Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:35

«Sudan qəribə iy gəlir. Rəngi də yaşıllaşıb. İcra hakimiyyətinin işçiləri qapı-qapı düşüb xəbərdarlıq edirlər ki, istifadə etməyək. Hətta deyirlər, suvarmaya da yaramır».

İsmayıllının Gəraybəyli kənd sakini ­­­Əflatun Əzizov «Qaynar xətt»ə 10 gündür susuz qalmalarından danışır. Bu rayonun, əsasən, suvarmada istifadə olunan suyu Girdiman çayından götürülür. Girdimansa son 10 gündə insanlardan «üz döndərib», rəngi dönüb, iylənib. Çayın bu vəziyyəti hamını təəccübləndirib.

SUYUN YAŞILLIĞI ARTIR

Əflatun Əzizov danışır: «Bir var tədricən dəyişəydi, bir də var qəflətən baş verdi. Əkin sahəmizə gələn suyun rəngi dəyişmişdi. Sonra gördüm qonşularda da eyni problem var. Suvarmanı dayandırdıq. Bu dəqiqə əkin sahələrimiz susuzluqdan od tutub yanır. İçməli suyu maşın gətirir, alırıq, ancaq sahəni suvarmağa çarə tapa bilmirik».

Sakinlərin deməsinə görə, çaya haradansa naməlum maddələr axıdılır. Suyun yaşıllığı getdikcə artır. Kənd sakini Ramin Dadaşov: «Bu çayın mənbəyi Babadağdır. Yolüstü bulaqlardan da su götürə-götürə axıb gəlib rayondan keçir. Dumduru suyu olurdu. Həm içməyə, həm də suvarmaya istifadə edirdik. Əvvəl köpükləndi, sonra da yaşıllaşdı».

NÜMUNƏLƏR YOXLANIR

Rayonun icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, təkcə Gəraybəyli yox, Eyyubbəyli, Nəmirli, Padar, Kəlağaylı və daha bir neçə kənd də suyu bu çaydan götürür və hazırda həmin kəndlərdə su problemi yaşanmaqdadır. Çay suyunun tərkibindən nümunələr laboratoriyalara təqdim olunub və hazırda yoxlanılır. «Çayın başına gələnlər» isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə icra hakimiyyəti tərəfindən araşdırılır. İlkin ehtimala görə, çayı rayon ərazisindən kənardakı istirahət mərkəzləri çirkləndirib.

Sakinlərin deməsinə görə, məcburiyyət qarşısında çayın suyundan istifadə edən ailələrdə, əsasən azyaşlılarda qızdırma və qusma başlayıb. Bir neçə uşaq xəstəxanaya yerləşdirilib.

Eyni vəziyyətin Ağsu rayonundakı kəndlərdə də müşahidə olunduğu deyilir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG