Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:16

GUAM çərçivəsində regional əməkdaşlıq canlandırılır


GUAM-ın xəritəsi

GUAM-ın xəritəsi

Regional format kimi “Vışegrad dördlüyü”nün təcrübəsindən GUAM-dan ötrü istifadə oluna bilər. Bu regional birliklər uğurla əməkdaşlıq edər.

Bu fikir noyabrın 7-də Bakıda Çexiya səfirliyi və yerli “Atlas” Araşdırmalar Mərkəzinin təşkil etdiyi “GUAM və Vışeqrad qrupu: Regional əməkdaşlıq üçün imkanlar və məhdudiyyətlər” mövzusunda keçirilən dəyirmi masada səslənib.

Buna da bax:​ Visegrad qrupu Şərq tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir

«“Vışeqrad üçlüyü”nü sosial düşərgənin dağılmasından sonra Çexoslovakiya, Macarıstan və Polşa yaradıb. Çexoslovakiyanın Çexiya və Slovakiyaya bölünməsindən sonra dördlüyə çevrildi», Çexiyanın Bakıdakı səfiri Vitezslav Pivonka qeyd edib.

Avropa Birliyinin (AB) Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Malena Mard hesab edir ki, onların daxilində “Vışeqrad dördlüyü” və “Baltika Şurası” kimi regional birliklərin mövcudluğu müxtəlif qrup ölkələrin maraqlarını daha yaxşı başa düşməyə imkan verir.

Tədbirdə GUAM baş katibi Altay Əfəndiyev də danışıb.

“1997-ci ildə yaradıldığı gündən 2008-ci ilə qədər GUAM çərçivəsində nəqliyyat və energetika sahəsində regional əməkdaşlıq məsələləri fəal şəkildə müzakirə olunub. Amma Gürcüstanda 2008-ci il avqust müharibəsindən sonra təşkilat “qeyri-müəyyənlik” mərhələsinə qədəm qoydu. Beynəlxalq ictimaiyyətin Gürcüstandakı avqust hadisələrinə adekvat reaksiya verə bilmədiyi bir şəraitdə bəzi GUAM üzvləri “Rusiya siyasəti yoluna” düşdü”, Altay Əfəndiyev qeyd edib.

Buna da bax:​ Azərbaycan GUAM-ın sədri oldu

Onun fikrincə, Ukraynada 2014-cü il hadisələri regional konteksti əsaslı şəkildə dəyişdirib.

“Bu dəfə dünya ictimaiyyəti baş verənlərə qətiyyətli reaksiya verdi. Eyni zamanda, bu, Ukrayna və Rusiya arasında gərginlik yaratdı. Bu vəziyyət, habelə Ukrayna və Türkiyə üçün Rusiya kommunikasiyalarının bağlanması GUAM nəqliyyat dəhlizlərindən istifadəni yenidən fəallaşdırdı. Belə ki, Ukrayna Qazaxıstanın iştirakı ilə baş nazirlər səviyyəsində GUAM sammiti keçirməyi təklif etdi. Bu görüşə hazırlıq davam edir”, deyə Əfəndiyev bildirib.

O hesab edir ki, qədim İpək Yolunun bərpası, İrana qarşı sanksiyaların ləğv olunması nəqliyyat əməkdaşlığının inkişafına təkan verə bilər.

Buna da bax: GUAM koordinatorları Bakıya toplaşıb

Müzakirələrdə diplomatlar, Azərbaycan parlamentinin deputatları, ekspertlər iştirak ediblər.

GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. 1997-ci ildə yaradılıb. 1995-2005-ci ildə Özbəkistan da təşkilata üzv olub. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG