Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:23

""Nizami metrosuna yaxın mülklərimiz əlimizdən zorla alınır"- [Video]


Gülçöhrə Əliyeva: ""Nizami metrosuna yaxın mülklərimiz əlimizdən zorla alınır"
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Gülçöhrə Əliyeva: ""Nizami metrosuna yaxın mülklərimiz əlimizdən zorla alınır"

►“10 il əvvəl 3 min idi, niyə 1500-dən satmalıyam?”

Bakının Zərgərpalan küçəsinin sakini Gülçöhrə Əliyevanın 3 sot torpağın üzərindəki ev-eşiyi Dövlət Dram Teatrının yanındakı “Qrant” otelinin arxasında yerləşir.

Deyir, bir müddətdir ki, Yasamal rayon icra hakimiyyətinin başçısı onun dədə-baba mülkünü “dövlət ehtiyaclarına görə” bəhanəsi ilə əlindən almaq istəyir. Özü də su qiymətinə. İcra hakimiyyəti bu ərazidəki evləri Nazirlər Kabinetinin müvafiq qərarına əsasən aldığını deyir.

Ancaq, deyəsən, qurum Zərgərpalan küçəsi, dalan 7, ev 3 ünvanına çatanda, sözün gerçək mənasında, dalana dirənib. Ev sahibəsi Gülçöhrə xanım dədə-baba mülkünü təslim etmək fikrində deyil:

“Nazirlər Kabinetinin 358 nömrəli, 11 noyabr 2015-ci il tarixli qərarı var. Həmin qərarda göstərilir ki, Nəriman Nərimanov prospektinədək bir sıra evlər dövlət əhəmiyyətli yolların və kommunikasiya xətlərinin çəkilməsi üçün alınır. Həmin qərarda söküləcək evlərin ünvanları dəqiqliyi ilə göstərilib. Şəxsən mənim yaşadığım ünvan o qərarda yoxdur. Ancaq icra hakimiyyəti həmin qərara əsaslanaraq məni utanmazcasına məhkəməyə verib”.

İcra hakimiyyəti Gülçöhrə Əliyevaya üzərində hər cür şəraitli və təmirli ev olan 3 sot torpaq sahəsinin hər kvadratmetrinə görə 1500 manat kompensasiya təklif edir. Gülçöhrə xanımsa razılaşmır:

“Şəhərin mərkəzində heç yerdə bu məbləğdə kompensasiya yoxdur. Hələ 10 il əvvəl bu ərazidəki evlərin sahiblərini köçürəndə kvadratmetrinə 3 min dollardan ödəmişdilər. O vaxt burada evini satan qonşu elə yaxınlıqdakı yeni tikilidən iki mənzil almışdı. İllər keçir, devalvasiyalar baş verir, qiymət qalxmaq əvəzinə yarıya endirilir. İndi verilən kompensasiya ilə yalnız kənarda – məsələn, Hövsanda, Maştağada orta səviyyəli mənzil almaq mümkündür”. (Ardı aşağıda)

MƏNZİLİN KVADRATI 2 MİN 800 MANATA TƏKLİF OLUNUR

Gülçöhrə xanımın yaşadığı həyətdə icra hakimiyyətinin nümayəndələri ilə toqquşmalar da yaşanıb. Hətta əraziyə polis də gəlib:

“İcra hakimiyyəti gəlir sənədi olanı da, olmayanı da hədələyir. Kimisi özü sahəsini verir, verilən məbləğə qane olur, götürüb gedir. Kimisi 1500 manata razılaşmır, zorla çıxarılır. Şəxsən biz də razı deyilik. “Nizami” metrostansiyasının yanındakı yeni tikililərin 16-cı mərtəbəsində mənzilin kvadratmetri 2 min 800 manatdan təklif olunur. Biz niyə bu boyda torpaq sahəmizi onlara su qiymətinə verməliyik? Bura mənim mülkiyyətimdir, sabah üstündə kommersiya obyekti tikdirib pul qazanaram. Mən niyə kvadratmetrini 1500 manatdan məcburi onlara satmalıyam?”

Gülçöhrə xanım deyir, “beləcə, əhalini aldadaraq dövlət ehtiyacı adı altında mərkəzdən kənara köçürürlər, özləri üçün yaşayış binaları, ticarət mərkəzləri tikirlər. Əhalini müflisləşdirib öz ciblərini doldururlar”. Yasamal rayon icra hakimiyyətini məhkəməyə verib ki, söküntü dayandırılsın. 4 ay sonra da qurum Gülçöhrə xanımı eyni məhkəməyə - Yasamal rayon məhkəməsinə verib. İndi eyni məhkəmənin iki hakimindən biri Gülçöhrə xanımın, digəri isə icra hakimiyyətinin iddiasına baxır.

___________________________________________________________

Bunlara da bax:
Şeyxülislam süni mayalanmaya razılıq verdi
«Dedi, pullar Heydər Əliyev Fonduna köçürülüb»

___________________________________________________________

DÖVLƏT EHTİYACI ƏRAZİSİNƏ DÜŞMÜR

İş orasındadır ki, hər iki tərəf məhkəməyə Nazirlər Kabinetinin 358 nömrəli, 11 noyabr 2015-ci il tarixli qərarına əsaslanaraq müraciət edib. Gülçöhrə xanım iddiasında göstərib ki, həmin qərarda onun ünvanı söküləcək ünvanların siyahısında göstərilmir. İcra hakimiyyəti də eyni qərara əsaslanıb. Gülçöhrə xanım deyir, onun ünvanı ümumiyyətlə, dövlət ehtiyacı üçün alınan əraziyə düşmür:

“O layihəyə “Azdrama”nın bir hissəsi, qarşımızdakı beşmərtəbəli binalar, “Qrant” otelin bir hissəsi düşür. Məsələn, otelin təqribən 8 metr ərazisi həmin yola düşür deyə, icra hakimiyyəti otelə bu biri tərəfindən eyni qədərdə torpaq sahəsi verir. Mənimsə torpağım çəkilməsi nəzərdə tutulan yoldan 8 metr aralıda yerləşir. Yəni yola aidiyyəti yoxdur”.

Yasamal rayon icra hakimiyyəti isə deyir, Gülçöhrə Əliyevanın yaşadığı mənzil Nazirlər Kabinetinin qərarı ilə satın alınması nəzərdə tutulmuş əraziyə düşür. Qurumdan məsələnin məhkəmədə mübahisələndirildiyini və məhkəmənin bitmədiyini bildirərək əlavə məlumat verməkdən imtina ediblər.

XS
SM
MD
LG