Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

"Azadlıq" qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirli prokurorluğu məhkəməyə verib. Buna səbəb isə Lalə Əmirlinin avtomobilinin qaytarılmamasıdır. Bu barədə AzadlıqRadiosu-nu Lalə Əmirli bilgiləndirib.

Faiq Əmirli həyat yoldaşının maşınını etibarnamə əsasında idarə edirmiş. O, həbs olunan gün istintaq orqanının əməkdaşları maşını da aparıblar. Bildiriblər ki, maşın bir-iki günə qaytarılacaq. Amma bu günə qədər qaytarılmayıb. O vaxtdan bəri avtomobil Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin həyətində saxlanılır.

Buna da bax:​ Lalə Əmirli: 'Onun İmam Faiq kimi həbsini gözləmirdim'

Lalə Əmirli dəfələrlə prokurorluqdan maşınının qaytarılmasını tələb edib, Faiq Əmirlinin vəkili Aqil Layıcov istintaq orqanı qarşısında bu barədə vəsatət qaldırıb. Bu addımlar nəticə vermədiyindən L. Əmirli Nəsimi Rayon Məhkəməsinə üz tutub.

Faiq Əmirli bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının "Hizmet" hərəkatının imamı kimi təqdim edir.

Buna da bax:​ Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [Video]

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen də ittihamları qəbul etmir.

Vəkillərinin bildirməsinə görə, istintaqda F.Əmirliyə ittiham olunduğu məsələr üzrə yox, "Azadlıq" qəzetinin maliyyə qaynaqları haqqında suallar verildiyindən, o, müstəntiqə ifadə verməkdən imtina edib.

Faiq Əmirlinin həbsindən sonra "Azadlıq" qəzetinin çapı da dayanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG