Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:53

Vəkil: «Gənclərə ailələri ilə görüş verilmir»


«İstintaq təcridxanasında saxlanılan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimova valideynləri ilə görüş verilmir».

Bunu AzadlıqRadiosuna hər iki gəncin vəkili Elçin Sadıqov bildirib.

Vəkil gənclərə valideynləri ilə görüş verilməməsini ciddi qanun pozuntusu kimi dəyərləndirib: «Bu haqda biz Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişik. Hər iki şəxs may ayının ortalarında həbs edilib. O zamandan bu yana Q.İbrahimova valideynləri ilə cəmi bir dəfə görüş veriblər, B.Məmmədova isə ümumiyyətlə, valideynləri ilə görüş verilməyib».

E.Sadıqovun bildirməsinə görə, Q.İbrahimovun təcridxanada onunla konfidensial qaydada məsləhətləşə bilməsindən ötrü hazırladığı qeydləri əlindən alınıb. Vəkil bunu da ciddi qanun pozuntusu sırasına aid edib.

E.Sadıqov deyib ki, saxlanılan zaman həm B.Məmmədov, həm də Q.İbrahimov şiddətli işgəncələrə məruz qalıblar. Bununla bağlı məhkəmədə gənclər özləri danışıblar. O zaman məhkəmə bu faktların araşdırılması ilə bağlı qərar versə də, vəkilin bildirməsinə görə, qərar yerinə yetirilməyib. «Bununla bağlı yenidən Xətai rayon Məhkəməsinə müraciət etdim. Hakim B.Məmmədov və Q.İbrahimovun saxlanan zaman bu haqda dediklərini və buna uyğun qərar çıxarıldığını əsas gətirərək müraciətimizə baxmadı. Bundan şikayət vermişik və məsələ apellyasiya şikayəti mərhələsindədir», - deyə E.Sadıqov bildirib.

B.Məmmədov və Q.İbrahimov mayın 10-da saxlanılıb. Mayın 12-də Xətai rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG