Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

«Azərbaycana idxal edilən toyuq və yumurtaya yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi daxili istehsalın artmasına hesablanıb».

APA-nın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Komitə sədrinin bildirməsinə görə, bu gün hər bir istehlakçı kənd təsərrüfatı sahəsində Azərbaycanda istehsal olunan daha təzə məhsullara üstünlük verir: «Artıq Azərbaycanın dempinq qiymətləri ilə gətirilən məhsullar ölkədə istehsal olunan məhsullarla rəqabətdə olacaq. Həmçinin, Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda istehsal olunan məhsulların inkişafına da böyük önəm verəcəyik».

A.Əliyev bildirib ki, idxal olunan bəzi mallar üzrə gömrük rüsumunun artırılması Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirəcək: «Bu gün ölkədə qeyri-neft istehsalına xüsusi yer verilir. Gömrük rüsumlarının artırılması ilə yerli istehsalın və ölkədə fəaliyyət göstərən istehsal müəssisələrinin daha da genişlənməsi və daha geniş çeşiddə məhsulların istehsal olunmasını görəcəyik».

A.Əliyevin deməsinə görə, bu qərarın təşəbbüskarlarından biri Gömrük Komitəsidir. O, belə hesab edir ki, dəri ilə də bağlı yüksək gömrük rüsumları müəyyən olunmalıdır: «Son illər Azərbaycanda müasir dəri istehsalı müəssisələri yaradılıb. Ümid edirik ki, bu qərar da yaxın günlərdə qəbul olunacaq».

Nazirlər Kabineti bu günlər ölkəyə gətirilən ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş), toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri və spirtli içkilərə yeni, yüksək gömrük idxal rüsumları qoyub.

Sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtasına da 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litrinə 0.7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir.

Bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG