Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

►Gəray Gəraybəyli: “Bu, mənə həqiqətən lazımdırmı ki, harama əl atım, kiminsə haqqını tapdalayım, yaxud rüşvət alım?”

“Sağlamsan, gəzə bilirsən, görə bilirsən, xoşbəxtlik də elə budur”

2016-cı ilin əvvəlinə kimi Azərbaycanın müalicə-profilaktika müəssisələrində 96 min 79 nəfər psixi pozuntulu xəstə qeydiyyata düşüb.

Ötən il ilk dəfə psixi və davranış pozuntuları diaqnozu ilə 5 min 107 xəstə qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki illə müqayisədə ilk dəfə psixi pozuntu diaqnozu qoyulan xəstələrin sayında azı 2 dəfə artım qeydə alınıb.

Bu rəqəmlərin arxasında nə dayanır? Niyə Azərbaycanda son vaxtlar intiharların sayı artır? Yaxud əlindəkilərlə sevinə bilmək ən böyük xoşbəxtlikdirmi?

Azərbaycanın baş psixiatrı, Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli AzadlıqRadiosunun suallarını cavablandırıb. Baş psixiatr öncə ölkədəki 100 minə yaxın psixi pozuntulu xəstənin qeydə alınmasından danışır:

– Bu, əslində böyük rəqəm deyil. Hələ sovet vaxtında nevroloji dispanserlərdə ildə ən azı 5-6 min nəfər ilk dəfə diaqnoz qoyulan insanları qeydiyyata salırdılar. Səhiyyənin təşkili nöqteyi-nəzərindən, ilkin xəstəliyin aşkar olunması, əksinə, müsbət bir göstəricidir. Çünki psixiatriya üçün də ən əsas problem xroniki, artıq fəsadlaşmış xəstəliklərdir. İkincisi, burda diaqnoz məsələsi var. Psixi xəstəlik anlayışı təbabətdən və psixiatriyadan uzaq olan adamı bəzən çox qorxudur. Hansısa psixoz, şizofreniya haqda düşünülür. Əslində belə deyil. Hazırda yuxu pozuntusu da, qidalanma pozuntusu da psixi pozuntulara aiddir. Əvvəllər buna “sərhədyanı xəstəliklər” deyirdilər. Hələ o vaxtı beynəlxalq konqreslərin birində Ümumdünya Psixiatriya Assosiasiyasının həmin dövrdəki prezidenti Norman Sartorius demişdi ki, “üzümüzə gələn 21-ci əsr özünü ilk növbədə depressiyaların və intiharların sayının artması ilə göstərəcək”. Artıq iki il keçməmiş onun sözləri özünü bütün dünyada təsdiqlədi. Dünyadakı proseslər Azərbaycandan da yan keçmir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünya əhalisinin 10 faizində depressiya var. Bu, çox böyük rəqəmdir.

– İndi az qala, hər üç nəfərdən biri depressiyada olduğunu deyir. Depressiyanın səbəbləri hansılardır?

– Özəlliklə, sovet psixiatriyasında elə fikirləşirdilər ki, depressiyanı yaradan sosial, maddi problemlərdir. Əslində belə deyil. Belə olsaydı, ən qabaqcıl Avropa ölkələri depressiyaya görə ilk yerləri tutmazdılar. Hazırda depressiyanın biokimyəvi modeli var. Bu model beyində gedən prosesləri izah edir. Depressiyanın yaranmasına beyin hüceyrələrində serotonin adlı maddənin azalması təsir edir. Buna da həm stess faktoru, həm həyat tərzinin düzgün olmaması, həm də kiberinformasiya təsir göstərir.

– Son vaxtlar intiharların artması haqda nə deyə bilərsiniz? Elə gün olmur ki, intihar xəbərləri oxumayaq. Ekspertlər son devalvasiyanın, kredit borclarının da intiharların sayının artmasına təsir göstərdiyini deyir.

– 9 ildir baş psixiatram. Fəaliyyətimə ilk başlayan illərdə də intiharlar haqqında məlumatların çox yayılması bu məsələlərə diqqət cəlb edib. O zaman da bu məsələ çox qızğın müzakirə olunurdu. Ancaq o vaxt nə devalvasiya vardı, nə də kredit borcları. Yəni insanın psixikası sosial həyata, gündəlik həyata bağlı məsələlərdir. İnsanın ailəsində problem olarsa, bu, onu əhval-ruhiyyəsinə, yuxusuna, psixi durumuna təsir edir. Əlbəttə, cəmiyyətdə gedən proseslər də təsirsiz qalmır. Elə İstanbul hava limanında törədilmiş son terror aktını götürək. Bu hadisədən xəbəri olanların psixoloji durumunu araşdırsaq, görərik ki, onların psixi durumu bir həftə əvvəlkindən fərqlidir. Məsələn, 2-3 nəfər mənə deyir ki, “neçə gündür gecə yata bilmirik, qorxulu yuxular görürük”. Digər bir qisim insanlar deyə bilərlər ki, “son zamanlar, nəsə, işə əlim yatmır”, ya da “qonaq çağırıblar, getmək istəmirəm”. Bunlar tam depressiya yox, subdepressiv əlamətlərdir. Adi depressiv pozuntular həm somatik, həm insanın fiziki, həm sosial durumundan, yaşadığı mühitdən, eşitdiyi xəbərdən çox asıldır. Mən taksidə gedirdim. Radioda musiqi çalınırdı. Saatın sonunda xəbərlər başladı. Xəbərlərdə deyilirdi ki, hardasa partlayış nəticəsində 3 nəfər vəfat edib, ikisi yaralanıb, ya da Pakistanda terror olub. Üç dəqiqə ərzində oxunan 5-6 xəbərdən biri adi xəbər idi. Qalanları partlayış, insan ölümləri, qəza ilə bağlıydı. Özümdən asılı olmayaraq sürücüyə dedim ki, “sonra da deyirlər, insanlarda depressiya nədən yaranır”. Bütün bunların depressiyaların və təşviş nevrotik pozuntuların yaranmasında öz payı var. Ona görə də indi bütün dünyada depressiyaların yaranması multifaktorlu bir pozuntu kimi qəbul olunur.

– İstanbuldakı son terror aktından danışdınız. Adamları həm də bu cür terror hadisələri törədənlərin, başqaları ilə birlikdə özlərinin həyatına son qoyan intiharçıların bu duruma necə düşməsi də maraqlandırır.

– Bu təbii ki, normayla patologiya arasında olan bir vəziyyətdir. Buna “fanatizm” də demək olar, uzun müddət təlqin altına düşmüş insanların düşüncəsinin daralması şəklində yaranmış bir davranış kimi də baxmaq olar. Bunu tam söyləyə bilmərəm, çünki bunu törədənin hansı vəziyyətdə olması ilə bağlı heç bir elmi əsasım yoxdur. Ancaq o aydındır ki, uzunmüddətli təlqin, düşüncəyə üzun müddət göstərilən böyük psixoloji təzyiq nəticəsində insanın şüuru təhrif olunmuş şəkildə dəyişir və belə bir vəziyyətə gətirib çıxarır.

– Bəs, ölkə miqyasında baş vermiş hansı hadisənin topluma təsirini qeyd edə bilərsiniz?

– İnsan həmişə öz fərdçiliyinə görə fərqlənir. Təbii ki, onun xalqı, milləti, ölkəsi üçün müsbət, fərəhləndirici hallar həmişə cəmiyyətin ruh yüksəkliyinı səbəb olur. Eləcə də əksinə. Aprel hadisələri (bu il aprelin əvvəlində Dağlıq Qarabağda cəbhə xəttində 4 günlük toqquşmaları nəzərdə tutur – AR) psixoloji cəhətdən qiymətli bir hadisə idi. Azərbaycan sülhsevər ölkə olduğunu bilirik. Qarabağ münaqişəsini də məhz sülh yoluyla həll eləmək istəyir. Hamı bildi ki, Azərbaycan 10 il bundan qabaqkı ölkə deyil. Nəinki siyasətdən başı çıxan, elə xəbərlər verilişinə baxan adamlar bilir ki, Azərbaycan ordusunun irəliləməsi, atəşkəs müxtəlif beynəlxalq təşkilatların istəyi ilə dayanıb. Aprel hadisəsi dondurulmuş danışıqlar prosesinə yeni təkan verdi. Mən buna tam əminəm ki, indi Azərbaycan danışıqlar prosesində tamam başqa bir mövqedə çıxış edir, nəinki aprel hadisələrindən qabaq.

– Onda məsələn, manatın ucuzlaşmasından sonra insanlardakı ümumi durum mənfi idi?

– Təbii ki, belə hadisələr insanları sarsıdır. Çünki insanlara ən yaxın olan şey “sabah mən necə yaşayacağam, hansı maaşı alacağam” düşüncələridir. Ona görə də ilkin reaksiyası təşviş, həyəcandan ibarət olur. Ancaq sonra görür ki, durum heç də ilkin reaksiyadakı kimi faciəli deyil. Sonradan insanlar rahatlaşır.

– Az əvvəl intiharlar haqda danışanda söhbət, istər-istəməz, yönünü dəyişdi. Qayıdaq həmin mövzuya. Bəzən bir gündə 4 intihar hadisəsinin baş verməsi qeydə alınır. Bu günlərdə 12 yaşlı məktəblinin intihar etməsi, ya da 4 uşaq anasının intiharı adamlarda sualı yaradır. Hansı səbəb ananı 4 uşağını kənara qoyub intihar etməyə sövq edir, ya da məktəbli niyə intihara əl atır?

– Tədqiqatlar onu göstərir ki, bütün intiharlar müxtəlif səbəblərdən irəli gəlir. Məsələn, monoloji intiharlar. İnsanın uzun müddət ərzində problemi olur, düyün kimi o problemi aça bilmir. Son addım kimi çıxış yolunu intiharda görür. Dioloji intiharlar da var. Buna “nümayişkar, şantaj tipli” intiharlar deyilir. Burda əslində insan həyatdan köçmək yox, kiməsə təsir eləmək və bu təsirlə öz problemini həll eləmək istəyir. Həmçinin kəskin emosional reaksiya yönündə intiharlar var. Bu, çox vaxt uşaqlarda və həddindən artıq emosional insanlarda olur. Çox vaxt da qadınlarda olur. Məsələn, hansısa ailə münaqişəsində son emosional nöqtəyə çatır. Bəlkə də belə vəziyyətdə insanın şüuru, düşüncəsi daralır. İntiar edən nə uşağı, nə də ananı fikilərşir. Elə o an nəsə edir. Həmin an o adamı intihardan çəkindirən olsa, həmin adam yarım saatdan, bir saatdan, bir gündən sonra soyuyaraq deyir ki, “ay Allah, nə yaxşı o an bunu eləmədim”. Uşaqlar, ya da o 4 uşaq anası intihar edərkən, çox güman ki, məhz emosional pik nöqtəsində olaraq bu addımı atıb.

____________________________________________________________

Bunlara da bax:
'Ayaqsız' dilənçi ifşa olundu- [Video]
Zaqatalada uşaq ölümü – günah öləndədir?

____________________________________________________________

– Gəray müəllim, siz apreldə Tibb Universitetinə rektor təyin olunanda sosial şəbəkələrdə ilk növbədə tələbələriniz, elə başqa insanlar sizdən böyük gözləntiləri haqda yazırdı. Xüsusilə, universitetdə, özlərinin dediyi kimi, rüşvətlə mübarizəylə bağlı. Onların bu gözləntiləri doğrulurmu?

– Məgər buna iki, ya da üç ayda nail olmaq olar? Tələbələrimin məndən razı olmasını düşünməkdən məmnunam. Çünki 24 ildir bu universitetdə işləyirəm. Fəaliyyətimin də böyük hissəsi tələbələrlə bağlıdır. Tələbələri çox sevirəm. Onlarla işləməyi, onlara mühazirə oxumağı çox xoşlayıram. Elə ona görə də bu vəzifə mənə təklifi olunanda, razılıq verdim. Ancaq hələ fəaliyyətimdən tam razı qaldığımı deyə bilmərəm. Çünki hələ heç bir şey eləyə bilməmişəm. İstər tədris proqramlarının, istər imtahan qiymətləndirmə prosesinin təkmilləşdirilməsi məsələləri ilə bağlı təhlillər aparır, digər ölkələrin tədris müəssisələri ilə danışıqlar aparırıq.Bunlar qlobal və strateji addımlardır. Nəticələr də bu gün yox, neçə ildən sonra özünü göstərməlidir. Ona görə hələ razılığa əsas yoxdur.

– Sizdən ən böyük gözləntilərdən biri universitetdə rüşvəti yığışdıracağınızla bağlı idi.

– Hə, bu rüşvət üzdə olan məsələ deyil. Bu iki ayda mən hansısa konkret rüşvət faktının üstünə çıxmamışam. Ya da heç bir tələbə mənə konkret fakt deməyib. Ancaq fikirləşirəm, ola bilsin, bu nə vaxtsa, hələ də baş versin. Tələbələrdən xahiş etmişəm ki, hansısa bir neqativ, onların oxumaqlarına təsir edən mənfi faktor haqqında mənə məlumat versinlər. Hesab edirəm ki, tələbələrlə daha sıx əməkdaşlıq, ilk növbədə, bu məsələlərin aşkarlanmasına, sonra da aradan qaldırılmasına səbəb olacaq. Dediyim məsələlərin də hamısı buistiqamətə yönəlib. Çünki əgər tədris proqramları, tədrisə nəzarət mexanizmi, imtahanların götürülməsi prosesi daha da təkmilləşsə, onda rüşvətə də yer qalmaz.

– Son günlər həkim səhvləri üzündən xəstələrin həyatını itirməsi, ya da ayağının səhvən kəsilməsi əhali arasında geniş müzakirə olunur. Bütün bunlar bir həkim kimi sizi narahat edirmi?

– Təbii ki, həkimlik ona görə çətin peşədir ki, bu peşədə yol verilən səhvlər həm konkret şəxsin, həm onun ailəsinin, həm də cəmiyyətin diqqət mərkəzindədir. İstər inşaatçı, istərsə də hüquqşünas səhv edə bilir, amma onun səhvi həkiminki qədər gözə çarpmır. Ancaq elə bir ölkə yoxdur ki, orda həkim səhvi olmasın. Həkimlik peşəsinin təkmilləşməsi təhsilin təkmilləşməsinə bağlıdır. Ona görə də təkcə baza təhsili almış həkim, təkmilləşmə keçmirsə, həyatının axırına qədər işləyə bilməz. Bunların hamısının son hədəfi həkim səhvlərinin azalmasıdır. Bu, strateji məsələdir. Xəstənin ayağnın səhvən kəsilməsinə mən də təəccübləndim. Anlaya bilmədim ki, bu, necə ola bilər. Ancaq cərrahlar bu haqda daha ətraflı danışa bilərlər. Heç vaxt cərrah olmadığıma görə əməliyyat eləməmişəm. Bəlkə orda hansısa texniki məsələlər var, bunu bilmirəm. Ancaq bu cür xəbərlər məni sarsıdır.

– İndi insanlarda bir narahatlıq var. Sanki hamı darıxır. Bunları siz də müşahidə edirsinizmi?

– Həyatı, Allahın bizə verdiyi təbiti, suyu, havanı qiymətləndirmək bacarığı lazımdır. Bunları qiymətləndirməyi bacaran insan həmişə aza qane ola bilər. Maddi, sosial problemləri varsa, həmişə özünə sağlamlığının yerində olması, sevdiklərinin yanında olmasıyla təsəlli verə bilər. Çox vaxt insanların buna fikir verməməsi, “çox qazanım, daha çox qazanım, başqa şeylər də əldə edim” fikri səhv yola yönləndirir. Əslində, xoşbəxtlik üçün insana çox az şey lazımdır. İstərdim ki, insanlar bu barədə bir az çox düşünsünlər. Nəyisə əldə etməyə can atanda fikirləşsin ki, “bu, mənə həqiqətən lazımdırmı? Mənə həqiqətən lazımdırmı ki, harama əl atım, kiminsə haqqını tapdalayım, yaxud rüşvət alım?” Dərindən fikiləşəndə görəcək ki, bu ona lazm deyil. İnsan səhər gözünü açanda günəşin şüasını, küləyin tərpətdiyi yarpağı görür. Hiss edir ki, ayağa dura bilir, gəzə bilir, görmək qabiliyyəti var. O biri otağa gedir, öz balalarını, ya da valideynlərini görür. Onlarla ünsiyyətdə olarkən o emosiyadan xoşbəxtlik hissi keçirir. İnsanın xoşbəxtliyi bunlardır, hansısa maddi məsələlər yox.

Buna da bax: Şimali Koreya prezidentinə yeni vəzifə verildi

Günün bütün mövzuları

XS
SM
MD
LG