş istəyirikmi?


Schengen
Schengen

Prezidentlərin görüşü kimə sərf etdi?

“Azərbaycan və Ermənistan prezidentlərinin Berndəki görüşü nəticəsiz qaldı. Başqa cür olması da çətindir. Çünki Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur, Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə hazırlaşmır”.

Bunu “Report”a şərhində «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Ekspert sual edir ki, görüşün nəticəsiz qalacağı əvvəlcədən çoxlarına bəlli idisə, həmsədrlər niyə cidd-cəhdlə prezidentlərin görüşdürmək istəyirdilər? Özü bu suala belə cavab verir:

“Bunun bircə səbəbi var: İlin sonudur, həmsədrlər 2015-ci ilin hesabatını hazırlamalıdırlar. Ancaq həmin hesabatda nə yazacaqdılar ki? Cəbhə bölgəsində atəşkəs intensiv pozulur, atəşkəsin mövcud olduğu 21 ildə tərəflər ilk dəfə ağır texnikadan istifadə edirlər, üstəgəl də prezidentlərin görüşü alınmırdı. Həmsədrlər 2015-ci ildə prezidentləri bir neçə dəfə görüşdürmək istəsə də bu alınmırdı. Əgər danışıqlarda irəliləyiş yoxdursa, Ermənistan prezidenti ilə görüşün əhəmiyyəti yoxdur. Belə nəticəsiz görüşlər Ermənistan hakimiyyətinə lazımdır ki, danışıqların imitasiyasını yaratsın və bu yolla Dağlıq Qarabağ ətrafında status-kvonu uzatmağa çalışsın. Buna baxmayaraq, sonda Azərbaycan prezidenti həmsədrlərin çoxsaylı istəkləri əsasında Berndə erməni həmkarıyla görüşə razılıq verdi. Çünki əks halda qarşı tərəf deyəcəkdi ki, Azərbaycan görüşdən yayınır”.

E. Şahinoğlu bildirir ki, indi həmsədrlərin öz xarici işlər nazirlərinə və ATƏT sədrinə yazacaqları hesabatda yeganə “pozitiv” bənd olacaq:

“İlin sonunda prezidentləri görüşdürdük”. Bununla aydın olur ki, Bern görüşü prezidentlərdən çox həmsədrlərə lazım idi. Ancaq həmsədrlər anlamalıdırlar ki, bu kimi nəticəsiz görüşlərlə münaqişənin həllini yaxınlaşdırmırlar, sadəcə dekorativ görüntü yaradırlar”.

“Bəs biz necə, Avropaya vizasız gediş-gəliş hüququ istəyirikmi?”

"Azadlıq" qəzeti yazır ki, AXCP sədri Әli Kərimli Gürcüstan və Ukraynanın Avropa Birliyi ilə vizasız rejimə keçməsinə münasibət bildirib və bu kontekstdən Gürcüstanla Azərbaycan arasında müqayisə aparıb:

“Bəs biz azərbaycanlılar necə, Avropa ölkələrinə vizasız gediş-gəliş hüququ istəyirikmi? Məncə, bu gün biz Gürcüstan nümunəsi haqda daha ciddi müzakirə aça bilərik. Bu qonşu ölkədə baş verənlər son illərdə biz azərbaycanlıları tez-tez düşünməyə, bəzən də utanmağa məcbur edir. Etiraf etmək lazımdır ki, məhz Gürcüstanın son illərdə əldə etdiyi nailiyyətlər fonunda sülalə hakimiyyətinin xalqımızı nə qədər geriyə saldığı daha aydın görünür. Orta statistik azərbaycanlını almanın, ingilisin, fransızın, digər Avropa xalqlarının uğurları və həyat tərzi ilə təəccübləndirmək mümkün deyil. Çünki onların tarixi inkişafın daha yüksək pilləsində olduğu ilə haradasa barışmış kimiyik. Amma Gürcüstan tarixi, mədəni, coğrafi, mentalitet baxımından bizə çox yaxındır. İndi də, faktiki Avropa olurlar. Bütün Avropanı vizasız gəzəcəklər. Avropanı təkcə gəzməyəcəklər, Avropanın təhsil, səhiyyə, xidmət standartını ölkələrinə gətirirlər. Müstəqil və peşəkar məhkəmənin, şəffaf idarəetmənin, demokratik seçkilərin, azad mətbuatın dadını çıxarırlar. Bəs biz necə müstəqil və peşəkar məhkəmə, iqtisadi və siyasi azadlıqlar, korrupsiya və monopoliyadan uzaq, şəffaf idarəetmə istəyirikmi? İstəyirikmi ki, bizdə də təhsil, səhiyyə, gömrük, vergi Avropa standartlarına uyğunlaşsın? İstəyirikmi ki, bizi oğru, savadsız və cinayətkar oliqarxlar yox, savadlı və xalqa canı yanan aramızdakı şəxsiyyətli, bacarıqlı, əlitəmiz insanlar idarə etsinlər? İstəyiriksə, üzərimizə məsuliyyət götürməyə hazır olmalıyıq, özümüzə, millətimizə inanmalıyıq. Bəli, biz də, azad ola bilərik və olmalıyıq”.

11 ayda 24 milyard manatlıq sənaye məhsulları istehsal olunub

Sənayedə çalışanların orta aylıq əməkhaqqının 800 manat olduğunu yazan “Azərbaycan” qəzeti cari ilin 11 ayında sənayedə istehsal olunan məhsulların dəyərinin 3 faiz artaraq 24 milyard manat təşkil etdiyini qeyd edir.

Qəzet yazır ki, bu il dünya iqtisadiyyatı üçün çətin olub:

“Siyasi gərginlikdən yaranan böhran iqtisadiyyatda bir sıra problemlər yaratdı. Bunun başlıca səbəblərindən biri Qərblə Rusiya arasında olan siyasi qarşıdurmadır. İkinci səbəbi isə bu gərginliyin fonunda enerji daşıyıcılarının qiymətinin kəskin aşağı düşməsidir. Enerji resurslarının kəskin ucuzlaşması iqtisadiyyatda zəncirvari reaksiya doğuraraq böhranı daha da gərginləşdirib. Ölkəmiz də dünyada neft və qaz ixrac edən ölkələrdən olduğu üçün belə vəziyyət istər-istəməz iqtisadi inkişafımıza müəyyən təsir göstərir. Lakin qeyri-neft sektorunun inkişafı istiqamətində vaxtında görülən tədbirlər sayəsində böhranın ölkəmizə təsirini hələ ki neytrallaşdırmaq mümkün olur”.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG