Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:30

►Saç ustaları deyirlər ki, qiymət qalxmasa da, sifariş azalıb

Başqa vaxt saçqurudanın səsindən qulaq tutulan qadın salonunda sakitçilikdir, ustalar müştəri stolunda oturublar. Bəziləri gözlərini qapıya dikib, bəziləri də baş-başa verib söhbətləşirlər.

Bakının 28 may metrostansiyasının yaxınlığında yerləşən bu gözəllik salonu, əsasən, orta təbəqə xanımlarına xidmət göstərir. Bunu saç ustası Zəkəriyyə deyir. Onun sözlərinə görə, burda saç kəsimi 20-30 manatdır:

“Əvvəl 30 manata kəsirdik, indi 20 manata da kəsirik ki, başqa salona getməsin”.

Salonda indi müştəri olub-olmadığını soruşuruq, ətrafına göz gəzdirir, “hamısı öz işçilərimizdir, bircə o qız müştəridir, o da bayaqdan danışır, bilinmir ki, kəsdirəcək, yoxsa yox”, deyir.

Zəkəriyyə xanımın sözlərinə görə, müştərilərinin çoxu işləyən xanımlardır, onlar da saç, qaş, manikür üçün ustaya gəlirlər:

“Amma iri işlər yoxdur. Pul da əsas o iri işlərdədir, makiyaj, saç düzümündədir. Toylar azalıb deyə, belə sifarişi verənlər olmur. Eləcə, saçı kəsib formaya salırıq, ya da, sadəcə, düz forma istəyirlər”.

“İşlətdiyimiz məhsulların qiyməti qalxıb”

“Nizami” metrostansiyasının yaxınlığında yerləşən gözəllik salonunda da sakitçilikdir. İşçilər baş-başa veriblər.

Bu salon öz rahatlığı, genişliyi ilə bayaqkından seçilmir. Ancaq burda sac kəsimi 5 manatdır.

“Qiyməti qaldırmamışıq, əvvəldən bizdə 5 manat idi, elə indi də məcburuq ki, bu məbləği saxlayaq. Amma müştəri yoxdur. Elə müştərimiz var idi ki, hər həftə gəlirdi, indi ayda bir dəfə gəlir”, - saç ustası Aidə deyir.

Salonun daimi müştəriləri müəllimlər, həkimlər, dövlət və özəl qurumlarda çox da yüksək əməkhaqqı almayan xanımlardır:

“Müəllimin, həkimin də maaşı nədir ki? Camaat deyir ki, 5 manat saçıma verincə yeməyimə verim”, - Aidə xanım əlavə edir.

Onun sözlərinə görə, xidmət haqqını qaldırmasalar da, işlətdikləri məhsulların qiyməti azı iki dəfə qalxıb. Çünki saç üçün rənglər, dırnaq boyası, bütün məhsullar xaricdən gəlir.

Saç ustalarından biri söhbətimizə müdaxilə edir:

“Bu gün səhər saat 5-ə qalmış bir saç kəsimindən ötrü gəlmişəm, 5 manatdan ötrü”.

Salon ustaları deyir ki, manatın ucuzlaşması, hər şeyin bahalaşmasından sonra müştərilərin ayağı kəsilib:

“Bizə, adətən, əvvəlcədən vaxt yazdırıb gəlirdilər ki, növbə gözləməsinlər. Amma indi hiss olunur ki, adamlarda pul yoxdur, işsizlikdir, gərək iş-gücün, pulun olsun ki, görünüşünün qayğısına qalasan”.

Salonda xadiməni ixtisara salıblar

Aidə xanım deyir ki, iş azaldığından xadimə-köməkçini çıxarmalı olublar:

“100 manat alırdı, amma müştərilər də onun göstərdiyi xidmətin müqabilində 1-2 manat verirdi. Məcbur qaldıq çıxarmağa, çünki ona maaş verəcək qədər gəlir yoxdu artıq. İcarə pulunu belə verə bilmirik”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Müsahibimiz əlavə edir ki, son vaxtlar toylar da azalıb, əvvəl həftənin son üç günü gəlirli sifariş ala bilirdilər, ancaq indi belə sifarişlər, xüsusilə, makiyaj və saç düzümü kimi qiyməti nisbətən yüksək olan sifarişlər azalıb:

“Bizim salonda bir qadının manikür-pedükür-saç kəsimi və qaşının formaya salınması təxminən 25 manat edir. Di gəl, artıq bu məbləğ bir çoxları üçün böyük sayılır. Hələ nisyə dəftərimiz də var. Əvvəldən də var idi, ancaq dərhal ödəyirdilər. İndi isə həftələrlə, aylarla borcu yığılan var. Məcbursan nisyə işləməyə, işləməyib nə edəcəksən? Qapının ağzı müştəriylə dolub-daşmır ki, seçim edəsən”.

“Saçıma boyanı evdə qızım qoyur”

Bakı məktəblərinin birində dərs deyən İlhamə Məmmədovanın sözlərinə görə, həftədə bir dəfə salona gedib səliqə-sahmanına diqqət yetirirdi. Maaşı azalmayıb, sadəcə, ərzaq məhsullarının qalxan qiyməti onu salon xərclərini azaltmağa məcbur edib: “İki-üç həftədən bir qaş üçün gedirəm, saçıma boyanı evdə qızım qoyur. “Ütü fen” də almışam, daha özüm düzəldirəm. İki aydan bir də saçım uzananda formaya saldırıram”.

Özəl müəssisələrin birində mühasib işləyən Nigar Mehdiyeva yoluxucu xəstəliklərdən qorxduğundan şəxsi manikür-pedikür ləvazimatını özü ilə salona aparırmış:

“İndi özüm edirəm. Qadınam, camaat arasına çıxıram, gərək görünüşümdə əskiklik olmasın. Makiyajımı gündəlik özüm edirəm, heç vaxt bunun üçün salona getməmişəm. Amma ən yaxın adamımın toyunda, təbii ki, peşəkar ustanın makiyajını seçirdim”.

Ancaq salon xərclərini azaltmayanlar da var. Məsələn, evdar qadın Tünzalə Əliyeva deyir ki, manatın ucuzlaşması ailə büdcəsini silkələsə də, o, hələ də görünüşünün qayğısına qalır, iki həftədən bir salona gedir: "Qadın gərək özünə baxsın ki, əri də ona baxsın”, Tünzalə xanım zarafata salıb gülür.

Buna da bax: Bakıda bağlanan dükanlar, restoranlar, maşın salonları

Günün bütün mövzuları

XS
SM
MD
LG