Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:59

Gürcüstan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın da dövründə Vaşinqtonla münasibətlərin möhkəm olacağını gözləyir. D.Trump-ın Rusiyayla yaxınlaşmaq çağırışlarına baxmayaraq, Gürcüstan prezidenti NATO ilə sıx əməkdaşlığı davam etdirəcəyini söyləyib. «Reuters» agentliyi Gürcüstan prezidenti Georgy Margvelashvili ilə müsahibəni dərc edib.

Agentlik yazır ki, D.Trump-ın çıxışları NATO-nun nüfuzuna mənfi təsir göstərsə də, Gürcüstan alyansa qoşulmaqda israrlıdır. Hazırda ölkə NATO-nun tövsiyələrinə əməl etməyə çalışaraq, daxili istehsalının 2%-ni müdafiəyə xərcləyir, amma təşkilatın öhdəliklərinə hələ tam əməl edə bilmir.

SON 25 İLİN MARAQ VƏ MƏQSƏDLƏRİ

Gürcüstan prezidenti G.Margvelashvili «Reuters»ə müsahibəsində D.Trump-la bağlı nikbinliyini dilə gətirib: «Bizim Donald Trump-la əlaqələrimiz Konqresdəki respublikaçı və demokrat dostlarımızla münasibətlərimiz qədər yaxşı olacaq, çünki söhbət bizi son 25 ildə birləşdirən və birləşdirməkdə olan maraq və məqsədlərdən gedir».

George W.Bush və Barack Obama administrasiyası Gürcüstana hərbi baxımdan geninə-boluna yardım edir, Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə sayqı göstərməməsinə qarşı çıxırdılar.

Gürcüstan ərazisinin 1/5-i indi rusiyayönümlü separatçıların nəzarəti altındadır. Ölkənin iki regionu 2008-ci ildə, Rusiyanın müdaxiləsindən sonra ayrılaraq müstəqilliyini elan edib.

ABŞ-Gürcüstan birgə hərbi təlimləri

ABŞ-Gürcüstan birgə hərbi təlimləri

«Reuters» yazır ki, Gürcüstan Qərbdən ötrü əhəmiyyətini qoruyub saxlayır, çünki Xəzərdən Avropaya gedən neft və qaz kəmərləri bu ölkənin ərazisindən keçir. Gürcüstansa bu mövqeyindən yararlanaraq Avropa Birliyinə daha yaxından inteqrasiya etmək, siyasi və iqtisadi əlaqələrini gücləndirməkdən ötrü əlindən gələni edir. 2014-cü ildə Tbilisidə AB ilə azad ticarət haqda müqavilə imzalayıb, indi də Gürcüstan vətəndaşlarının quruma üzv ölkələrə vizasız gediş-gəlişinə nail olmağa çalışır.

VİZA MƏSƏLƏSİ

G.Margvelashvili «Reuters»ə müsahibəsində viza məsələsinin həllini tapmamasına təəssüfləndiyini bildirib. Prezident Tbilisinin buna görə bütün şərtlərə əməl etdiyini, amma AB-nin, eləcə də NATO-nun səyləri mühafizəkar şəkildə qiymətləndirdiyini söyləyib: «Bu konservativ fazanın hansısa nöqtədə başa çatmalı olduğunu, daha fəal, daha cəlbedici gündəmə keçməli olduğumuzu düşünürəm».

47 yaşlı prezident G.Margvelashvili Gürcüstanın keçmiş amiri - Rusiyanın hələ də əhəmiyyətli oyunçu olduğunu və gərginliyə baxmayaraq, Tbilisinin də Moskvayla dialoqa çalışacağını vurğulayıb: «Fikrimizcə, həm qonşuları, həm də beynəlxalq oyunçular Rusiyanın əhəmiyyətini nəzərə almalıdırlar». Prezident Rusiyayla məqsədyönlü müzakirələrə, sülhə tərəfdar olduqlarını, Gürcüstanı müharibəyə cəlb edəcək təxribatlardan uzaq durmağa çalışdıqlarını bildirib. Münasibətlərin yaxşılaşmasının Rusiya Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə sayqı göstərəcəyi halda mümkün olduğunu vurğulayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG