Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:10

“Keçən il bu gün 15-20 qoyun satmışdıq”- [Video]


►Bu il Azərbaycanda qurbanlıq qoyunun qiyməti ötən illə müqayisədə ucuz olsa da, alıcı azdır.

Son iki-üç gündə paytaxt Bakının az qala hər küçəsində tələm-tələsik düzəldilmiş çəpərlər, onların içində baş-başa verib yatışan qoyun-quzu və şəhərə yad bir qoxu peyda olub.

Satıcılar isti havada taqətdən düşən qurbanlıqlara su daşıyır, ot verir, ara-sıra müştəri haraylayırlar. Alici isə...

Bu il Azərbaycanda qurbanlıq qoyunun qiyməti ötən illə müqayisədə ucuz olsa da, alıcı azdır. Bunu satıcılar deyirlər. Elə biz də alıcıdan çox satıcı, qoyun-quzu gördük.

Düzdür, satıcılar ümidsiz deyillər. Onlar düşünürlər ki, Qurban Bayramına hələ bir gün var, sentyabrın 24-də bayram namazından sonra müştərilərin də sayı artacaq.

Buna da bax: Adam bıçaqlayan general oğluna gülməli cəza

“Ötən ilki alver bu il yoxdur”

Bakıda qurbanlıq qoyunlar, 23 sentyabr, 2015

Bakıda qurbanlıq qoyunlar, 23 sentyabr, 2015

Hərçənd Laçın köçkünü olan Mahir Paşayev deyir ki, ötən ilki alver bu il yoxdur, keçən Qurban bayramında bir gün öncədən 20-30 qoyunun behini alıbmış, indisə...

- Bu gün alıcı yoxdur. Amma qiymətlə, şərtlərlə maraqlanan var. Hamı deyir ki, sabah gəlib alacağıq. Bu gün iki-üç qoyun satmışıq.

Qiymət də ucuzdur.

- Səbəb nədir?

- Heyvan boldur. Keçən il heyvan az idi, qiymət də bahaydı. Bu il bolluqdur, qiymət də aşağıdır.

- Alıcılıq qabiliyyəti ötən illə müqayisədə necədir?

- Keçən illə müqayisədə fərqlidir. Keçən il bu günü 15-20 qoyun satmışdıq. Bu gün 3-5 dənə. Keçən ilə baxanda alıcılıq aşağıdır.

Dilxor görünən gənc satıcı isə bunları deyir:

- Ötən il bu vaxtı 70-80 heyvan satmışdıq. Bu il hələ 30 baş satmamışam. Çox zəifdir. Keçən il 10 manata satırdıq, indi 9-a, 8-ə, lap 7-yə də satırıq. Camaatda imkan yoxdur. İş yoxdur. Keçən il imkan vardı alırdılar.

Buna da bax: "Rəhmətlik" maşın bazarından reportaj- [Video]

“Kilosu 8 manata düşsəydi...”

Bakıda qurbanlıq qoyunlar, 23 sentyabr, 2015

Bakıda qurbanlıq qoyunlar, 23 sentyabr, 2015

Qurban dayı qoyun-quzuya diqqətlə baxsa da, heç nə almır. Səbəbiylə maraqlanırıq, cavabı belə olur:

- Belə götürəndə kilosu 10 manata düşür. Əvvəl bütöv heyvanı alanda kilosu 9 manata düşürdü. İndi Qurban bayramıdır, 10 manata gəlir, o da sərf etmir.

Bakıda qurbanlıq qoyun, 23 sentyabr, 2015

Bakıda qurbanlıq qoyun, 23 sentyabr, 2015

İbrahim Həsənov da qurbanlıq quzulara baxa-baxa keçir:

- Hər il alıb kəsmişəm. Amma bu il almayacam. Bu il maddi çətinliyim var. 80-100 manata olsa alardım.

Alıcı Fatma Mehdiyeva satıcını danışdırsa da, narazılıqla aralanır:

- Bahadır, heç olmasa? kilosu 8 manata düşsəydi, yaxşıydı.

- Sabah qurban ala biləcəksizmi?

- Yəqin ki yox.

Satıcı Etibar Əlizadəsə narazı müştərinin ardınca dillənir:

- Qadın xeylağıdır, başı çıxmır. 14-15 kiloluq quzunu 140 manata deyib, amma 120-110 manata satırıq. Bu qadınsa alan deyil, elə-belə soruşub gedir. Bu il heyvan çoxdur, bu il qiymət də ucuzdur.

- Alan varmı?

- Var, səhərdən 10-15 qoyun satmışam. Amma yəqin sabah kasıb təbəqə kiloyla alacaq.

Bakıda qurbanlıq qoyunlar, 23 sentyabr, 2015

Bakıda qurbanlıq qoyunlar, 23 sentyabr, 2015

Ağcabədidən qurbanlıq heyvan gətirən Şəmşir Abdullayev deyir ki, ötən bayramla müqayisədə bu il qiymətlərdə 20-30 manat fərq var. Əl-ayağı qırmızı lentlə bağlanmış qoçu göstərir:

“Belə bir qoçu 160-170 manata satırdıq, indi 150 manata satmışıq, kilosu 9 manata düşür”.

Bakıda qurbanlıq qoyunlar, 23 sentyabr, 2015

Bakıda qurbanlıq qoyunlar, 23 sentyabr, 2015

Buna da bax: Neft Fondu $432 milyona Yaponiyada bina aldı

Arzu ayrı, imkan ayrı...

Yaxınlaşdığımız bəzi alıcılarsa qiymətlə maraqlanmadıqlarını deyirlər. Məsələn, iki təqaüdçü qiymətlə də, qurbanla da sabah maraqlanacaqlarını bildirirlər:

“Hamının arzusudur qurban kəsmək. Amma arzu ayrı, imkan ayrı...”

Özünü ticarətçi kimi təqdim edən Amil Şükürov valideynləri ilə bir yerdə qurban kəsmək üçün 130 manata qoyun alıb. Deyir ki, qiymət münasibdir. Ancaq onu da əlavə edir ki, ötən il baha da olsa təkbaşına, 160 manata ürəyi istəyən qurbanı alıbmış, bu il alveri getmədiyi üçün o da valideynləri ilə köməkləşib.

Ötən il dünyada neftin qiyməti düşməyə başlayıb. Bundan bir qədər sonra iqtisadiyyatı neftdən asılı olan, özəl sektoru zəif inkişaf edən Azərbaycanda Mərkəzi Bankın qərarı ilə manatın təxminən 34 faizlik devalvasiyası elan olunub. İqtisadçıların qənaətincə, bu da insanların güzəranına təsirsiz ötüşməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG