Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 17:28

«Sizə şikayətimdən sonra traktoru gətirib çörəkbişirmə sexinin qalan hissəsini də sökdürdü».

Göyçaylı sahibkar Rüstəm İsmayılov AzadlıqRadiosunun «Qaynar xətt»inə təkrar müraciət edib. Avqustun 13-də o, «Qaynar xətt»ə 17 ildir ki, çörəkbişirmə sexinə yaxın düşə bilməməsindən və sexin «Göyçay Avtonəqliyyat» ASC-nin sədri Arif Əliyev tərəfindən sökülməsindən danışmışdı.

«Şikayətim sizin saytda dərc olunandan iki gün sonra – avqustun 15-də sexin salamat qalan yeganə hissəsini – dükanını da sökdürdü. Nə edəcəyimi bilmirəm. Bu ölkənin bir sahibi var, ya yox? Yəni bu boyda dövlət bir Arif Əliyevlə bacara bilmir?», - deyən Rüstəm İsmayılov sonuncu söküntüdən xəbər tutan kimi DİN 102 xidmətinə məlumat verib. Ona Göyçay rayon Polis Şöbəsindən zəng vurulub və bildirilib ki, polisə müraciət etməyin mənası yoxdur, məsələni məhkəmə yolu ilə həll etsin.

ƏRAZİ BOŞ YER KİMİ GÖSTƏRİLİR

Məsələ belədir ki, İsmayılovlar 1994-cü ildə icra hakimiyyətinin imzaladığı müddətsiz müqavilə əsasında «27-23 saylı Avtomobil Dəstəsi»nin ərazisində əldə etdikləri sahədə çörəkbişirmə sexi tikiblər. 1999-cu ildə Arif Əliyev «Göyçay Avtonəqliyyat» ASC-yə sədr təyin olunandan sonra sexin fəaliyyətinə mane olmağa başlayıb. Tərəflər müxtəlif vaxtlarda məhkəmələrə müraciət ediblər. A.Əliyev məhkəmə qarşısında İsmayılovların obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına, obyektə giriş-çıxışlarına qadağa qoyulması iddiasını qaldırsa da, təmin olunmayıb. Buna baxmayaraq, İsmayılovlar sexə yaxın düşə bilməyiblər. 2014-cü ildə A.Əliyev sexin ərazisini özəlləşdirib. Bu il iki dəfə, ayrı-ayrı vaxtlarda sexi hissə-hissə sökdürüb. Sexin ərazisindəki dükan isə avqustun 15-də - R.İsmayılovun deməsinə görə, AzadlıqRadiosunda dərc olunmuş şikayətindən sonra sökülüb.

R.İsmayılovun iddiasına görə, A.Əliyevin arxasında dayanan nazirlərdən biri ona dəstək verir. Nəticədə 2 il əvvəl A.Əliyev ərazini özəlləşdirərkən, sexin mövcudluğu reyestr xidməti sxemində gizlədilib, ərazi boş yer kimi göstərilib.

Buna da bax - 'Çörəkbişirmə seximizi əlimizdən alıb'

«MƏHKƏMƏ GEDİRSƏ, OBYEKT NECƏ SÖKÜLÜR?»

Rüstəm İsmayılov Almaniya vətəndaşıdır, Berlində yaşayır. Ərazinin özəlləşdirilməsindən xəbər tutan kimi Göyçaya qayıdıb. Hazırda Şəki İnzibati-İqtisadi Məhkəməsində onun özəlləşdirilmənin ləğv olunmasına dair ərizəsinə baxılır: «Ombudsman, Prezident Administrasiyası, Göyçayın icra hakimiyyəti – hamısı deyir, «məhkəmə gedir, biz qarışa bilmərik». Deməli, mənə çatanda məhkəmə getdiyinə görə işə qarışa bilmirlər. Mən də onlara sual edirəm: Arif Əliyev məhkəmə davam edə-edə sahəsi 371 kvadratmetr olan obyekti söküb yerə qoya bilər? Bunun qarşısını kim almalıdır?».

Avqustun 15-də İsmayılovlara məxsus obyektdəki növbəti söküntü ilə bağlı Arif Əliyevdən münasibət öyrənmək mümkün olmadı. Amma bundan öncə o, mübahisəli ərazidən danışıb, vaxtilə Rüstəm İsmayılovla «Avto dəstə» arasında bağlanmış müqaviləni qanunsuz adlandırıb: «Onun iddialarının qanunsuz olması barədə Dövlət Əmlak Komitəsi tərəfindən bizə 2008-ci ildə yazılı məlumat verilib».

POLİS DƏ «MƏHKƏMƏ» DEYİR

Göyçay rayon polisindən «Qaynar xətt»ə bildirilib ki, R.İsmayılovun 102 xidmətinə şikayəti təhqiqat bölməsinə təqdim olunub. O, izahatı alınmaqdan ötrü şöbəyə dəvət olunsa da, hələlik gəlməyib. Bundan əvvəlki müraciətləri zamanı isə ona məhkəməyə müraciət etməsi tövsiyə olunub.

Göyçay rayon İcra Hakimiyyətindən sahibkarlar arasındakı mübahisənin məhkəməlik olduğunu bildirərək, sualları cavablandırmayıblar.

Hüquqşünas Vaqif Alıyev polisin sahibkara tövsiyəsini düzgün saymır: «Cinayət Məcəlləsinin 186-cı maddəsinə görə, özgənin əmlakını qəsdən məhv etmə, yaxud zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, cinayət məsuliyyətinə səbəb olur. Bu maddə polisə imkan verir ki, məsələyə müdaxilə etsin və cinayət işi qaldırsın».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG